
Bildiyimiz
kimi final mərhələsinin ikinci dövrəsi XXVIII turla start götürdü. Final mərhələsinin
ilk dövrəsində qələbə qazana bilməyərək xeyli xal itkisinə yol verən komandamız
ikinci dövrəyə sanki "AZAL”la oyunda tilsimə düşmüşdü və bu tilsimi XXVIII
turda elə "AZAL” üzərində qələbə qazanmaqla qırmaq istəyirdi. Düzü ilk final
dövrəsində qələbə qazana bilməməyimizin səbəbi tək komandamızla və ya bəxt
amili ilə əlaqədar deyildi bizcə. Bu uğursuzluqda hakimlərin də "payı” az
olmamışdı. Hətta Emeka Oparanın qaygalar çərçivəsində vurduğu qol sayılmayınca
komandamızın, oyunu heç-heçə ilə "bitirmiş” olması və daha iki xal "itirməsinə
səbəb” olmuşdu. Hamı müəyyən reallıqları çoxdan bilir deyə bunun üzərində çox
dayanmırıq. Çünki həm biz və həm də mətbuat bu barədə çoxlu sayda çıxış edib.
XXVIII
turda bu "uğursuz” seriyaya son qoymaq
üçün meydana çıxan doğma komandamız bütünlüklə bunun öhdəsindən gəlmiş oldu. Öz
gücünə, öz komanda oyunu hesabına, öz məşqçilərinin düzgün taktiki sxeminə, rəqibi
düzgün analiz edib, onu düzgün qiymətləndirməsi hesabına, öz azarkeşlərinin
lazımi dəstəyi hesabına və sair. Bir də həmişə hakimlikdən şikayətlənməyimizi bəziləri
tez-tez deyir ki, onlar da hakim səhv və ya qərəzlərini görmək istəməyənlərdir.
Halbuki, bunu nəinki biz demək olar bütün mətbuat düzgün qiymətləndirməyi
bacarır. Digəl ki, nəticə çıxarmalı olan qurumlar və şəxslər bütün bu tənqidlərdən
utanmırlar. Bunu bu tur qələbə qazandığımız üçün söyləmirik. Oyunu şərh edən
"Futbol+” qəzetinin həm hakimlik və həm də müəyyən məqamları çox diqqətli və
düzgün işıqlandırdığına və fikirlərimizlə üst-üstə düşdüyünə görə adı çəkilən qəzetin
dili ilə deyirik. Beləliklə, adı çəkilən qəzetin XXVIII turdan sonrakı çıxan
sayında bəzi məqamları diqqətinizə çatdırırıq.
Əvvəlcə,
"Hakimlərin mühakiməsi" bölməsində aşağıdakı fikirlər yer alır:-”Güclü yağış
altında və sürüşkən qazonda Vüsal Əliyevin ifasında əsl Avropa hakimliyi izlədik.
Referi matç boyu çox sərt mübarizələrə belə fit çalmayıb, oyuna əlavə rəng
qatdı. Məhz onun sayəsində matçın sürəti heç azalmadı ki, bu fonda bəzi kiçik
qüsurlar kölgədə qaldı. Təcrübəli laysmanlar işlərinin öhdəsindən layiqincə gəlsə
də, konkret iki epizodda - Kiyaku və Parks əlverişli vəziyyətdə olarkən – onlar
hərəyə bir dəfə şübhəli ofsayd bayrağı qaldırdı ki, bunu da yalnız videotəkrarla
dəqiq söyləmək olar.” Bununla da hesab edirik ki, hakimlərin işi düzgün qiymətləndirilmişdir.
Bir məsələ də var ki, Vüsal Əliyev seçilən hakimlərimizdəndir. Bu oyunda "Xəzər
Lənkəran”ın qələbəsi heç kimə mane olmadığından oyunun hakimliyi normal olaraq
həyata keçirildi. Kim bilir əgər qələbəmiz kimə isə mane olsa idi onda oyunda bəlkə
də başqa hakim və başqa hakimlik olardı.
Daha
sonra "Reaksiyalar” bölməsi ilə sizi tanış edirik və burada da çox maraqlı
fikirlərin qəzet tərəfindən qaçırılmamasını alqışlayırıq.
Nazim Süleymanov: "Hesab özü elə hər şeyi deyir. "Xəzər
Lənkəran”ı gözəl oyuna görə təbrik edirəm. Lənkəranda futbol oynamamaq günahdı.
Gözəl qazon, gözəl azarkeş. Bu futboldu və səhvlər həlledici olur. Biz bu gün səhv
etmədik, kobud səhvlər buraxdıq. İlk dəfədi belə hesabla uduzuruq. Bir çox
yetirməmin oyunundan razı qalmadım. Matçı təhlil edib, bir daha belə səhvlərə
yol verməməyə çalışacağıq. Yenə də rəqib baş məşqçini təbrik edirəm.”
Mirça Rednik: "İlk növbədə azarkeşlərimizdən danışım. Final mərhələsində hələ də qələbə
qazana bilməsək də, onlar bizi nə məşqlərdə, nə də oyunda tək qoymur, dəstək
olur. Onlar həmişə yanımızdadı. Buna görə bütün azarkeşlərimizə təşəkkür edirəm.
AZAL-ı 3-0 hesabıyla yenmək asan deyil. Bundan öncə də demişdim ki, AZAL ən təşkilatlanmış
komandadı. Üstəlik, final mərhələsində yeganə məğlubiyyətimizi
də onlardan almışıq. Hər dəfə yetirmələrimə deyirdim ki, biz rəqiblərimizdən
yaxşı oynayırıq və sadəcə, bəxtsizlik var. Belə davam etsək, qələbənin mütləq gələcəyinə
onları inandırmışdım. Bu qələbə bizə çox lazım idi. Nazim Süleymanov hörmət
etdiyim yerli mütəxəssisdi. Ona da uğurlar arzulayıram.”
Simao Bruno: "Bu gün çox gözəl oynadıq. Qələbə
bizə çox lazım idi. Biz, demək olar, əvvəlki oyunlarda da güclü oynamışdıq. Sadəcə,
bəxt yanımızda deyildi. Bu gün isə hamımız əl-ələ verib bəxti də ayağımıza gətirdik.
"İnter”lə oyunda mənim səhvimdən qol buraxdıq. Heç məşqə çıxmağa ürək etmirdim.
Amma azarkeşlərimiz məşqdə "biz sizin arxanızdayıq, sizə inanırıq” banneri açıb
hamımıza, o cümlədən də mənə daha çox dəstək oldular. Həmin gün çox
duyğulanmışdım. Portuqaliyada olan dostlarıma, yaxınlarıma deyirəm ki, bizim
azarkeşlər "Liverpul” azarkeşləri kimi sədaqətli və güclüdü. Hələ cüzi də olsa
çempionluq şansımız qalır. Bu gün göstərdik ki, hələ yıxılmamışıq və
ayaqdayıq.”
|