Yazıya
bu başlığı verməyimizin bir neçə səbəbi var. Səbəblərdən biri bir tarixi hadisənin
qədim Parisin balıq bazarında baş verməsidir. Həmçinin yaxın zamanlarda Lənkəran
şəhərinin balıq bazarında baş verən bir hadisə də belə bir yazıya səbəb oldu. Bəzi
ağzıgöyçəklərin bu yazıya "bazar söhbətləri”dir deyə məna verməməsi üçün bu cür
yanaşma ilə çıxış etməli olduq. Əslində belə bir yazını bir müddət əvvəl
planlaşdırırdıq. Bu müəyyən səbəblərdən yubandı. Lakin son günlər yenə meydana
çıxan bazar söhbətləri mövzunu aktuallaşdırmış oldu. Yazının yubanma səbəblərindən
biri bəlkə də kimin isə dediyi fikirləri qabartmaq istəməməyimizdən irəli gəlirdi.
Lakin ...
Bizə
daxil olmuş məlumata görə Lənkəranda keçirilən AZAL-la oyundan öncə klub rəsmisi
Gəray Qarayev şəhərin bazarına gəlmiş və balıq almaq üçün "balıq bazarı” deyilən
məkanda olmuşdur. Burada əhalinin çox hissəsi təbii ki, Gəray müəllimi tanımış
və futbolla bağlı çoxlu sorğu-sual etmişlər. Gəray müəllim də ekrandan deyə bilmədiyi
bir çox məsələləri bildiyi qədər maraqlananlara söyləmişdir. Onun söylədiklərinin
içərisində "bu il sizi çempion olmağa qoymayacaqlar”, "heç kuboku da almağa
qoymayacaqlar”, "heç ikinci yeri də tuta bilməyəcəksiniz. Sizə yalnız üçüncü
yer nəzərdə tutulub” kimi fikirlər söyləmişdir. Bundan narahat olan "Xəzər Lənkəran”
azarkeşləri bizə də zəng edib bunun qarşısının alınması üçün belə məsələləri
işıqlandırmağımızı xahiş etmişdilər. "12cioyuncu.info” saytında bu məsələyə iki
yazı ilə toxunulsa da, biz hələki dediyimiz səbəblərdən və bir az da dəqiqləşdirmə
səbəbindən gözləməli olmuşduq. İndi isə uyğun görüntülər də olduğundan çıxış
etməli olduq. Bura əlavə olaraq Kazbek Tuayevin "Xəzər Lənkəran”ı "qaraçı
alayı” adlandırmasını, Rail Məlikovun "Bakı” ilə oynadıqları son çempionat
oyunundan sonra dediyi "Bakı belə oynayarsa, "Xəzər Lənkəran”ı kubokdan kənarlaşdırar”
və sonra da Elnur Allahverdiyevlə bağlı dedikləri "çaqqal ulayır”, " onun
getdiyi yer Lənkəran bazarıdır”, "bazardakılar "Xəzər Lənkəran azarkeşləridir”
kimi fikirlərin meydana çıxmasını əlavə etmək olar.
Gəray
Qarayevin dediklərinə müəyyən qədər aydınlıq gətirdik və bu özünü həyatda da
doğrultmaqdadır. Amma Gəray müəllim həmin turdan sonra "İdman Azərbaycan”
telekanalındakı "Premyerliqa” verilişində aparıcı Rəşad Rafiqoğlunun ona
ünvanladığı, "çox sevindirici haldır ki, əsasən Lənkəranda belə möhtəşəm
azarkeşlik var” deməsinə, Gəray müəllimin cavabı belə oldu: "Bəli, çox
sevindirici haldır ki, artıq orda da futbolu başa düşməyə başlayıblar...”. Biz
isə Gəray müəllimin nəzərinə onu çatdırmaq istəyirik ki, Lənkəranda lap çoxdan
futbol oynanılır. Buradakı insanlar futbolu çox gözəl anlayır. Təsadüfi deyil
ki, bu il Lənkəranda futbolun 90-illiyi qeyd olunacaq. Bundan da əvvəl futbolu
başa düşüblər ki, sonra onu oynamağa başlayıblar. Bu isə Gəray müəllimin
yaşından da çox bir zaman deməkdir və belə fikir söyləyərkən diqqətli olmaq
lazımdır. Lənkəranda futbol 2004-cü ildən,
yəni "Xəzər Lənkəran” futbol klubu bərpa olunduqdan sonra yaranmayıb. SSRİ
dövründən əvvəl də Lənkəranda futbol olub, SSRİ dövründə isə həmin ölkənin
ikinci dəstəsində Lənkəranın "Xəzər” komandası uğurla çıxış edib. Hər zaman isə
bu komandaya möhtəşəm azarkeşlik olub. Əgər siz futbol adamısınızsa, bütün
bunları yaxşı bilməliydiz ki, belə bir fikir səsləndirməyəydiz. Bu Azərbaycanın
futbol tarixinin parlaq bir hissəsidir.
