Dünən komandamızın keçmiş baş məşqçisi Mirça Rednik Belçikada yeni klubunun başında ilk rəsmi oyununa çıxacaqdı. Minlərlə azarkeşimizin sevgisini qazanmış və komandamızda işlədiyi müddətdə gözəl insan və əsl professional olduğunu isbatlamış Mirça Rednikin cəmi üç gün əvvəl, bir vaxtlar futbolçusu olmuş Belçikanın Lyoj şəhərinin təmsilçisi "Standard” klubuna bu dəfə baş məşqçi kimi dönüşündən yəqin ki, çoxlarının xəbəri var idi. Belçika kimi futbol ölkəsində belə bir tarixi olan, məşhur bir komandasına baş məşqçi keçməyin özünün böyük bir uğur olduğunu hamı bilir. Son mövsüm geridə qalan 12 turun nəticələri "Standard” klubunun nə rəhbərliyini, nə də azarkeşlərini qane etmədiyindən, baş məşqçi dəyişikliyinə qərar verilmişdi. Məhz Rednikin belə bir komandaya gətirilməsi isə avropalıların onun istedadına verdikləri böyük qiymət hesab oluna bilər. "Standard” Lyoj-un 12 turda göstərdiyi nəticələr heç də ürəkaçan deyildi. Belə ki, 12 oyuna 5 qələbə qazanan, cəmi bir heç-heçə ilə kifayətlənən və 6 dəfə məğlubiyyətə özü də ikisi evdə olmaqla, uğrayan komanda rəqib qapılarına 23-top vurmuşdusa, öz qapısından 22-ni buraxmışdı.
Göründüyü kimi heç də ürəkaçan nəticələri olmayan Rednikin yeni komandası 13-cü turda liderlər qrupunda qərarlaşan və hələki Jüpil liqasında yeganə məğlub olmayan məşhur "Genk” Rasinq komandasının qonağı olacaqdı. Komandasını bu çətin səfər görüşünə hazırlamaq üçün Mirça Rednikin cəmi üç günə qədər vaxtı olmuşdu. Təbii ki, belə qısa müddətdə özü də onun qurmadığı komanda ilə uğur qazanmaq çox müşkül məsələ idi.
İlk yarıda rəqibinə bütün komponentlərdə üstün gələn Rednikin yeni komandası sadəcə qol vurmaqda bəxtdən əziyyət çəkirdi deyə bilərik. İkinci yarı başlayar-başlamaz, yəni 46-cı dəqiqədə artıq ilk hissəni həmişəki kimi gözəl analiz edən Rednik taktiki dəyişikliklərin hesabına rəqib qapısına yol tapa bildi. Doğurdan da ikinci hissədə hücum mexanizmində etdiyi dəyişikliklər hesabına "Genk” komandasını silkələyən və daim təzyiqdə saxlayan bu dahi məşqçinin "Xəzər Lənkəran”da işlədiyi müddətdə də belə gedişlərinin az şahidi olmamışıq. Xüsusən Azərbaycana yeni gəldiyi dövrlərdə ölkə futbolu ilə tanışlığı olmadığı dövrlərdə bunun çox şahidi olmuşuq. Elə bunun hesabına əlində olan zəif materialla da xarüqələr yaratdığını söyləmək mümkündü. Dünənki oyunda bunun bir daha şahidi olmaq haşiyə çıxmağa vadar etdi. Qayıdaq "Genk” – "Standard” oyununa. Evdə mövsümün ilk məğlubiyyəti ilə barışmaq istəməyən "Genk” komandasının çabaları isə "Standard”ın sayıq müdafiəsi tərəfindən dəf olunurdu. Belə bir neçə epizod olsa da Rednikin "Standard”ı da ardıcıl düşünülmüş hücumlar təşkil edirdi. Ümumiyyətlə səfərdə oynamasına baxmayaraq meydanda əsl hökmranlıq edən Rednikin yeni komandası artırma dəqiqələrində daha bir top vurmaqla hesabı 0:2-yə çatdırdı ki, buna da layiq idi. 24.604 nəfər tutumu olan ikimərtəbəli”Kristal Arena” stadionunun necə şok yaşadığı açıq-aydın görünürdü. Ekranlara tez-tez gətirilən "Standard”ın yeni baş məşqçisi isə aparıcı tərəfindən tez-tez və uzun-uzadı Mircea... Rednic deyərək yəqin ki, onun gözəl seçim olduğu haqda danışırdı.
|