Mayın 28-də ölkə kubokunun finalı baş tutacaqdı... Tutdu da.
Hər iki cəbhə camiə olaraq böyük həvəslə bu final oyununa hazırlaşırdı.
Baxmayaraq ki, tərəflərin biri çempion olmuşdu, digəri isə doqquzuncu pillədə
çempionatı başa vurmuşdu. Bu heç də finalın əhəmiyyətini azaltmırdı. Çünki
rəqiblərdən biri "Neftçi”, digəri isə "Xəzər Lənkəran” idi. Bu adlar ölkə
futboluna böyük oyun ifadəsi gətirmiş adlardı.
Mayın 28-ə təsadüf edən bu oyun, böyük oyun olmaqla yanaşı
həm də müsəlman şərqində ilk demokratik olkə olan Azərbaycanın istiqlaliyyət
günündə keçirilirdi. Bu isə idman ictimaiyyəti üçün ikiqat bayram demək idi.
Bunu nəzərə alan "Bosman” fanklubumuz bu bayram günündə məsuliyyət hiss edərək,
əziz günə heç bir xələl gəlməsin deyə, qarşı tərəfin azarkeşləri ilə müəyyən
razılaşmalar əldə etmişdi. Buna tərəfdar olan digər fanat qurumları da bu
təklifə tərəfdar olduqlarını mövqe göstərərək bildirmişdi. Çox sağ olsun
azarkeşlər ki, həmişə müəyyən insident yaşasalar da bu gün ehtiramla davrandı
deyə bilərik.
Keçək bu bayram
günündə AFFA və PFL-in finalı təşkil etməsinə. İlk baxışdan hər şey normal
görünsə də... Yəni beynəlxalq yarışlarda
olduğu kimi müəyyən açılış çarxları hazırlanmışdı ki, bu da yalnız uyğun
parıltılı görünüşləri təkrar edirdi. Amma mahiyyət etibarı ilə çox əttökən idi.
Belə ki, bir toy mərasimi təsvir olunmuş süjetlə başlayan bu çarxda yeni
evlilər arxada duran subaylara gül buketi atırdı. Lakin axrada durub gül
buketini tutmalı olan subaylar əvəzinə, birdən- birə futbolçu formasında olan
millimizin qapıçısı Kamran Ağayev tullanaraq gül buketini tutdu. Bura qədər
bəlkə də hər şey normal idi. Anormallıqlar isə bundan sonra başladı. Kamran
Ağayev əlində gül buketi ayağa qalxaraq, sanki topa vururmuş kimi onu təpiklə
vurdu və gül buketi dağıldı. Dünyanın heç bir yerində gül buketinə təpiklə
vurub onu dağıtmırlar. Özü bəy-gəlinin
subaylara atdığı bir buketi. Bir rejissor, bir ağıllı adam tapılmadı ki, ya
buketi əlindən buraxarkən artıq o futbol topu şəklinə düşəydi və millinin
qapıçısı da topa zərbə vuraydı, daha güllərə yox?! Millinin qapıçısına bir dəfə
gül kimi "Xəzər Lənkəran”a arxadan təpik vurmağı öyrədənlər, bu dəfə də gül
buketini hədəf seçmişdilər. O da yalnız tapşırıqları yerinə yetirməli
olduğundan...
Reklam çarxının ardı 28 may istiqlal günündə Azərbaycan
himnini ölkədə top qovan legionerlərin ifasında səsləndirmək idi. Bunu bizim
milli oyunçularının ifasında etmək olmazdımı? Bizim milli oyunçu gül buketinə
təpik vurur, legionerlər isə bizə sayğı göstərib bu bayram günündə himnimizi
oxuyurlar. Məgər bu respublikanı biz qurmamışıqmı? Heç olmasa legionerlərə
bizim himnimizi əziyyət çəkib öyrədincəyə qədər, bundan bir balaca az əziyyət
çəkib, tərbiyəsiz, murdar Stamenkoviçə əxlaq qaydalarını xatırlatmaq olmazdı
ki, bayram günündə bu xalqın qanını qaraltmasın?
