Tanınmış yazar, "Bosman" fanklubunun idarə heyətinin üzvü Etibar Cəbrayıloğlunu sizlərə təqdim etməyə yəqin ki, ehtiyac yoxdur. Etibar bəy maraqlı və xüsusi yanaşma tərzi ilə seçilən bir çox yazıların müəllifidir. Onun bu dəfəki yazısı da bu günümüzlə aktual olan "Xəzər Lənkəran" ətrafında cərəyan edən məsələlərlə bağlı olduğundan sizin üçün də maraqlı olacaq.
Hakim mərkəzi
göstərir, "Xəzər Lənkəran"dakı "sehrli barmaq" isə...
Bu gün futbol üzrə növbəti milli
çempionat başlayır. Özü də yubiley çempionat. İyirminci dəfə keçirilən
marafonda yerli futbolçularımız legionerlərə qoşulub top qovacaq, mövsüm boyu
ora-bura qaçıb tər tökəcəklər. Yenə hakim mərkəzi göstərəcək, yenə mübahisələr
düşəcək. Əzəli rəqiblər bir-birinin ətini didəcək, sonra da
"qızıldan", "gümüşdən" götürüb sakit olacaqlar. Yenə Avropa
miqyaslı yarışlar başlayanda məlum olacaq ki, bütün bu həngamələr boşuna imiş.
Rəhmətlik Səməd Mənsur demişkən, həpsi rəngdi... Bizim klublar Biləcəridən o
yana adlayan kimi rüsvayçılıq başlayacaq.
Düzdü,
klublarımızın çoxu tez-tez xarici səfərə çıxır, Biləcəridən o yana keçirlər.
Lakin bu səfərlər ya çempionatdan əvvəlki hazırlıq dövrünə, ya da dövrələrarası
fasiləyə təsadüf edir. Oyunçularımız İngiltərəni, Avstriyanı, Slovakiyanı,
Bolqarıstanı gəzib-gəlirlər. Türkiyə su yoluna döndüyündən onu yazmıram. Elə
ki, Avrokubok yarışları başlayır... Uzaq ellərə oynaya-oynaya gedənlər xaricdən
ağlaya-ağlaya qayıdırlar. Nə yaxşı ki, "Qarabağ" var. Hər il Avroliqa
macərasının dadını bir-iki oyunluq da olsa artırır, azarkeşlərə qələbə
sevincinin nə olduğunu göstərir. Yəqin elə ona görə də "Qarabağ"a azarkeşlik
edənlərin sayı ilbəil artır.
Məni tanıyanlar bilir ki, "Xəzər Lənkəran"ın
fanatıyam. Doğma klubun əksər oyunlarını birbaşa stadiondan izləyirəm. Hətta bəzən
dostlara qoşulub komandanın məşqlərinə də gedirəm. Özü də "Xəzər Lənkəran"ın
məşqlərini izləyən tək mən deyiləm. "Ağ-yaşılların" məşq prosesinə gələn
azarkeşlərin sayı premyer-liqadakı bəzi mərkəzi oyunları izləyən tamaşaçıların
sayından çox olur.
Həqiqətən də "Xəzər Lənkəran"
bizim çempionata rəng qatıb. Uzun müddət futbolsuz qalan lənkəranlı fanatlara
böyük sevinc bəxş edən zəngin iş adamı Mübariz Mənsimov ən xoş sözlərə layiqdi.
Mübariz bəy cənubluların qəlbində elə bir yerdə taxt qurub ki, o zirvəyə
başqası heç ən son model "Boinq"lə də qalxa bilməz. Klubun hər şeyi
var. Avropa standartlarına uyğun stadionu və bazası, futbolu beş barmağı kimi
bilən azarkeş ordusu. Təəssüf ki, hətta "sehrli barmağı" da...
Nə sirdirsə bu "sehrli
barmaq" hər dəfə bir oyun çıxarır. Avroliqa oyunları yaxınlaşdıqca qazanı
necə qaynadırsa aləm bir-birinə qarışır. Mirça Rednik kimi səviyyəli mütəxəssis
baş məşqçi gətirildikdən sonra bir müddət yuxuya gedən "sehrli
barmaq" Avroliqa ərəfəsində yenə oyandı. Klubun aparıcı oyunçusu Parks rəqib
düşərgədə- "Bakı"da peyda oldu, Vobayın pasportuna möhür vurmaq çətinə
düşdü. İsrail "Makkabi"si ilə oyunlar ərəfəsi və sonrakı günlərdə
"sehrli barmaq" doyunca kef elədi. Hətta klub dağılmaq həddinə gəldi,
on minlərlə fanat ölüb-dirildi.
Hər il mövsüm öncəsi klubun düşərgəsinə
bir təyyarə legioner gəlir, mövsüm bitməmiş onların çoxunu yenə təyyarəyə
doldurub yola salırlar. Həmin "sehrli barmaq" sabit heyət olmasın deyə
hər cür fırıldağa gedir. Bu dəfə də eyni hadisə təkrarlandı.
"Makkabi"nin önünə oturuşmuş heyəti çıxarmaq mümkün olmadı.
Bu gün komanda
premyer-liqada oyuna çıxır, amma hələ də heyəti tam formalaşdıra bilməyib. Nə
gedənlər məlumdu, nə gələnlər. "Sehrli barmaq" komandanı hər dəfə
"söküb-yığmaqdan" nəyə görə belə həzz alır? Bu gün gələnləri də yəqin
qış fasiləsində geri qaytaracaq. Bəlkə aviabiletlərini də artıq sifariş verib.
Dağılacağı barədə söz-söhbət
gəzən klubdan tez-tez verilən rəsmi açıqlamalardan belə anlaşılır ki, "Xəzər
Lənkəran" əvvəlki kimi yenə iddiasını sürdürəcək. Deməli yenə qitə
miqyaslı yarışlara qatılacaq. Bu perspektivi nəzərə alan komandaya sabit heyət,
güclü legioner lazım olmayacaq?
Lap yadıma sovet dövründə
Lənkəranda baş verən bir hadisə düşdü. Məhərrəmlik ayında camaat Kərbəla müsibətini
əks etdirən şəbih hazırlayır. Yerlilərdən heç kim Yezid rolunu oynamaq istəmir.
Çox axtarandan sonra şəhərdəki hərbi hissələrdən birinin rus zabitini Yezid
rolunu oynamağa razı salırlar. Şəbihin sonunda Yezidin döyülməsi məqamı
yetişir. Camaat Yezidin acığını rus zabitindən çıxır. Zabit görür belə getsə
camaat onu öldürəcək. Onu döyənlərə üz tutub deyir:
- Məni niyə öldürürsüz? Gələn
il sizə Yezid lazım olmayacaq?
Bu gün premyer-liqada yubiley mövsümü başlayır. Futbolçular tər töküb
qol vuracaqlar. Ədalət təmsilçisi kimi görmək istədiyimiz hakimlər də mərkəzi
göstərəcəklər. Qalib gələn klubların azarkeşləri sevinəcək, uduzan tərəfin fanatları
ümidlərini ölməyə qoymayacaqlar.
Bizim "Xəzər Lənkəran"dakı "sehrli barmaq" görən nə
işlə məşğul olacaq?
Etibar Cəbrayıloğlu
|