O
dövrlərdən söz düşmüşkən 1978-1982-ci illərdə Lənkəranın "Xəzər” komandasının
baş məşqçisi olmuş və Azərbaycanın futbol tarixinin tanınmış simalarından olan
Kazbek Tuayevin son fikirlərini heç də ona yaraşacaq sözlər olmadığını demək
istəyirik. Yaddaşlarımızda Lənkəran "Xəzər”i ilə gözəl xatirə kimi qalmış
Kazbek Tuayev əvvəl işlədiyi yer və komanda haqqında belə sözlər deməməli idi.
Əslində "Futbol+” qəzetinin müxbiri Hüseyn Cəbrayıloğlu bu məsələ ilə əlaqədar
çıxış etdiyi yazıda kifayət qədər samballı fikirlər söyləyib. Biz də onu əlavə
etmək istərdik ki, o vaxt böyük SSRİ dövlətində indi legioner deyə
adlandırdığımız Rusiya vətəndaşları da elə Kazbek Tuayevin məşqçi olduğu dövrdə
də az deyildi. Yerli futbolçularla yanaşı komandamızda kifayət qədər başqa
respublikaların vətəndaşları da top qovurdu. Söhbət yerli futbolçulardan gedirsə.
Elə Kazbek Tuayev komandada baş məşqçi işlədiyi dörd il ərzində Lənkəran
komandasına digər respublikalardan 135 futbolçu dəvət edib. Bunlardan
Çeremisov, Abayev, Burayev, Çuprinin, Xramov, Jukov, Ketaşvili və sairlərini
misal çəkmək olar. Dörd ildə digər respublikalardan 135 futbolçu dəvət edən
Tuayev, indi yerli-legioner məsələsinə niyə bu qədər qısqanc yanaşır. O dövrlərdə
kifayət qədər legioneri dəvət etməkdənsə, yerli futbolçu yetişdirsəydiniz, bəlkə
də indi legionerlərə bu qədər ehtiyacımız olmazdı Kazbek müəllim! Həm də ki, "Xəzər
Lənkəran” bu gün ölkənin ən güclüsüdür deyirik! Bəlkə buna görə bəziləri bunu həzm
edə bilmir?
Rail
Məlikovun həm əvvəllər klub yoldaşına, həm də indiki milli komanda yoldaşı
olan Elnur Allahverdivevlə bağlı, həmçinin "Xəzər Lənkəran” azarkeşlərini "bazar
adamları” anlamına gələn açıqlamalar verməsi isə öz səviyyəsinə işarədir.
Oynadığı kluba hörmət etməyərək onun formasını yerə çırpan, doğulduğu ili,
adını, soyadını dəyişən birisindən əlbətdə bunu gözləmək olar. Rail bəyin nəzərinə
bir şeyi də çatdırmaq istəyirik ki, bir vaxtlar "Birlik kuboku”nda Ermənistanın
"Pünik” klubuna qol vurmuş və sonradan 2004-cü ildə "Qızıl oyun”da "Xəzər Lənkəran”a
da qol vurmuş Ruslan Abbasovdan soruşanda ki, hansı qol sənin üçün daha
yaddaqalan olub? Cavabında Ruslan Abbasov: ”əlbətdə "Xəzər Lənkəran”a vurduğum
qol! –demişdi. Bəlkə də onun "Xəzər Lənkəran”a vurduğu qol daha baxımlı idi.
Amma bir azərbaycanlı kimi o belə düşünməməli və belə deməməliydi. İndi hanı bəs
Ruslan Abbasov. Yenə "Neftçi”də oynayırmı?
