Bildiyiniz kimi "Xəzər Lənkəran”ın
"Makkabi” ilə Təl-Əvivdəki səfər oyununun "Fırtınalar Meydanı”nda tablodan,
bilavasitə tribunalardan azarkeşlərin birllikdə izləməsi ideyası "Bosman”
fanklubuna məxsus idi. Bu mənada "Xəzər Lənkəran” azarkeşi bir ilkə də imza
atmış oldu. Bu tədbirin və həmçinin Lənkərandakı cavab qarşılaşmasına da
hazırlığın həyata keçirilməsi ilə əlaqədar fanklubumuzun böyük heyəti bir həftə
idi ki, Lənkəranda fəaliyyət göstərirdi. Futbolçuların Lənkərana qayıdışı
zamanı avtobusun qarşılanmasından tutmuş, məşqlərdəki banner və sair vasitələrlə
komandanın cavab qarşılaşması ərəfəsində həvəsləndirici tədbirlərin təşkili və
həyata keçirilməsi ilə məşğul olduğumuzdan rəsmi saytımızın işində də
operativlik azalmışdı. Bütün bunların təşkili və həyata keçirilməsi xeyli vaxt
aldığından, həmçinin məşqlərdə iştirak etmək saytımızda nisbətən ləngimələrə səbəb
olurdu. Çünki, sadəcə bir bannerin təşkili üçün əvvəlcə aktual olan şüarın hərtərəfli
əhatəli olması, bunun bütün futbolçuların başa düşməsi üçün ingilis dilinə
çevrilməsi, çevrilərkən adi söz kimi yox, idman baxımından daha təsirli çıxması
, daha sonra bu şüarın bannerə çevrilməsi üçün lazım olan parça və ya meşinin
tapılması və bunların üzərinə rəngli yazılışı xeyli vaxt apardığından özümüzü məşqlərə
belə güclə çatdırmamız vaxt probleminin ortaya çıxması ilə nəticələnirdi.
"12-ci Oyunçu” azarkeş qrupunun və "Caspian Ultras” fanklub nümayəndələrinin
köməyi nəticəsində bunlara birlikdə nail ola bilirdik. Buradan hər iki fanat
qurumuna təşəkkürlərimizi bildirməyi də özümüzə borc bilirik.
Bütün
bəhs etdiyimiz tədbirləri həyata keçirərkən saytımızda da ən zəruri məlumatları
verməyə imkan tapırdıq. Bu əsasən komandanı və azarkeşləri məsul cavab
qarşılaşmasına hazırlamaq üçün hesablanmış məlumatlar olurdu. Bəli, biz bunları
mümkün olduqca etdik. İyulun 21-i tarixi, saat 20:30-u səbirsizliklə, nəfəslərimizi
sanki kəsilərək gözlədik. Vaxt, məqam gəldi, komandalar meydana da çıxdı, nəfəs
çəkmədən həyəcanla oyunu da izlədik, oyun 0:0 da nəticələndi, bu il də
Avrokubok ümidlərimiz doğrulmadı. Amma komanda keçənilkindən fərqli həm səfərdə,
həm də evdə döyüşdü. Mərhələ adlaya bilməsə də bəli, məhz döyüşdü. Rəqib güclü
olsa da komandamız döyüşdü. Bu döyüşkənlik bütün azarkeşləri məmnun etdi. Bəli,
hamı həyəcanla izlədi, komandaya inanaraq hətta əlavə oturacaqlarla tutumu
çoxaldılmış bütün tribunalar inanılmaz dəstək nümayiş etdirdi. Nə olsun ki, mərhələ
adlaya bilmədi. Amma azarkeşlər sona qədər dəstək verdi. Əvvəlki illərdən fərqli
olaraq istefa fikri heç ağıllarına da gəlmədi. Çünki "Xəzər Lənkəran” azarkeşi
komandanın və xüsusən baş məşqçi Mirça Rednikin işini artıq çoxdan bəyənmişdi.
