Hər bir
komandanın başına gələ biləcək biabırçılıq bu dəfə XII turda "Xəzər Lənkəran”dan
yan keçmədi. Komandamız səfərdə əzəli rəqibi "Neftçi”yə 5:0 hesabı ilə məğlub
oldu. Bir müddət əvvəl dünyanın ən güclülərindən biri olan Madridin "Real”
klubu öz meydanında dünyanın daha başqa bir güclülərindən olan əzəli rəqibi
"Barselona”ya 2:6 və 5:0 hesabı ilə məğlub olmuşdu. Bu bizi kimi hər yerdə
böyük biabırçılıq sayılsa da heç də dünyanın sonu demək deyil. Belə durumlardan
sonra komanda bütövlükdə toplanmalı, əsl səbəblər araşdırılmalı və ciddi qərarlar
qəbul olunmalıdır. Məhz vəziyyətdən ən düzgün çıxış yolunun bu olduğunu deyə
bilərik. Məsələni bundan sonra faciəyə çevirmək də lazım deyil. Onsuz da müəyyən
maraqlı qüvvələr bundan maksimum istifadə etməyə çalışacaq və hətta deyərdik
ki, bu vəziyyətin əmələ gəlməsində onların rolu az olmayıb. Zatən baş vermiş
faciədən çıxış yollarını düşünüb həyata keçirmək lazımdır. Bu fiaskonu yalnız
düzgün qərarlarla aradan qaldırıb tez bir zamanda toparlanmaq və əvvəlki kimi
yenə də yolumuza davam etməmiz lazımdır. əks halda bu uzun sürə bilər və
komandanı uçuruma apara bilər. Təbii ki, maraqlı qüvvələrin də boş oturmayacaığını
nəzərə alsaq.
Dediyimiz
kimi vəziyyətdən çıxış yolu ən düzgün qərarların verilməsidir. Düzgün qərarların
verilməsi isə yalnız tam və düzgün araşdırmaların nəticəsində olmalıdır. Əvvəla
onu deməliyik ki, əslində belə hal baş verməmişdən gərək bunun profilaktikası
aparılmalı idi. Müəyyən səbəblərdən profilaktika gecikmiş sayılırsa, xəstəliyin
daha da dərinləşməsinin qarşısı alınmalıdır ki, bunun üçün də bəzi məsələləri
olduğu kimi qiymətləndirmək və göstərmək lazımdır.
Dünənki məğlubiyyətin
kiçik və böyük səbəblərinin olduğunu düşünürük. Su basmış meydan amili əlbəttə
komandanın oyununa təsirsiz ötüşmədi deyə bilərik. Amma bu heç də məsələnin əsl
səbəbi deyil. Çünki rəqib də eyni meydanda mübarizə aparırdı. Nərd oyununda
ardıcıl mars qalan oyunçu zərin verməməsindən şikayətlənəndə, qalib tərəf mən də
həmin zərlə atıram deyir və əlbətdə burda həqiqətən zərin günahkar olmaması
düzgün sayılmalıdır.
Başqa səbəblərə
gəldikdə komandalara psixoloji təzyiqin olmasını deyə bilərik. Bu baxımdan "Xəzər
Lənkəran” daha çox əziyyət çəkirdi. Həm oyundan qabaq komandaya Kamran Ağayev
faktoru ilə əlaqədar güclü psixoloji təzyiqin olmasını deyə bilərik. Həm də
oyun zamanı da bunun şahidi olduq. Birincisi, bütöv komanda belə bir məsul
oyunda qapı xəttindən narahat şəkildə matça çıxmışdı. İkincisi, biz zamanlar "Xəzər
Lənkəran”da əsas heyət üzvü olan Rəşad Abdullayevin nə peşəkar futbolçuya və nə
də insana yaraşmayan nadürüst hərəkətini qeyd edə bilərik. Belə ki, sağ cinah
müdafiəçisi qismində komandamızın heyətində çıxış edən gənc Şəhriyar Xəlilovun
heç bir qayda pozuntusuna yol vermədən Rəşad Abdullayevə mane olması və əvəzində
səbəbsiz olaraq Rəşadın onu açıq-aydın şillə ilə vurması və hakimin də bunu ya
görməməsi və ya bağışlaması, hansı normalara sığır? Birmənalı şəkildə qırmızı vərəqəyə
layiq olan bu hərəkəti iki metrlikdə olan laysman və ya IV hakim də görmədimi?
