Bildiyimiz kimi nəhayət, "Xəzər Lənkəran”
klubu boş qalmış baş məşqçi postuna ispaniyalı, 39 yaşlı mütəxəssis, Carles
Martorell Baquesi dəvət etdi və onunla gələn mövsümün sonuna qədər rəsmi
müqavilə imzaladı. Bu gün isə yerli vaxtla 14:00-da mətbuat konfransı keçirərək
onu ictimaiyyətə təqdim etdi. Mətbuat konfransında həm də jurnalistlərin
suallarına cavab verən "Barselona” məktəbinin yetirməsi, fikirlərini əsl bir
futbol bilicisi kimi izah edib. Təkcə onun "komandaya yeni oyunçular gətirəcəksiniz?”
və "yeni komandanız "Barselona” stilində oynayacaq?” kimi suallara, "mən artıq
bu komanda ilə bir müddətdir ki, tanışam” və "müqayisə etməzdim, hər bir
komanda üçün onun potensialına uyğun taktika qurulur” kimi cavablar verməsi hər
halda onun futbol biliyinin yüksək olduğuna bir işarədir. Qalır professional
komandada praktik olaraq baş məşqçi kimi özünü sübut məsələsi. Güman edirik ki,
bu baxımdan da Carles Martorell Baques işinin öhtəsindən gələcək.
Bu arada onu da deməliyik ki, Mirça
Rednikin gedişindən sonra "Xəzər Lənkəran”ın xeyli zəifləyərək iddiasız duruma
düşməsi, onun doğma azarkeşləri kimi futbol ictimaiyyətini də narahat edən məsələlərdən
idi. "Xəzər Lənkəran” kimi komandanın "yoxluğunda” çempionatda rəqabətin
azalması və zəif duruma düşməsi ona olan marağın azalmasına gətirib çıxarmışdı.
Bunu hər mənada hiss etmək mümkün idi.
Elə Carles Martorell Baqueslə
imzalanan rəsmi müqavilədən sonra dost "Simurq” azarkeşlərinin fanklubumuzun rəhbərinə
zəng edərək onu təbrik etməsi və bizim vasitəmizlə bu təbrikin bütün "Xəzər Lənkəran”
azarkeşlərinə çatdırılma xahişi, onu göstərir ki, nəinki komandamızın azarkeşləri,
bütün sağlam futbol ictimaiyyəti "Xəzər Lənkəran”ın son durumuna və rəqabətin
azalmasına görə narahatlıq hissləri keçirirmiş. "Simurq” fanklubunun rəhbəri
Maqsud Xeyrulla bütün zaqatalalı azarkeşlər adından bunları çatdırıb: "Hörmətli
Mirhafiz bəy, "Xəzər Lənkəran”ın son durumu əlbətdə bizləri də narahat edirdi.
O baxımdan ki, həmişə iddialı olan və Azərbaycan futbolunda xüsusi yeri olan "Xəzər
Lənkəran” komandasının son durumu əlbətdə ürəkaçan deyildi. Bunun nəticəsində də
çempionatda rəqabətin zəifləməsi və marağın azalması bütün sağlam futbolsevərlər
kimi bizi də narahat edirdi. Bildiyimizə görə komandanız "Barselona” məktəbinin
yetirməsi olan bir məşqçi ilə müqavilə bağlayıb (bunun təsdiqini bir daha
soruşur). Sizin simanızda bütün "Xəzər Lənkəran” azarkeşlərini təbrik edir və
bunu hamıya çatdırmağınızı xahiş edirik. İnanırıq ki, bundan sonra komandanız
lazımi səviyyədə güclənəcək və çempionatımıza əvvəlki tək maraq artacaq. Bizim
istədiyimiz də yalnız rəqabətin güclü olmasıdır. Sizlərə və komandanıza
zaqatalalı azarkeşlər adından uğurlar arzulayırıq.”
Eyni zamanda biz də cari mövsüm
xeyli güclənmiş və çempionata xüsusi rəqabət və gözəllik gətirmiş "Simurq”
komandasına və onun azarkeşlərinə uğurlar arzulayırıq və göstərdikləri diqqətə
görə çoxsağolun deyirik.
|