"Xəzər Lənkəran”ın uğurları yolunda hər cür əziyyətlərə qatlaşan, komandanı sevərək daim sivil dəstəyə hazır olan azarkeşlərimizin bir daha nəzərinə çatdırırıq ki, iki gün öncə "12-ci Oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu olaraq, sizlərə müraciət etmişdik. Müraciətimizdə məqsəd, "Xəzər Lənkəran”ın son təsnifat turunda evdə "Sumqayıt” üzərindəki arzuladığımız qələbəsi, hələ bizim ilk altılığa vəsiqəmizin təminatı olmaya bilər, düşüncəsi idi. Belə ki, "Bakı” klubunun da bu tək yerə vəsiqə uğrunda iddiaları davam edir. Evdə "Rəvan” klubunu qəbul edəcək "Bakı” bu oyundan üç xalla ayrılacağı təqdirdə, bizimlə öz aralarındakı oyunlarda üstünlüyü olduğundan, məhz yeganə vəsiqəyə sahib çıxa bilər. Bu səbəbdən "Rəvan”la oyunda "Bakı” klubu mütləq xal itirməlidir ki, bu yolda da biz azarkeşlərin böyük payı ola bilər. Oyuna mütləq qələbə üçün çıxacaq "Bakı” elə bu səbəbdən psixoloji gərginlik altında mübarizə aparmalı olacaq. Digər tərəfdən mübariz və texnikalı komanda olan ”Rəvan” bizim də verdiyimiz böyük dəstək hesabına ruhlanaraq, daha təmkinli və soyuqqanlı bir oyun nümayiş etdirərsə, bu oyundan xal götürə bilər. Bu isə qələbə qazanacağı təqdirdə "Xəzər Lənkəran”ın ilk altılığa vəsiqəsi deməkdir. Həm də itirəcəyi heç bir şey olmadığından, "Bakı” klubundan fərqli "Rəvan” tam psixoloji sakit durumda 90 dəqiqəni oynayacaq. Əlavə olaraq, onu da deyək ki, bu oyunda böyük azarkeş kütləsi önündə hakimlik də hər hansı bir səhvə və ya qərəzə yol verməkdən çəkinər və oyunun kifayət qədər obyektiv keçirilməsinə çalışılar. Bundan başqa oyunun obyektiv məcrada keçirilməsi həm də futbol qurumlarına özlərini sübut etmək üçün şans verəcək ki, əks halda böyük tənqidlərə məruz qala bilərlər. Bununla da biz bu oyuna futbol ictimaiyyətinin kifayət qədər diqqətini cəlb etmiş olarıq. Bu səbəbdən daha bir psixoloji gərginliklə oyuna çıxacaq "Bakı” komandasının xal itirmə ehtimalı xeyli artmış olacaq. Biz, azarkeş kimi bu sivil yoldan istifadə etməklə, "Xəzər Lənkəran”ı ilk altılığa daşıya biləriksə, niyə də bundan istifadə etməyək? Ürəyi "Xəzər Lənkəran”la döyünən hər bir kəsi "Bakı”-"Rəvan” oyununda qonaqları dəstəkləməyə çağırırıq! "12-ci Oyunçu” azarkeş qrupu "Bosman” fanklubu
|