Onun bir insan kimi keyfiyyətlərini, bir mütəxəssis kimi istedadını və dəyərini
bilirdi. Mirça Rednikin sayəsində son bir il ərzində komandada əsl bir peşəkar
klub ab-havası yaranmışdı. Bir peşəkar klubda olduğu kimi azarkeşlər, məşqçi-futbolçu
heyəti və klub rəhbərliyi qarşılıqlı inam və hörmət müstəvisində fəaliyyət göstərirdi.
İllər ərzində ürəklə "Xəzər lənkəran”a bağlı olan əsl azarkeşin görmək istədiyi
bir komanda formalaşmışdı. Daha əvvəlki kimi komandanı zəiflədən dedi-qodular
deyil, yalnız inkişaf haqda danışılırdı. "Xəzər Lənkəran” böyümüşdü, "Xəzər Lənkəran”
onu sevənlərin ürəklərinin daha dərinliyinə kök salmışdı. Bu idi Mirça Rednikin
gözəl mütəxəssisliyindən əlavə olaraq bir insan kimi dahiliyi. Bəli, Mirça
Rednik həm bir mütəxəssis, həm də bir insan kimi dahi bir şəxs idi. Onu hamı
sevirdi və "Xəzər Lənkəran”ın böyük klub olmaq yolundakı olan ümidlər yalnız
ona bağlanmışdı. Əgər biz onun da qədrini bilmədiksə, deməli peşəkar klub ola
bilmərik. Onsuz da çox komandaların adının qarşısında PFK (Peşəkar Futbol
Klubu) bildirişi yazılır. Amma bu bildirişlə peşəkar klub olmaq mümkün deyil.
Əfsuslar olsun ki, real olaraq Mirça Redniklə buna yaxın olan komandamız da bu
şansı qaçırdı.
Bəli,
Mirça Rednik "Xəzər Lənkəran”dan getdi. Gedərkən dediyi sözlər bunlar idi: "Mən
"Xəzər Lənkəran”da işləyərkən dünyanın bir çox ölkələrindəki klublardan maddi
baxımdan daha sərfəli təkliflər almışdım. Lakin mən yenə burada "Xəzər Lənkəran”
azarkeşlərinə görə qaldım. Mən onları çox sevirəm, onlar sevgiyə və əzizlənməyə
layiqdirlər, onları qoruyun.” Son olaraq
o,vətəninə dönmək üçün Bakı-İstambul reysindən istifadə edərkən, artıq İstambul
hava limanından bir daha bizə zəng edərək, çox kövrək bir tərzdə:-" mənim artıq
geri dönməm mümkün deyil, mən birdəfəlik bu komandadan getdim. Yalnız sizdən
bir xahişim var, azarkeşlərimizə salamlarımı çatdırın və deyin ki, mən onları
çox sevirəm. Sizlərdən ayrılmaq mənim üçün ən çətinidir.” Bəli, biz beləsinin qədrini
bilmədik.
Bu
gün gecə yarısından mətbuatda gedən xəbərləri çoxları izləyib. Xəbərlərdə
deyilir ki, "Makkabi” ilə oyundan sonra klub rəhbərliyi Mirça Redniklə söhbətində
onun komandada qalması şərti ilə bütün legionerləri göndərməyi təklif edib. Əvəzində
yerli və gənc futbolçulardan bir heyət quraraq işini davam etdirməsini istəyib.
Rednik də onun işinin uşaq futbolçuları yetişdirmək olmadığını klub rəhbərliyinin
diqqətinə çatdırıb. Belə olan halda klub rəhbərliyi
onun məvacibə görə narahat olmamasını istəyib və əvvəlki məvacibin qüvvədə
qaldığını söyləyib. Lakin əvəzində Rednik bu sözləri deyib:-"Mənə bir çox yerlərdən
daha sərfəli təkliflər var idi. Mən ondan azına sizinlə razılaşaraq qol çəkdim.