Final oyununa gəlincə, hər iki komanda gözəl oyun nümayiş
etdirdi. Düşünülmüş və yaradıcı oyun sərgilədi. Həyəcan dolu bu oyunu
izləyənlərin, ürəkləri ağzına gəlmişdi. Bu 90-dəqiqə davam etdi, lakin qalib
müəyyənləşmədi. Heç 120 dədiqənin sonunda da buna aydınlıq gəlmədi. İş qaldı
penaltilərə. 120 dəqiqə oyunu çox gözəl
və demək olar səhvsiz idarə edən Əliyar Ağayevin briqadası penaltilər
seriyasında kobud səhvə yol verdilər. Belə ki, vuruş üçün Sialmasın 11 metrlik
nöqtəyə qoymuş olduğu topu Stamenkoviç yaxınlaşaraq yerdən götürdü və onu elə
bucaq altında yerə çırpdı ki, top qalxıb Sialmasın üzünə doğru istiqamət aldı
və dəydi də. Hər hansı cərimə zərbəsini vurmaq üçün nöqtəyə qoyulmuş topu özü
də hakimin gözü önündə yerindən götürüb kaprizcəsinə tullamaq və ya təpiklə
vurmağın yumşaq cəzası sarı vərəqədir. Bəs Əliyar ağayev bunu niyə etmədi. Gənc
və təcrübəsiz idisə, yanında daha 4 hakim vardı. Daha sonra bu meymunluq adı
veriləcək hərəkəti Stamenkoviç hər oyunçumuzun penalti vuruşu zamaanı təkrar
etdi. Hakimlər isə susdu... Bununla mən "Neftçi”nin kubok almasına kölgə salmaq
istəmirəm. Əslində Stamenkoviç bunu etməklə özünün penalti vuruşlarından nə
qədər qorxduğunu göstərirdi. Sialmas bir az soyuqqanlı olsaydı bunu dərk edərdi
və zərbəsini qolla tamamlayardı. Legionerə himni öyrətmək lazım idisə,
tərbiyəni, "Fair Play”ı ondan qabaq öyrətmək lazım idi. Görünür "Partizan”ın
azarkeşləri və futbolçuları Stamenkoviçin şəxsiyyətsizliyini bizdən qabaq
bilirmişlər. Bizsə ona olan münasibətə görə üzülmüşdük...
Beləcə oyun bitti və kubokun sevincini yaşamaq əvəzinə bir
çox ölçü bilməyən tərbiyəsizlər meydana axışıb "Xəzər Lənkəran”ın
futbolçularını vurmağa başladı. Daha burda PFL tərəfindən hörmət qoyularaq himn
oxutdurulan nə legionerə baxıldı, nə yerliyə, nə gənc futbolçulara. Ən sakit və
intizamlı Todorovdan tutmuş, gənc Kamran Abdullazadəyə qədər. Vuruldu, yerə
yıxaraq döyüldü.
Sən üzülmə Kamran! 28 may Respublika günündə sənin geydiyin
formanın rənglərindən biri olan yaşıl rəng həm də müqəddəs bayrağımızın
rəngidir. Sən vuruldun, amma üzülmə Kamran! Sənin üzündən axan o qan yaşıl
rəngli formanın üzərinə düşərək, sanki üçrəngli bayrağımızın üzərində olan
qırmızı ay-ulduzu xatırlatdı. Bax buna görə üzülmə! Ona görə biz üzülürük ki,
21 yaşınadək sizləri hər komandada oynamalıdır deyə heyətə qatıb, meydana
gəlməyə məcbur edən futbol qurumu, sizlərin qanını axıdır. Biz buna görə
üzülürük! Amma sən üzülmə Kamran! Bilirsən sənin qanını bayrağımızın və
köynəyinin yaşıl hissəsinin üstünə kimlər axıtdı? Rənglərində bayrağımızın heç
bir çaları olmayan, lakin bu ölkənin qara neftini yeyib ağ günə çıxmağa
çalışanlar. Ona görə də sən heç üzülmə Kamran! Sən öz üzərində daha çox çalış,
bizim Rahidimiz ol və daha böyük bir futbolçu ol! Səsin Avropadan və dünyanın
daha yaxşı futbol ölkələrindən gəlsin. Sənin qarşında bu perspektivin var
Kamran, ona görə sən heç üzülmə! Əlbət böyük saydıqları futbol qurumlarında olan
arxalarından daha böyüklər var. Ona görə sən üzülmə Kamran! Burnunun qanı səni
bir anda məşhurlaşdırdı, daha onminlərə sevdirdi, ona görə sən üzülmə Kamran!
Onların cəzası veriləcək buna görə də sən üzülmə Kamran, heç üzülmə!
Mirhafiz Babayev
|