Hər hansı yarışda və ya döyüşdə hələ tam
qələbə və ya məğlubiyyət rəsmiləşməmiş yaranan fasiləyə nisbi sakitlik kimi dəyər
verilir. Çünki nəticəni bəlli edəcək döyüşün hələ qabaqda olduğu və hadisələrin
necə cərəyan edəcəyi gələcək zamana bağlıdır. Bu mənada qarşıdakı yarışın və ya
döyüşün qələbə ilə bitməsi, əvvəlki mərhələdə buraxılan səhvlərin düzgün
analizindən və imkan daxilində aradan qaldırılmasından asılıdır.
Dünən doğma "Xəzər Lənkəran” cari mövsüm
avroliqanın ilk təsnifat mərhələsində evdə Estoniya təmsilçisi, Tallinin "Nomme
Kalyu” komandasını qəbul etdi. Görüş 2:2 hesabı ilə yekunlaşdı. Favorit "Xəzər
Lənkəran” sayılır və bunun da sübutu komandanın ev oyununda qazanacağı
böyükhesablı qələbə olmalı idi. Hər halda çoxları belə düşünür və gözləyirdi.
Çoxları deyəndə ki, elə komandamızın baş məşqçisi Yunis Hüseynov son müsahibələrinin
birində müxbirə, hər hansı qələbədən yox, konkret 3:0, 4:0 hesabından danışın,
demişdi. Yəni rəqib qapısından 4 cavabsız top keçirəcəyimizi söyləmişdi. Düzdür
oyunda 4 top qapllara vuruldu, bu proqnoza görə Yunis müəllimi təbrik etmək
olar. Amma onun dediyi kimi hamısı "Nomme Kalyu”nun qapısına yox, ikisi elə öz
qapımıza vuruldu. Bunun isə mahiyyəti tam başqadır. Belə ki, doğurdan da 4
topun hamısı "Nomme Kalyu”nun qapısına vurulsaydı, əlbəttə "Xəzər Lənkəran”
artıq mərhələni keçmiş sayılardı. Amma o 4 topun ikisini öz qapımızda görməmiz,
yəni "Nomme Kalyu”nun rəqib meydanında 2:2-lik bərabərə qalması, bir daha yəni,
iki top vuraraq heç-heçəyə nail olması, bu dəfə "Nomme Kalyu”nu daha şanslı
edir. Yəni futbol dili ilə desək, evdə cavab görüşünə çıxacaq rəqibimiz indi
daha şanslı durum əldə edib. Təki, "Xəzər Lənkəran” səfərdə qalib gəlməklə və
ya daha böyük hesablı heç-heçələrdən birinə nail olmaqla, heç olmasa rəqibi
kimi 2:2-lik bərabərə qalıb penaltilər seriyasında mərhələni öz adına
yazdırsın.
İndi ilk qarşılaşma bitincə nisbi
sakitlik yarandısa, bu zaman arxada qalan döyüşü düzgün analiz edib, səhvləri
çözmək və həlledici görüşün səfər matçı olduğunu da nəzərə alıb döyüşdən qalib
ayrılmanın doğru yollarını tətbiq etmək zamanıdır. Amma evdə buraxılan səhvlərin
ardınca, oyundan çıxarılan nəticənin də səhv analiz edilməsi heç də nikbinlik vəd
etmir. Hamı gördü ki, ilk yarıda "Xəzər Lənkəran” üstün oyun nümayiş etdirdi.
Əslində evdə oynayan və iki futbolçusunun qiyməti qədər büdcəsi olan rəqibə
qarşı başqa cür oyun da gözlənilməməli idi. Amma ikinci hissə sanki ilk hissədəki
"Xəzər Lənkəran”dan əsər belə yox idi.
Belə çıxır ki, komandanın fiziki durumu
lazımi səviyyədə deyil. Bu çatışmayan bir cəhətdirsə, ikinci çatışmayan cəhət
isə taktika qurularkən komandanın fiziki potensialının 90 dəqiqəyə düzgün
bölünməməsidir. Hər halda məşqçi bunları nəzərə almalı idi. İkinci məsələ yenə
məşqçiliklə bağlıdır. Amma bu rəqib baş məşqçinin uğuru ilə əlaqədardır. Belə
ki, yalnız nəzəri cəhətdən tanış olduğu "Xəzər Lənkəran”la ilk hissədə praktiki
olaraq tanışlıqdan sonra, baxmayaraq ki, qonaq qismində çıxış edirdilər, ikinci
hissədə əl atdığı taktiki dəyişikliklərdən sonra, demək olar ki, komandamızın
bütün xəttlərini bağlayaraq iflic vəziyyətinə gətirdi. Amma Yunis Hüseynov buna
qarşı əməli deyil, sadəcə təəssüf hissləri ilə cavab verdi və taktikaya qarşı,
taktikayla cavab verə bilmədi. Beləliklə, rəqib baş məşqçi İqor Prins daha təcrübəli
bir mütəxəssis olmaqla futbolda da prinsliyini göstərdi.