Bunu yalnız və yalnız komandanın azarkeşlərini gözümün önünə gətirərək imza
atdım. Çünki mən hələ dünyanın heç bir yerində "Xəzər Lənkəran” azarkeşləri
kimi dəyərli insanlar görməmişəm. Mən onlara qəlbən bağlıyam.” Bundan sonra o
düşərgəni tərk etmiş, ardiyca bütün məşqçilər korpusu və sonra da bütün
legionerlər, hətta yerli futbolçular belə bazanı boş qoyublar.
İndi
keçək bütün bunlara səbəb olan şahidi olduğumuz məsələlərə. Yuxarıda komandanın
Lənkərana dönüşü zamanı azarkeşlərin onları qarşılamalarından söz açmışdıq. Qarşılanma
mərasimi komandanın avtobusunun stadionun həyətinə qədər müşayiət olunması ilə
davam etdi. Daha sonra azarkeşlər avtobusdan enən futbolçuları alqışlayaraq
salamladılar. Burada hər bir futbolçu özünəməxsus tərzdə reaksiya verirdi.
Yalnız yerli oyunçulardan Rahid Əmirquliyev, Kamran Ağayev və Elnur
Allahverdiyev kəskin sifət göstərərək:-"Alqışlayın, alqışlayın, legionerləri
alqışlayın, əsas onlardır” deyərək, ironiyalı tərzdə avtobusdan enib, baqajdan
çantalarını götürüb azarkeşlərin arasından saymazyana keçərək bazaya
yollandılar. Kimdir onlara bu cəsarəti verən? Onların nə haqqı var ki, azarkeşlərlə
belə rəftar etsinlər?
Daha
sonra həmin gün saat 19:00-da məşq olacağı bildirilsə də, yarımsaatlıq gecikmə
ilə yəni, 19:30-da məşq başladı. Məşqi izləməyə gələn azarkeşlərin sayı daha
çox idi. Hava qaralana yaxın məşq prosesini tamamlayan komanda üzvləri bazanın
yolunu tutarkən yaşlı və Lənkəranda tanınmış olan bir ziyalı azarkeş, Kamran
Ağayevi səsləyərək ona yaxınlaşdı. Həmin ziyalı azarkeş Kamrana bu sözləri
dedi:” Kamran, sən bizim fəxrimizsən. Biz Mirça Redniki görə bilmirik, görəndə
də dilini bilmədiyimizdən onunla danışa bilmirik. İndi sən komandanın
kapitanısan. Xahiş edirik ki, bizim sözlərimizi ona çatdırasan.” Ağsaqqal
azarkeş bundan sonra "Makkabi”ni necə dayandırmağın yolları haqda öz düşüncələrini
Mirça Rednikə çatdırmaq üçün Kamrana dedi. Daha sonra ətrafda olan azarkeşlərdən
birinin kamrana belə bir müraciəti oldu: "Kamran, biz sənin Təl-Əvivdə buraxdığın
üçüncü qolu haqsız sayırıq. Yalnız onu bilmək istəyirik ki, sən həmin anda topu
hansı formada saxlamışdın? Əllərinin içərisində sıxaraq, yoxsa iki əlinlə topu yerə
sıxaraq? Çünki bunların hakimin verdiyi qərarda əhəmiyyəti var.” Elə söhbətin
tempi də bundan sonra daha kəskinləşdi. Kamranın buna reaksiyası heç bir etik
normaya sığmayaraq, əl-qol ölçə-ölçə: "Gedin bütün bunları ondan soruşun
(Redniki nəzərdə tutur). Hamısını o elədi. Səviyyəsiz legionerləri gətirib
yığıb komandaya. Məgər bizimkilər onlardan pis oynayırdı? (Halbuki, səfər
oyununda buraxılan hər üç qolda yerli oyunçuların səhvi olduğunu hamı görüb).