Bütün milyonların stadiondan və televiziya ekranından açıq-aşkar gördüyü bu tərbiyəsizliyi
və qoçuluğu hakimlər görmədimi? Televiziyanın təkrar-təkrar göstərdiyi, şərhçinin
dəfələrlə qeyd etdiyi və birmənalı qırmızı vərəqə kimi qiymətləndirdiyi bu tərbiyəsizliyi
görmək üçün hakimlərə mikroskopmu lazım idi? Fikir verdinizsə, bu cəzasız qalan
tərbiyəsizlik və ədalətsizlikdən sonra gənc Şəhriyarın oyununda nə qədər
düşkünlük oldu. Həmçinin xüsusilə "Neftçi” ilə oyunlarda müxtəlif səviyyələrdə
təzyiqlərə məruz qalan "Xəzər Lənkəran”ın bütün futbolçularında "yenə başladı”
deyə müəyyən psixoloji gərginliyin yaranmasının şahidi olduq. Həmin ana qədər
üstünlüyə yiyələnən bütün komanda oyununda sönüklük başladı. Məhz qollar da
bundan sonra vuruldu. Özü də həmin mövqedən, ruhdan düşmüş Şəhriyar və qudurmuş
Rəşadın mövqeyindən verilən ötürmələrlə. Bu doğurdan da kompleks düşünülmüş bir
ssenari idi. "Xəzər Lənkəran”ın futbolçularına qarşı rəqibin dəfələrlə açıq
ayaqla girmələri. Bu kobudluq yox, vəhşilik adlandırıla bilər. Misal üçün
futbolda çox az rast gəlinən Vobayın ayağının daraq sümüklərinin açıq sınığı.
Bu vəhşilik deyilmi? Hakimin isə qeyrətsizcəsinə susqunluğu.
Bir az da əvvələ
getsək bütün səbəblər sanki aydınlaşır. Keçən mövsüm komandamıza, azarkeşlərimizə
bütün vasitələrlə təzyiq olunduğunu və çempionluğunun əlindən alındığını hamı
xatırlayır. Daha sonra avrokubok ərəfəsində komanda siyasətinə kənar müdaxilələrlə
cəhd olunması da heç kimin yadından çıxmayıb. Nəticədə möhkəm silkələnməyə məruz qalan komandamız özündə güc taparaq nəhayət toparlana bildi. Hətta kənar qüvvələr
komandanın bəzi futbolçularını belə ələ ala bilmiş və baş məşqçi Mirça Rednikin
əleyhinə qaldıra bilmişdi. O zaman biz də müəyyən məsələlərin şahidi olmuşduq və
""Xəzər Lənkəran”da xəyanətkarlara yer yoxdur”” yazısı ilə həyəcan təbili
çalmışdıq. "Dinamo” Zaqrebə müticəsinə uduzan "Neftçi”nin uğursuzluğunu yaddan
çıxarmaq üçün, "Xəzər Lənkəran”ın Avropa uğursuzluğunun planlarını cızanlar
bununla da Azərbaycan futboluna belə, xəyanətdən vaz keçmədilər. Əgər o vaxtı
belə futbolçulara qarşı ciddi tədbirlər görülsəydi indi yəqin ki, belə acı məğlubiyyət
yaşamazdıq. Belə acı məğlubiyyətin başqa önəmli bir səbəbi də qapımızın
etibarlı biri tərəfindən qorunmaması idi.
Niyə
qapımızın etibarlı bir qoruyucusu yox idi? Niyə belə psixoloji gərgin oyunlara
hazır olmayan Kamal Bayramovun ümidinə qalmışdı "Xəzər Lənkəran”? Çünki
komandanın əsas qapıçısı Kamran Ağayev yox idi? Özünün dediyinə görə məşqləri
yarımçıq tərk edən bu adamın zədəsi var idi. Amma komandanın tibb personalı
onun zədəli olması haqqında heç bir açıqlama vermədi. Baş məşqçi Rednik də
oyundan iki gün qabaq, Kamranın xarakteri varsa, bu oyuna çıxıb oyununu
oynamalıdır demişdi. Etik formada deyilən bu sözün əsl mənası isə onun kişiliyi
varsa, çıxıb oyununu oynasın, daha müxtəlif bəhanələr gətirməsin,-deməkdir.
Kamran Ağayev
isə bu ərəfələrdə mənimki Redniklə tutmur və s. fikirlər söyləyirdi. İndi
özünüz fikirləşin, zədəliyəm demək nədir?, Redniklə mənimki tutmur deyib, məşqi
yarımçıq qoyub getmək və belə məsul bir oyuna çıxmaqdan imtina etmək nə deməkdir?
Komandada ciddi nizam-intizam olmalıdır. Nizam-intizama riayət etməyən isə
kimliyindən asılı olmayaraq cəzalanmalı, lazım gələrsə, qovulmalıdır.