Amma bir çoxlarımız, hətta baş məşqçi də
nəticəyə görə hakimi günahlandırır. Bu heç də növbəti oyunda hakim ədaləti
olarsa, biz qalib ayrılacağıq fikrinə söykənməyə əsas vermir. Belə deyimlər bəlkə
də fikri yayındırmaq üçündür. Ədalət naminə deməliyik ki, oyunun baş hakimi
sloveniyalı Mitja Zganec heç də oyunu pis idarə etmədi. Hətta demək olar ki,
komandamıza qarşı güzəşt sayılacaq mövqe də göstərdi. Belə ki, yarımmüdafiəçimiz
Roberto Alvijə ikinci sarı və nəticədə qırmızı vərəqə göstərə biləcəyi halda
bunu etmədi. Bir daha komandamızın kapitanı Rahid Əmirquliyevin də sarı vərəqəsi
olduğu halda daha sonrakı epizodlarda kobudluğa və hakim qərarlarına uzun-uzadı
etiraz etdiyinə görə növbəti qırmızıya səbəb olacaq ikinci sarı vərəqə mənasında
susmuş oldu. Ümumilikdə komandamız dörd sarı vərəqə aldı ki, bunun da çoxu
kobudluq və xüsusən də rəqibə açıq ayaqla müdaxilə səbəb oldu. Belədə baş məşqçi
hakimi günahlandırmaq əvəzinə futbolçularımıza açıq ayaq məsələsində daha
ehtiyatlı olmağı tapşırmalı idi. Hələ onu demirik ki, Rendal Brenes cərimə
meydanında azı rəqibdən bir metrə yaxın məsafədə olarkən, penalti istəyi ilə
özünü necə yıxdı və simulyasiyaya görə sarı vərəqə aldı. Bütün bunları görərək
hakimə irad bildirmək ədalət prinsiplərinə sığmır və cavab görüşündə də hakimin
ya Əfqan Həmzəyev və ya da Anar Salmanov olacağı ümidinə gəlmir.
Bu gün Roberto Alvijin mətbuata hakimlə
bağlı açıqlamasında da bu mənada işlərin heç də obyektiv yanaşma məcrasına
düşdüyündən xəbər vermir. Düzdü Alvij də təsdiq edir ki, hakim ona qırmızıya
çevriləcək ikinci sarı vərəqə verməməsi düşüncəsində olub. Bunu Alvij də təsdiq
edir. Amma uzağa gedərək onun hansısa epizodun əvəzini çıxmağa görə
bağışladığını söyləməsi ona əsas verir ki, guya hakim FİFA və UEFA qaydaları ilə
deyil, meydanda öz qanunlarını tətbiq etdiyini ona söyləyib. Bu isə heç də
ağıllı məntiq deyil. Heç bir hakim meydanda qəbul olunmuş qaydalarla yox, öz
istədiyi qanunlarla oyunu idarə etməsini heç kimə söyləməz. O ki, qaldı belə
bir mötəbər turnirə vəsiqə almış hakim ola. Gəncdir, ilk beynəlxalq kubok
yarışını idarə edir və sair kimi ittihamlar isə əsassız sayıla biləcək qədər də
yersizdir. Hər halda onun kifayət qədər hakimlik təcrübəsi var və nə də onu
yarışa bizim hakimlər komitəsi yollamayıb. Həm də necə deyərlər hər şey göz
qabağında idi. Alvij isə niyə daxili çempionatda hamı hakim ədalətsizliklərinə
qarşı danışanda susaraq indi danışır bilmək olmur.
Bütün bu dediklərimiz əstəğfürullah, heç
də ruhdan salma prizmasından deyil, düzgün analiz baxımından olan iradlardır.
Əgər bu nisbi sakitlik vəziyyətində bunları düzgün analiz etməyəcəyiksə və
yersiz kimləri isə ittiham edəcəyiksə, onda çıxaracağımız nəticələr həlledici
cavab qarşılaşmasında komandamızı uçuruma aparar. Aidiyyətli hər kəsi düzgün
analiz etməyə və çatışmayan cəhətləri aradan qaldırmağa və bununla da mərhələnin
yiyəsi biz olduğumuzu sübut etməyə çağırırıq. Cavab qarşılaşmasında "Xəzər Lənkəran”a
uğurlar, azarkeşlərimizə də sevinc arzulayaraq, sərfəli nəticəni həyəcanla gözləyirik.
|