"Xəzər Lənkəran” bu mövsümün son
matçına çıxır. 18-ci Azərbaycan kubok turnirinin finalı. Heyhat, bu mövsümün
çempionluğunu son turda əldən verdik. Özü də elə kubokun finalında oynayacağımız
"Bakı” klubuna öz meydanımızda məğlub olmaqla. İndi nominal və elə həqiqi ev
sahibi "Bakı” klubudur (Çünki "Bakı”nın ev oyunlarını keçirdiyi stadion məhz
Respublika Stadionudur). Bu məğlubiyyət acısını indi onlara daddırmağın
vaxtıdır. "Bakı” çempionatın son turunda bizə qalib gəlməklə, çox cüzi (daha
başqa iki oyunun nəticəsindən asılı olduğuna görə) çempion olma şansından heç
nə əldə edə bilmədi. Amma biz kubokun finalında onlara qalib gəlməklə kuboka
sahib çıxacağıq.
Sonuncu tur qələbə qazanıb çempion
olacağımıza görə biz azarkeşlər bu oyuna necə də möhtəşəm hazırlaşmışdıq. Hansı
hisslər, hansı düşüncələr, hansı daha nələr...
Bu matçı uduzub çempionluğu əldən
verdikdən sonra, sanki bizim üçün hər şey bitti deyə şok yaşadıq. Həqiqətən də
bu belədir,sanki bizim üçün hər şey bitti deyə depressiyaya qapıldıq. Heç
kubokun finalına da, nədəki əvvəlcədən vəsiqəni təmin etdiyimiz Avrokubok
oyunlarına da inamımız elə sarsıldı ki, sanki, "Xəzər Lənkəran”la bağlı
hisslərimiz dərin bir quyuya düşmüş və onun oradan çıxarılması belə
mümkünsüzdür. Yəqin komandada da belə depressiv hisslər yaşanmamış deyil. Əgər
biz azarkeşlər və komandamız bu hisslərdən qurtula bilməsək, doğurdan da "Xəzər
Lənkəran” və biz azarkeşlər üçün uzun müddət çox şey bitmiş olacaq.
Lakin bu belə olmamalıdır. Biz bunu
çempionluğun və çox şeyin itirilməsi kimi yox, sadəcə bir oyunluq məğlubiyyət
kimi başa düşməliyik. Əgər belə olsa biz tez bir zamanda toparlanıb, həm kuboku
qazanar, Avrokuboklarda uğurlu çıxışa başlayar və nəhayət gələn mövsüm
ugurlarımızı davam etdirərək növbəti titullar qazanmaqla hər şeyi unuda
bilərik. Dunyanın ən güclü və məşhur klubları da zaman-zaman belə aqibət
yaşayıblar. Dəfələrlə Almaniya çempionu olmuş "Kayzerslautern”, İngiltərə
çempionatında at oynadan "Lids” indi aşağı divizionda "vaxt keçirir” İspaniyada
oyunu ilə sanki güclü küləyi xatırladan "Deportivo”nun indiki halı acınacaqlı
deyilmi? Birvaxtlar İngiltərədə və ümumiyyətlə Avropada rəqib tanımayan
"Mançester Siti” uzun illərdən sonra indi indi özünə gəlməyə başlayıb. Belə
misallar çoxdur, amma kimisi bu vəziyyətdən illərlə çıxa bilmir, kimisi isə çox
qısa müddətə hər şeyi unutturub yenidən "Mən burdayam!” deməyi bacarır.
İndi dəfələrlə bizə məğlub olmuş
"Bakı” klubunun bəzi oyunçuları mətbuat vasitəsilə kimisi bizə yenə həmin
aqibəti yaşadacaqlarını deyir, kimisi barmaq silkələyir, kimisi "Xəzər
Lənkəran”dan çox güclü olduqlarını və bizə meydan oxuduqlarını deyirlər. Onlar bir
neçə dəfə bizə böyükhesablı məğlubiyyətlərini nə tez unutdular? Amma özlərinin
bir neçə dəfə olan minimal hesablı
qalibiyyətləri gör onları necə də çaşqınlığa salıb.
Ey "Xəzər Lənkəran” azarkeşi indi
deyin bunlara dözək? Yoxsa komandamıza final oyununda güclü dəstək verib qələbə
çalmaqla onlara öz yerlərini göstərək? Bizə hansı yaraşır? Onlar unudurlar ki,
"Xəzər Lənkəran”la oynamaq "odla oynamaq” kimi bir şeydir. Çünki belə bir deyim
var: "Azərbaycanda Futbolun Günəşi Cənubdan Doğur!” Bəli, "Xəzər Lənkəran”
Futbolumuzun Günəşidir! Günəş isə od yağdırır! "Xəzər Lənkəran”la oynamaq odla
oynamaq kimidir. Odla rəftarı bacarmayanlar isə yanıb kül olmağa məhkumdur.
Gəlin finalda bunu sübut edək!
P. S.
Bu arada çox yaxşı münasibətdə olduğumuz "İnter” azarkeşləri də 50
azarkeşlə bizlərə dəstək olmaq üçün "Bosman” fanklubuna müraciət etmişlər.
|