"Olimpiya”
ilə məşhur oyundan sonra "Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyi baş verdi.
Postundan ayrılan yerli mütəxəssis Ağasəlim Mircavadovu Rumın baş məşqçi Mirça
Rednik əvəzlədi. Hadisələrin təfərrüatına çox da varmadan müəyyən məqamlara
toxunmaq istərdik. Komandanı tərk etmiş Ağasəlim Mircavadov özündən sonra heç də
ideal heyət qoyub getməmişdi. Bəlkə də onun gedişinə müəyyən heyətsizlik səbəb
olmuşdu ki, bu da onun məcburi istefası ilə nəticələnmişdi.
Belədə
komandanın sükanı arxasına keçmiş rumıniyalı baş məşqçi Mirça Rednik iyirmi gün
ərzində lazımi döyüşkən heyət qura bilmişdi ki, bu da onun necə bir mütəxəssis
olduğunu deməyə əsas verir. Tələsik qurulmuş heyətlə Rednik lazımi nəticələri
sıralamağa başladı. Daha sonra Mirça Rednik, qış fasiləsində tələsik qurulmuş
heyəti bir az da keyfiyyətli maşına çevirmək üçün bir sıra futbolçuları da
komandaya cəlb etməli oldu. Uğurlar qazanan komanda və onun baş məşqçisi
Avroliqa oyunları öncəsi heyəti bir az da günün tələblərinə uyğun qurmalı idi
ki, bunu da müəyyən qədər həyata keçirmiş oldu. Belədə bəziləri onu çox
futbolçu almaqda suçlayırdı ki, bunun da əsas səbəbi komandanın daim inkişaf edərək
daha yüksək səviyyələrdə mübarizə aparmalı olduğunu unudirdular. Mirça Rednikin
stabil heyəti bəlkə də bu il qurulacaqdı. Artıq müəyyən səviyyələrə davamlı heyətin
vaxtı çatmışdı. Amma mərdimazarlar qoymadı. Müxtəlif səviyyələrdə onun işinə
maneələr yaradıldı ki, sonda Rednikin komandadan ayrılması ilə nəticələndi.
Ötən
tur Gəncədə səfər qələbəsi qazanan komanda bu gün də doğma meydanda boş
tribunalar arasında "Bakı”ya üç top fərqi ilə qalib gəldi. Belədə bəzi səthi
futbol biliyinə malik insanlarda və ya məqsədli olaraq belə fikirlər səsləndi:
"Görürsünüz, komanda Biçərlə necə oyun göstərir. Həmin komandadır da... Rednik
taktika qura bilmirdi..” və sair və ilaxır. Həmin şəxslərə bəzi xatırlatmalar
etməli olduğumuzdan bunları deməliyik. –Bəli, komanda həqiqətən də oyun göstərib
qələbə qazandı. Bunu inkar etmək mümkün deyil. Həmçinin onu da inkar etmək
mümkün deyil ki, bu komanda Rednikin qurduğu bir maşındır. Biçər bu maşına hər
hansı detal (futbolçu) əlavə etməyib ki, onun rahatlığını, gediş sürətini və
sair amilləri dəyişsin, Xeyir! Sadəcə Rednikin qurduğu maşını idarə etməklə
uğur qazanıb. Görün Rednik necə bir mütəxəssisdir ki, qurduğu maşın həvəskar
sürücü əlində belə uğur qazana bilir. "Bakı”da Bülənt Korkmazın qurduğu maşınla
bir neçə kilometr irəliləyən Biçərin əlində indi Rednikin qurduğu daha mükəmməl
bir maşın var.
İndi mübahisə
mövzusu bu maşının idarəçiliyi ilə bağlı ola bilər. Sual doğuran məsələ o ola
bilər ki, necə olur ki, Rednik belə bir maşını idarə edə bilmirdi? Bu sualın
cavabını isə ötən günlərə diqqətlə nəzər saldıqda görməmək mümkün deyil. Birincisi
hansı məntiqlə demək olar ki, belə bir mexanizm quran bir mütəxəssis onu idarə
edə bilməsin. Daha sonra digər məsələləri də yada salsaq, görərik ki, onun
qurduğu maşın tez-tez kimlərsə tərəfindən zədələnir, detalları (futbolçular) isə
süni surətdə bəzi "ustalar” tərəfindən xarab edilirdi. Bəzən isə məhəllənin tərbiyəsiz
uşaqları gah bu maşının təkərlərinin havasını boşaldır, gah müəyyən əl çatan
boltlarını boşaldır, "ustalar” isə ehtiyat hissələrin olmadığını bəhanə gətirərək,
brak hissələrlə maşını "təmir” edirdilər və beləcə səfərlərə hazırlaşan maşın
sınıq-salxaq formada yola çıxmalı olurdu. Bir az geriyə boylansaq, komandada
Rednikin son dönəmində zədə epidemiyası baş qaldırmışdı. Futbolçular zədəli
olduqlarını bəhanə gətirərək, meydana çıxmaqdan imtina edirdilər. Belədə Mirça
Rednik məcburiyyətdən hansısa futbolçunu ona uyğun olmayan mövqedə oynatmalı
olurdu ki, bu da bəzi məqsədlilərin əlinə bəhanə verirdi.
İndi necə oldu ki, qrip
epidemiyası kimi, bu zədə epidemiyası da birdən başladı və birdən də sağaldı? Hər
kəs mövqeyinə qayıda bildi. Biçər nə vaxt öz maşınını sürərsə, onda ona mütəxəssis
demək olar. Amma onun bunun maşınını sürmək, hələ peşəkarlıq demək deyil. Əlbəttə
elə bir gün olsa onu ilk alqışlayanlardan biri ola bilərik. Amma futbol özünü
sübut edənlərin oyunudur. Sonda bir şeyi də xatırlatmaq yerinə düşər. "Bakı” ilə
ilk dövrədə Parksa şans verən qapıçımız bu oyunun son dəqiqələrində eyni
epizodda topu cəld uzaqlaşdırmaqla həmin Parrksa heç bir şans vermədi. Əhsən,
belə oynamaq lazımdır!
|