Natiq
Muxtarlı, "Höccət Hacıyevin kababı” ilə yenə bir köşə çıxışı edib. Daha doğrusu,
cənub klubunu basdırmaya qonaq edib. Köşə yazısında cənub klubunun rəhbərliyi səviyyəsində
Höccət Hacıyevin açıqlamalarındakı qeyri peşəkarlığı ortaya qoyub və əksinə əzəli
rəqibi "əzəliliyə” baxışında dolayısı yolla tənqid edərək, açıqlamalarını isə
peşəkarcasına etməkdə sanki mükafatlandırıb.
Natiq
Muxtarlı peşəkar yazardır. Ən azı onun fərqli olaraq sadə yaşayış tərzi bunu
sübut edir. Höccət bəy yəqin ki, belə bir yazarın fikirlərindən inciməməlidi.
Çünki hər bir əsərin, yazının tərbiyəvi əhəmiyyəti deyilən bir mənası var.
Əslində Natiq Muxtarlı, Azərbaycan futbolunda öz xüsusi yeri olan "Xəzər Lənkəran”
kimi bir komandanın belə lazımsız açıqlamalar verməsini istəməməsi düşüncəsindən
çıxış edib. Onun, ölkənin hər hansı komandasının Azərbaycan adına peşəkar
olması yanğısı ilə çıxış etdiyi açıq görünür. Bu mənada "dost sözü üzə deyər”
frazası yada düşür. Bəli, yəqin Muxtarlı da istəyir ki, ölkənin ən böyük
klublarından biri belə səhv buraxmasın. Bu mənada sözü açıq və üzə deyir. Əks
halda bir çoxları kimi o da Höccət bəyə zəng edərək "yaman demisən” kəlməsi ilə
öz yerini şirin edə bilərdi. Bu isə dostcasına yanaşma deyil, tərəfi bundan
sonra da daha böyük səhvlər buraxmağa "ruhlandırmaq olardı”.
Bundan sonra
isə yəqin ki, Höccət bəy daha diqqətli olmağa çalışacaq və bu da Muxtarlının
dost yardımının nəticəsi olacaq. Çünki, Muxtarlı da bilir ki, ölkə futbolunda
Höccət bəy, az tapılan və əksərən vicdanının səsi ilə hərəkət edən şəxslərdəndir. O, fərqli olaraq, yalanı adamın gözünün içinə
söyləyə bilmir. Buna onun vicdanı yol vermir. Belə hallarda susmağı daha üstün
tutur. Ola bilər ki, onun işinin tam öhtəsindən gəlməməsi fikri formalaşıb.
Amma doğurdan da onun "Xəzər Lənkəran” üçün vicdanla gördüyü işlər də az deyil.
Qışın oğlan çağında, yayın cır istisində qollarını çırmalayıb stadionun işçilərinə
qoşularaq üst-başının batmasından qoxmayaraq elə onlarla bir zəhmətə qatlaşan,
kifayət qədər sadə bir insandır. Hətta onun "Xəzər Lənkəran”ın çətin günlərində
necə təlaş keçirdiyinin də çoxları şahidi olub. Onun yerində başqasının "Xəzər
Lənkəran” üçün necə can yandıracağı isə məlum deyil. Bu adam doğurdan da "Xəzər
Lənkəran” üçün can yandırandır. Sadəcə açıqlamalarında daha diqqətli olarsa,
çox yaxşı bir işçidir.
Yazıda məqsədim
vicdanlı işçiləri heç olmasa qiymətləndirməkdir. Sadəcə bir vətəndaş, bir "Xəzər
Lənkəran” və Azərbaycan futbolunun azarkeşi kimi. Ola bilər ki, bu yazımdan
sonra bəzi şarlatanlar klubdan, Höccət
Hacıyevdən və ya Natiq Muxtarlıdan nə qədər aldığımı da düşünsünlər. Qoy
düşünsünlər, onları şeytan vəsfəsələyibsə, düzələn deyil. Qozbeli qəbir düzəldər
deyiblər. Mən isə sözü üzə deyən və dostcasına mesaj verən Natiq Muxtarlıya çox
sağ ol deyirəm. Bu mesajı dostcasına qavradığı üçün, "Xəzər Lənkəran” naminə
yenə vicdanla çalışmaqda olan Höccət Hacıyevə düzgün anladığına görə çox sağ ol
deyirəm. Nəhayət vicdanı təmiz hər işə təmənna ilə yanaşmayan oxuculara, bu
hisslərə sahib olduqlarına görə çox sağ olun! deyirəm. Allah amanında!.. Mirhafiz Babayev
|