 Bu gün sanki
ürəyimiz UEFA-nın baş qərargahı yerləşən İsveçrənin Nyon şəhərində döyünürdü. Bəli,
komandamızın ölkədaxili zəfərindən sonra Avropa macərası start götürəcəkdi ki,
bu turnirdəki ilk rəqibimiz bu gün adıçəkilən şəhərdə püşkatma mərasimində
bilinəcəkdi. İntizarla gözlədiyimiz an gəlib çatdı. Hər bir "xəzəzr Lənkəran”
azarkeşi kimi biz də texniki imkanlardan yararlanaraq UEFA-nın mənzil qərargahından
birbaşa yayımlanan püşkatma mərasimini canlı izlədik. Bu mərasim
15:00-da start götürdü ki, ilk olaraq Çempionlar liqasının ilk iki təsnifat mərhələsindəki
komandaların kimlərlə rəqib olacağına aydınlıq gətirildi. Daha sonra 16:00-da
Avropa Liqası turnirində iştirak edəcək komandaların da ilk iki təsnifat mərhələsində
rəqiblərinin kimliyinə aydınlıq gətirilməsi üçün püşkə müraciət olundu. Bu
püşkatmanın ikinci təsnifat mərhələsinin vaxtı uzandıqca əsəblərimiz daha da
tarıma çəkilmiş oldu. Nəhayət gözlənilən an gəlib çatdı və komandamızın rəqibi
məlum oldu. Bu İsrailin paytaxtı Tel-əviv şəhərinin təmsilçisi 1906-cı ildə təsis
olunan "Makkabi” klubu oldu. Həm də o da aydın oldu ki, iki, ev və səfər görüşlərindən
ibarət olan bu qarşılaşma ilk olaraq komandamızın ev oyunu keçiriləcək doğma Lənkəran
şəhərində baş tutacaq. "Xəzər Lənkəran” öz meydanında keçən il elə bu turnirdə
mübarizə apardığı Moldovanın "Olimpiya” Beltsı komandası ilə qarşılaşıb və Lənkəran
şəhərinin artıq bu turnirdə təcrübəsi var. Bu turnirdə
ölkəmizi daha iki komanda "Qarabağ” və "AZAL” komandaları da təmsil edəcək. Belə
ki, bugünki püşkatmanın nəticəsində ölkəmizi təmsil edəcək "Qarabağ”ın rəqibi
Litvanın "Banqa” klubu oldusa, "AZAL”ın rəqibi isə Belarus təmsilçisi,
paytaxtın "Dinamo” Minsk komandası oldu. Bu iki komandamız turnirə ilk təsnifat
mərhələsindən qoşulacaqlar və püşkün diqtəsinə görə hər iki komandamız ilk
görüşlərini səfərdə keçirməlidirlər. İlk mərhələdə keçiriləcək bu oyunlar İyun
ayının 30-u, cavab qarşılaşmaları isə 7 İyul tatixlərinə təsadüf edəcək. "Xəzər
Lənkəran” komandası isə ölkə kubokunun qalibi kimi turnirə ikinci təsnifat mərhələsindən
qoşulacaq ki, bu mərhələnin oyunları isə 14 və 21-İyul tarixlərində baş
tutacaq. Ölkəmizi
Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi” komandası isə püşkün diqtəsinə
uyğun olaraq Avropanın az-çox tanınmış və "Xəzər Lənkəran”ın da bu turnirdə rəqibi
olmuş Xorvatiya təmsilçisi "Dinamo” Zaqreb klubu olub. Başda "Xəzər Lənkəran”
olmaqla bütün ölkə təmsilçilərimizə Avropa turnirlərində uğurlar arzulayırıq.
|