"Sportal.az" saytında "yerli futbol" mövzuları başlığı altında verilmiş bir müraciət diqqətimizi çəkdi. Müraciətin Lənkəran azarkeşləri tərəfindən olması isə daha maraqlı idi və aşağıda "Sportal.az" saytının xəbərini olduğu kimi diqqətinizə çatdırırıq.
"Çox istərdik ki, ölkə rəhbəri bu məsələyə münasibətini bildirsin" 07.12.2010 14:33
Lənkərandan məktub var...
Son vaxtlar Premyer-Liqada baş verən hakim səhvlərinə göz yummaq mümkün deyil. Artıq azarkeşlərin də səbr kasası daşıb. Bəzi klublar kimi, "Xəzər Lənkəran” azarkeşləri də buna biganə yanaşmadıqlarını Babək Quliyevə məktub ünvanlamaqla nümayiş etdiriblər. Məktubu olduğu kimi təqdim edirik:
"Xəzər TV”-nin "Futbol saatı” verilişinin redaksiyasına və şəxsən Beynəlxalq dərəcəli hakim Babək Quliyevə Lənkəran futbolsevərlərindən məktub:
"çox haqlı olaraq ürək yanğısı ilə futbolumuzda yaranan acınacaqlı vəziyyəti hər dəfə göstərir, həyəcan təbili çalırsınız. çünki "artıq bıçaq sümüyə dirənib”. Azərbaycan futbolunun inkişafına həyasızcasına «qəsd» və "təcavüz” edilir. Bu, əsl düşmənçilikdir! Buna başqa ad vermək olmaz. ölkə futbolunda baş verən qalmaqallar Azərbancan adına başucalığı gətirmir. Əksinə, belə halların baş verməsi Azərbaycan xalqının ümummilli mənafeyinə ziddir. Lənət olsun bu siyasəti müəyyən edənlərə və onu həyata keçirənlərə. çempionatın hər bir turunda baş verən haqsızlıqlar tamaşaçılarda kəskin əsəb və narazılıqlar yaradır. İnanın ki, bu, xüsusilə "qızışdırıcı siyasət” daşıyır. çox istərdik ki, ölkə rəhbəri bu məsələyə münasibətini bildirsin. Yoxsa, qarşıda acınacaqlı hadisələr baş verə bilər. Babək Quliyev, siz efirdə cəsarətlə həmin insanları ifşa edirsiz. Bütün futbol azarkeşləri adından sizə minnətdarıq . Bir mütəxəssis olaraq Azərbaycan futbolunun gələcəyi sizi narahat edir. İstər "Xəzər Lənkəran”, istər "İnter”, istərsə də "Qarabağ” Azərbaycan komandasıdır. Bu klublara yad münasibət bəsləyənlərə və parçalayanlara ar olsun. çünki onların siyasətləri heç bir elmə, əxlaqa, mənəvi və hüquqi normalara sığmır. Ona görə də artıq danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Məhz sizin düzgün analizlərinizlə futbolsevərlər təskinlik tapır. Bununla, milyonlarla tamaşaçı çempionatda baş verən hadisələrdən xəbərdar olur. Sizin kimi düzgün şərh verən təcrübəli mütəxəssislərə Azərbaycan futbolunun ehtiyacı var. Şükürlər olsun ki, siz varsınız. Bu da bir möcüzədir, möcüzə!!! Burdan da görünür ki, sizin kimi hakimləri uzaqlaşdırmaq onların işinə yarayır”.
Bizim qeyd: "Son zamanlar öz obyektiv çıxışları ilə diqqət çəkən Babək Quliyevin də hakimlik etdiyi dövrlərdə "Xəzər Lənkəran"a qarşı müəyyən qərəzləri mövcud olub. Lakin Xaqani Məmmədovun Hakimlər komitəsinə sədr təyin olunmasından sonra Babək bəyin kənarda qalması bəlkə də ona dərs olmuş və indi obyektiv mövqedə olmasına məcbur etmişdir. Hər insanın səhvləri olur deyə, ümid etmək istərdik ki, Babək bəy də bundan sonra hakimliyə qayıtsa belə, indiki obyektiv mövqeyini qoruyacaq."
|