Üç il əvvəl çempionluq yolumuzda "Bakı”
komandası qalmışdı. Son turda evdə bu komanda üzərində qələbə qazanacağımız təqdirdə
çempionluğumuzu qeyd edəcəkdik. Müasir tələblərə cavab verən Lənkəran stadionu,
məşhur Ozerov demişkən "stadion do otkaza” həddində dolu idi. Buraya toplaşan
azarkeşlər isə sadəcə 90 dəqiqənin bitimini və təbii ki, sevimli komandanın
qələbəsi fonunda ÇEMPİONLUĞUMUZU qeyd etməyə hazırlaşırdılar. Çünki son ev
oyunu və möhtəşəm bayram əhvallı azarkeşlərin önündə buna nail olmaq üçün hər
hansı bir motivasiya və ya ciddi hazırlıq tələbatı bəlkə də artıq idi. Çünki
vəziyyət elə özü daha böyük motivasiya idi. Meydana çıx! Bu böyük bayram əhvalı
altında qələbə qazan və ilk olaraq doğma meydanda öz azarkeşlərinlə birgə bu
bayramı qeyd et! Rəqib isə kifayət qədər basqı altında oynayacaqdı...
Hər cür müasir tələblərə cavab verən bu stadion və komanda təkcə azarkeşlərin tələblərinə cavab verə bilmədi. Təəssüflər
olsun ki, bu bayramı bizə doğma meydanda yaşada bilmədin! Daha sonra elə həmin
il yenə bu komandaya kubokun finalında ləyaqətsizliklər fonunda uduzdun. Yenə
biz azarkeşlər bu ləyaqətsizliyə özümüzü sipər etdik, sevgimiz olan səni
qoruduq, küsmədik daha da sıx müdafiə etdik!
Sən
isə bununla A. Mircavadovu uzaqlaşdırıb, həmin komandanın ləyaqətsiz məşqçisinə
göz dikdin. Onu azarkeşlərin təhqir olunmasına rəğmən komandaya gətirib,
sonralar ürəklərində taxt qurmuş Mirça Redniki uzaqlaşdıraraq onun yerinə
gətirdin. Biz mübarizə apardıq, incidik, lakin sevgimiz olan "Xəzər Lənkəran”a
arxa çevirmədik. Onu yenə də dəstəklədik!
Bu mövsümün son təsnifat turu yenə müəyyən
mənada yolumuz bu komanda ilə kəsişdi. Bu dəfə çempionluq yolunda deyil,
altılığa düşmək yolunda idi bu kəsişmə. Bu komanda xal itirəcəyi təqdirdə, biz
düşəcəkdik ilk altılığa. Bu məqsədlə ürəyində "Xəzər Lənkəran” sevgisi olan hər
bir kəsi, bu rəqibi büdrətmək üçün onun stadionuna və onun rəqibini dəstəkləmək
üçün çağırış etdik. Bəli, "Bakı”-"Rəvan” oyununda gözlənilən qədər olmasa da,
kifayət qədər "Rəvan”a dəstək verən "Xəzər Lənkəran” azarkeşi var idi. Bununla iki şəhər arasında sevgi dolu ürək körpüsü yaratdıq. Hansı ki, sən bu körpüdən keçib altılıq mübarizəsinə gəlməli idin. Onlar
aktiv və cani-dildən dəstək verirdilər, təki, "Xəzər Lənkəran” altılığa
vəsiqəni təmin etsin. Fürsətdən istifadə edib, bu məqsədlə "Rəvan”ı
dəstəkləməyə gələn hər bir "Xəzər Lənkəran” azarkeşi önündə baş əyirik. Onlar
sözün əsl mənasında fədakar insanlardır və komandanın xoşbəxtliyi naminə, ən
yaxşılara layiqdirlər.
Onlar
əllərindən gələni etdilər. Altılıq yolundakı
rəqibimiz öz meydanında hətta məığlub duruma düşdü. Bir az sonra bərabərlik
qolunu vuran "Bakı” ya heç bu hesab da sərf etmirdi. Amma sənin yolunda "Rəvan”a
bu dəstəyi verən və səni altılığa daşımaq üçün dəqiqələri sayan bu fədakar
azarkeşlər üçün sən nə etdin? Nə etdin? Doğma meydanında ardıcıl məğlub
durumlara düşdün. Rəqiblərin yarışında sənə dəstək üçün gələnlərin ümidlərini
alt-üst etdin, onları sındırdın, həvəsdən saldın və nəticədə susqun saxladın.
Altılıq yolundakı rəqibin isə bu susqunluqdan istifadə edərək qələbə, yəni
altılıqda iştirak qolunu vurdu. Lap vurmasa idi, məgər güclə iki dəfə yenik
duruma düşdüyün və penaltilərlə bərabərləşdirdiyin məğlubiyyət durumu, səni
altılığa daşıyacaqdımı? Əsla yox!
Azarkeş sənin
üçün çox şey etdi, lazımi dəstəyi artıqlaması ilə göstərdi. Sən isə
doğmalarının önündə boyun əydin. Bundan sonra, hansısa qələbəni "azarkeşlərə
həsr etdik”, kimi kəlmələri deməyə nə komanda üzvlərinin və nə də klubu bu kökə
salmış rəhbərlərin haqqı çatmır. Qabaqda kubok mübarizəsi olduğundan hələ
sözlərimizi tam demirik. Heç olmasa bu yarışda məsuliyyətli olmağa bir daha
çağırırıq. Sonra deməyin ki, azarkeşlər bizə mane oldu. Bundan sonra isə hesab
sorub ya düzəldərik ya da artıq...