Gedin, ondan soruşun! Pulu verirlər onlara. Bizə isə barmaqarası baxırlar. Mənim
komandayla müqaviləm yoxdur, qurtarıb. Amma hardasa mən komandanı sevirəm. Ona
görə də müqaviləsiz belə oynayıram. Kuboku alan sostavımız pis idi məgər? Onlar
qalsaydı biz "Makkabi”ni orda da udardıq
(Halbu ki, kubok alan heyəti də Kamran məşqlərdə az təhqir eləmirdi)
İndi düşünmək
lazımdır ki, məşqçi haqqında hər hansı bir futbolçunun azca da olsa eyhamla
danışması dunyada heç bir yerdə qəbul olunmur və o, dərhal cəzalandırılır və ya
komandadan uzaqlaşdırılır. O ki, qaldı açıq-açığına yüksək səslə bir xeyli
azarkeşin yanında belə məsul oyun öncəsi belə azğın danışmaq. Bu nədir, komanda
daxilində qiyam? Özü də yerli (hətta
milli) futbolçuların qiyamı? Biz həmin günü bunun dözülməz olduğunu bilə-bilə
bu məsələni mətbuata çıxarmadıq. Buna göz yummaq mümkün olmasa da, belə bir məsul
oyundan qabaq bunun komandaya öldürücü təsiri ola bilərdi. Azarkeşlər də bunu
bilib komandadan iyrənər və hətta stadiona gəlməyə bilərdilər. Onda hələ qalan
ümidlər birdəfəlik puç ola bilərdi. Qərara aldıq ki, oyundan sonra bu məsələni
açıqlayaq. Amma bunun qarşısını almaq üçün isə mütləq baş məşqçini xəbərdar etmək
lazımdır. Yalnız bu taktika bəhrə verə bilərdi.
İndi komandada
yaranan gərginlik bir müddət əvvəl baş verən bu qiyamın təsirindənmi yaranıb?
Niyə onlar belə rəzil hərəkət etdilər? Bəlkə onların himayədarları "Neftçi”nin
uğursuzluğunu unutdurmaq üçün, diqqətləri "Xəzər Lənkəran”a yönəltmək imiş. Necə
ki, bu gün futbolda bütün məsələlər arxa plana keçərək hamı, bütün mətbuat yalnız
"Xəzər Lənkəran”dakı son hadisələrdən danışır. Əgər həqiqətən bu belədirsə,
onda bu yerli oyunçular hansı üzlə milli komandanın şərəfini qoruyurlar? Şərəfi
qorumaq üçün şərəfli birisi olmaq gərəkdir. Belə satqın oyunçular "Xəzər Lənkəran”a
gərək deyil! Qoy onların "şərəfinə” uyğun olan komanda onları sırasına qatsın! Onu da demək istəyirik ki, komandanın bu gün elan olunan strategiyası bir baxımdan yaxşı səslənsə də, yəni yerli futbolçulardan qurulan heyətlə inkişaf nəzərdə tutulsa da bu heç də çıxış yolu deyil. Çıxış yolu beynəlxalq praktikada olduğu kimi, əsas komanda saxlanılaraq, yerli futbolçuları bunun əsasında yetişdirməkdir. "Barselona", "Real", "Bavariya", və sair klublar futbolçu yetişdirmək üçün məgər əsas komandanı dağıtmışdılar? Yoxsa biz də "Karvan" və ya "MKT Araz" klublarının yolunumu gedirik. Bizə futbolçu yetişdirərək, əsas iddialı komandası olan "Xəzər Lənkəran" gərəkdir. Əks halda çoxlarının qabağında boynubükük "Xəzər Lənkəran" yox! Elə isə komandanın fəaliyyətini birdəfəlik dayandırın və ürəyimizi verdiyimiz komandanı elə əbədi ürəyimizdə də dəfn edək!
|