Artıq
məlum olduğu kimi bu gün Azərbaycanın şimal-qərb hissəsində yerləşən Zaqatala
rayonu ərazisində güclü zəlzələ qeydə alınıb. Episentri, Zaqatala şəhərinin cənub-qərbində
olan zəlzələnin gücü, Rixter şkalasına görə 7 bal olub ki, bu da yaxın ətraf
rayonlarda da hiss olunub. Səhər saat 9:40 radələrində baş verən zəlzələ son
illər respublika ərazisində olan ən yüksək yeraltı təkandır.
"Bosman”
fanklubu olaraq bizim də Zaqatalanın "Simurq” klubunun azarkeşləri ilə dost
münasibətimizin olduğundan bu təbii fəlakətə görə narahatlığımızı onlara
çatdırmağı özümüzə borc bildik və hər hansı köməyə ehtiyacın olduğunu soruşduq.
Belə ki, "Simurq” azarkeşi olan Maqsud bəyə telefon açaraq ondan bəzi məlumatları
da öyrənə bildik:-" Çox sağ olun ki, futbolda
olan dostluğunuzu belə bir gündə də yaddan çıxarmamısınız. Zəng edib
maraqlandığınıza görə bütün uşaqlar adından təşəkkürümü bildirirəm. Onu deyim
ki, bir az panika yaşandı. Doğurdan da çox güclü təkanlar oldu. Birinci olan əsas
təkan təxminən 4-saniyə çəkdi. Daha sonra təxminən 20-dəqiqə fasilələrlə bir
neçə zəif təkanlar da qeydə alınıb.
Bir sıra köhnə tikililərdə
dağıntılar olsa da hündür binalarda hər hansı dağıntı haqqında məlumatımız
yoxdu. Mən özüm telefon dükanında işləyirəm. Dükanda olan telefonlar təkanların
gücündən döşəməyə dağıldı. Bir çox adamlar qorxu üzündən özlərini pəncərədən və
ya binadan aşağı atdıqlarından yüngül bədən xəsarəti alanlar var. Amma şükürlər
olsun ki, heç bir ölüm faktı haqqında məlumat yoxdur. Artıq məktəblərdən və uşaq
bağçalarından uşaqlar evə buraxılıb. Onu da deyim ki, Fövqəladə Hallar Naziri
artıq Zaqataladadır və fəlakətin qalıqlarının aradan qaldırılması işləri ilə məşğuldurlar.
Sizə bir daha maraqlandığınıza görə təşəkkür edirəm və bütün uşaqlara zənginiz
haqqında məlumat verəcəyəm. Hər hansı şeyə ehtiyacımız yoxdur. Yalnız mənəvi dəstəyə
insan belə vaxtlarda ehtiyac duyur ki, onu da zənginizlə etdiniz. "
Bir
daha "Simurq” azarkeşlərinə və bütün Zaqatalalılara keçmiş olsun deyirik.
"Bosman” fanklubu 07.05.2012. Saat:
13:58
|