Xeyr, az sonra o komandadan kənarlaşdırıldı. İndi bir futbolçu kimi
ortalıqda da yoxdur. Amma dediyi sözlər tarixin yaddaşında onu kölgədə saxladı
Bax bunları düşünmək lazımdır.
Lənkəranın
bazarı, xüsusən də balıq bazarı ilə bağlı fikirlərimizi söylədik. Qaldı Parisin
balıq bazarı məsələsinə, mövzunun müəyyən hissəsi bazarla əlaqədar olduğundan və
ağzıgöyçəklərin bunu bazar söhbəti kimi qələmə verə biləcəyi üçün qədim Parisin
balıq bazarından bir misal çəkməyi də uyğun bildik.
Qədim Parisin
tör-töküntülü balıq bazarında bir balıq satan qadının kimdən hamilə olduğu bilinməyən
elə balıq satdığı stolun (polkanın) altında günün günorta çağı bir uşaq dünya gətirməsi
ilə başlayan bir tarixçə var. Bu haqda "Parfümer” adlı gözəl bir film də çəkilmişdir.
Filmlə tanış olmayanlar, mötərizədə təqdim etdiyimiz link vasitəsi ilə izləyə
bilərlər ( http://www.filmvaktim.net/koku-filmi-izle/turkce-dublaj-izle.html
). Uşağı dünyaya gətirib, sonra onu elə orada da atan qadının aqibəti edam
olursa, uşağın aqibəti isə daha fərqli olur. Sonra ovaxtkı uşaq evinə verilən
Jan Batist Qrani burada böyüyərək gənc yaşa çatır. Lakin hamıdan fərqlənən bu
uşaq fövqəladə iybilmə qabiliyyəti ilə seçilir. O, bunu özü də dərk edir. Sonra
onu gətirib Parisin başqa bir bazarında qul kimi satırlar. Buradan başlayan həyat
yolu isə onu birvaxtlar, 30 il əvvəl İtaliyadan gəlmiş və Parisdə məhşurlaşmış
olan ətriyyat mütəxəssisi Cüzeppe Valdininin yanına gətirib çıxarır. O, burada
öz xüsusi istedadıyla Cüzeppe valdininin diqqətini cəlb edir. Ondan ətriyyatın
bir çox sirlərini öyrənir. Cüzeppe Valdininin ona söylədiyi əfsanəvi ətir
haqqında məlumatlanır. O, sonradan özündə olan fitri istedadıyla bunun
hazırlanması haqda fikirləşir. Bunu həyata keçirmək üçün isə o qatilə çevrilmiş
olur. Belə ki, insan övladının hiss edə bilmədiyi iyləri o gözəl qadınlarda təbii
olaraq olduğunu dərk edir. Bunun üçün isə o belə iyə malik olan qadınları
öldürüb onların bədənlərindən gələn həmin qoxunu müxtəlif üsullarla maye
halında çıxarmalı olur. Əfsanəvi ətir 12 komponentdən ibarət olduğu üçün o, 12
qadını öldürməli olur. Nəhayər əfsanəvi ətir hazır olandan sonra o, ələ keçir, edam
qərarı verilir. Böyük və minlərlə insan olan bir meydanda onu edam qurğusuna gətirən
zaman Jan Batist, özü ilə hazırladığı ətiri də götürmüş olur. Ətirin müəyyən
hissəsini üzərinə damcıladandan sonra nəinki onun ölümünü israrla tələb edən
minlərlə insan, hətta cəllad və hakimlər belə bu gözəl iydən özlərindən gedir və
hamı bir-birinə sarılır. Beləcə adamların arası ilə sakitcə çıxıb öz uşaqlığı
keçən məhəlləyə tərəf gəlir. Gəlib məhəllədə yaşayan adamlara yaxınlaşanda isə ətiri
büs-bütün üzərinə tökür. Əvvəlkilər kimi məst olan insanlar onu öpüb-yalamağa,
sonra isə yeməyə başlayırlar. Bir neçə dəqiqə sonra isə Jan Batistdən heç bir əsər-əlamət
qalmır və o, öz kəşfinin qurbanı olur.
İndi bizim
futbol aləmində kimlərsə nəsə söyləyərək özlərini sanki kəşf etmiş alim kimi
aparanda fikirləşməlidirlər ki, sonra öz "kəşflərinin” güdazına getməklə tarixə düşməsinlər.
|