Komandanın rəhbərliyi baş məşqçi postunda Mirça Rednikə güvənirsə, sən kimsən
ki, baş məşqçiyə qarşı çıxırsan. Bununla ümumilikdə həm rəhbərliyə və həm də azarkeşlərə
qarşı çıxmış olursan. Legionerləri bura yalnız pul qazanmağa gəldiyinə görə günahlandıranlar bəs
yerlilərin bu murdar hərəkətlərindən niyə danışmırlar? Hətta bəziləri belələrini
müdafiə edib onların cəzalandırılmasını milli faciəyə belə çevirmək istəyirlər.
İndi belə bir intizamsız və qeyri-peşəkar futbolçuya qoy onlar gəlib sahib
çıxsınlar.
Yuxarıda
komandanın qapısının niyə daha etibarlı birinə tapşırılmaması sualı ortaya
çıxmışdı. Çünki belə birisi komandada yoxdur. Niyə yoxdur? sualının cavabı isə
çoxdan çoxlarımıza məlumdur. Bütün mövqelərə lazımi səviyyədə futbolçu gətirməyi
bacaran komanda rəhbərliyi və bunun üçün Mirça Rednikin kifayət qədər əlaqələrinin
olması, niyə bu qapıçı mövqeyinə futbolçu gətirə bilmədi? Komanda Avstriyada təlim-məşq
toplantısı keçirəndə bu mövqeyə də baxışa gələn futbolçular var idi. Amma niyə
alınmadı? Çünki şahidlərin dediyinə görə ("Xəzər Lənkəran” naminə xahiş edirik
ki, şahidlər bu barədə susmasınlar) hər belə bir qapıçının baxışa gətirilməsi
zamanı Kamran Ağayev olmazın müsibətlər çıxarırmış. Necə yəni mənim mövqeyimə
futbolçu gətirirsiniz? O oynayacaq və mən ehtiyatda qalacağam? Ona görə də
qapıçı mövqeyinə güclü birisi alına bilmədi. Yalnız özündən zəifinin gəlməsinə
razılıq verən Kamran Ağayevin nazı ilə çox oynanıldı. Ona görə də bu gün
qapımızda monopoliya yaratmağa nail olan Kamran Ağayev bax belə bir oyun ərəfəsində
qapıda qalmadı və biabırçı məğlubiyyətin onun olmaması ilə əlaqəli olmasını
göstərmək istədi. Guya o yoxdursa, "Xəzər Lənkəran” bir heçdir. Həqiqəti bilənlər
isə bunun bir xəyanət olduğunu çodan anlayır. Belə xəyanətkar isə komandamızı
istəməyənlərin əlində əlbətdə bir oyuncağa da çevrilmiş oldu.
Mirça
Rednikin və klub rəhbərliyinin səhvi isə belə birisinin nazı ilə oynamaqdır.
Bizə xəyanətkarlar lazım deyil. Bizə Güclü nizam-intizamlı futbolçulardan
qurulmuş bir komanda lazımdır. Kim ipə-sapa yatmırsa, yerli və ya əcnəbi olsun,
dərhal cəzalanmalıdır. Bu yöndə klub rəhbərliyinin və məşqçilər korpusunun
atacağı ən sərt addımları fanklub olaraq dəstəkləyəcək və daim möhkəm komanda
yolunda biz də çalışacağıq.
Bu arada Rəşad
Abdullayevin tərbiyəsizliyinə digərlərinin kobud oyununa və hakimin
susqunluğuna bir daha qayıdaraq bu işlərin kompleks bir tədbir olduğunu yada
salaraq onu da demək istəyirik ki, bəziləri fikirləşməsin ki, Rahid Əmirquliyev
kapitan kimi niyə etirazını bildirmədi? Guya Kamran Ağayev olsaydı, bu işlərə əsl kapitan kimi fəal
müdaxilə edər və bunun qarşısının alınmasına nail olardı. Bəli, Rahid
Əmirquliyev kapitan kimi ikinci oyununa çıxır və bu barədə təcrübəsizdir. Bəlkə Rəşadın tərbiyəsizliyi elə bu kompleks tədbirlərdən
olub, Kamranla işbirliyinin nəticəsidir. Yoxsa, heç bir səbəb olmadan gənc Şəhriyara
niyə şillə vurmalı və hakim də niyə susmalı idi? Milyonlar kimi əlaqəli rəsmi şəxslər
də Rəşad Abdullayevin bu tərbiyəsizliyinin şahidi olmamış deyillər. Əgər deyillərsə
də, videotəkrara baxsınlar və AFFA Nizam İntizam Komitəsinin növbəti iclasında
onun qırmızı vərəqəsini və daha başqa cəza tədbirini görsünlər. Əgər görməyəcəklərsə,
onda biz ölkə futbolunda həmişə ikili standartla işləmişik desinlər!
|