Bir az irəli gedərək, "Muğan” – "Xəzər Lənkəran” matçından dilxor qayıtdığımız zaman radionun
101.5 fm (onu da əlavə edək ki, Bakı şəhərində bu radio, başqa tezlikdə efirdə
olur) dalğasında gedən bir radio tamaşası diqqətimizi cəlb etdi. Radio
teatrının lap sonlarına yaxın onu dinləmək bizə nəsib oldu. Bu radio teatrının
nə demək istədiyi, "Muğan” – "Xəzər Lənkəran”
oyununda baş verənlərlə tam uyğunluq təşkil edirdi deyə, onu nəzərinizə
çatdırıb, buradan öz mövzumuza keçid
alsaq elə bilirik ki, lap yerinə düşər.
Deməli, 101.5 fm radiosunda Sərdar Əbilovun "Qul nəğməsi” adlı hekayəsi teatrlaşdırılaraq
səsləndirilirdi. Təqdim olunan verilişin sonlarından belə başa düşülürdü ki,
Sovet dövrünün əvvəllərində Stalin Molotovla hansısa görüşdə ona müraciət edib
deyir: Yoldaş Molotov sənə bir sual versəm, mənə onun cavabını verə bilərsənmi?
Molotov deyir: Buyurun yoldaş Stalin. Belə olan halda Stalin üzünü Molotova
tutaraq soruşur: "Sən mənə deyə bilərsən ki, o nədir ki, dünyada adı vardır,
özü yox?” Molotov az fikirləşdikdən
sonra belə cavab verir: "Bu Ədalətdir, ədalətdir, ədalət.” Stalin onun
cavabından məmnunmuş kimi, bığaltı gülümsəyərək, onun sözlərini təkrar edir: "Bəli,
bu ədalətdir, ədalətdir, ədalət.”
Və beləcə veriliş də qurtarmış oldu.
"Muğan” – "Xəzər Lənkəran” oyununda da
Ədaləti təmsil etmək üçün "təyin olunmuş” Anar Salmanov bu fikri bir daha təsdiq
etmiş oldu. Yəni çıxan nəticə: Anar Salmanov kimi, bu matçda ədalətin adı var
idi, lakin onun idarəçiliyinə əsaslanıb demək olardı ki, bu oyunda da ədalətin
özü yox idi.
"Muğan” – "Xəzər Lənkəran”
oyununda Anar Salmanovun simasında hamı belə ədalət qorumağa tüpürdü. Oyun
başlayar-başlamaz "Xəzər Lənkəran”ın futbolçularına, yeri gəldi-gəlmədi sarı vərəqələrin
göstərilməsi, onlara bir mesaj idi ki, cüzi başqa hərəkətə görə ikinci sarı,
ardıyca qırmızı vərəqə alacaqsınız. Bu da, "Xəzər Lənkəran”lı futbolçuları
oyundan qoparmaq demək idi. Onları ruhdan salmaq, mənasız ehtiyatlanma ilə
oyunu başa vurmağa hesablanmışdı. "Xəzər Lənkəran”a qarşı bu təcrübədən artıq
neçə illərdir ki, istifadə olunur. Yəqin Anar Salmanova tapşırıq verənlər hələ
yeni metod fikirləşib tapa bilməyiblər. Axı yeni metod fikirləşib tapmaq üçün də
bilik, savad olmalıdır. Bununla bitmir Anar Salmanovun oyunbazlıqları.
Dediyimiz kimi, hər xırda şeyə görə oyunu saxlayır, "Xəzər Lənkəran” ın
futbolçularına sarı vərəqələr göstərir. Lakin rəqib daha kobud oynasa belə, ona
nəinki vərəqə göstərmir, onunla uzun-uzadı söhbət edib, oyunun vaxtını "yeyir”.
Matçboyu rəqibindən üstün futbol sərgiləyən "Xəzər Lənkəran” rəqib qapısına
yaxınlaşdıqda bir absurd bəhanə tapıb oyunu saxlayır. İkinci hissədə düz gözlərimiz
önündə baş verən bir məqamı xatırlayaq. Komanda yoldaşından ötürmə alan Dieqo
Ruis iti hərəkətlə sol cinahdan rəqibin cərimə meydançasına daxil olur və
burada rəqibin iki müdafiəçisi açıq-aşkar kobudluqla hücumçumuzu yıxır, Anar
Salmanovun fiti səslənir. Rəqib düşərgə belə, qapılarına penalti təyin
olunacağından təəssüflənərək başlarını tutur. Amma Anar Salmanov daha bir absurd qərar
verir. Guya Dieqo Ruis simulyasiya edib və onu sarı vərəqə ilə cəzalandırır.
Daha bir epizodda hündürdən gələn topu Emeka Opara özünəməxsus tərzdə qəbul
edərək, Uinston Parksı qapıçı ilə təkbətək qoyur. Bilirik ki, Uinston Parks
kimi bacarıqlı və təcrübəli futbolçu bundan maksimum yararlanacaqdı. Və yenə
Anar Salmanovun fiti səslənir. Guya Emeka Opara topu qəbul edərkən əllə
oynayıb.
Bu kimi nə qədər absurd qərarlar qəbul etməklə, "Xəzər Lənkəran”ı iki
mühüm xaldan edən Anar Salmanov əlbəttə bu qədər səhvə yol verə bilməzdi. O, bu
oyundakı idarəçiliyi ilə kiminsə tapşırıqlarını yerinə yetirdiyini aşkar sübut
etmiş oldu. Bəli, keçən il Əfqan Həmzəyevi seçənlər, bu il hələki Anar Salmanovu
qabağa verirlər. Burda məsələ heç də "Muğan”a xal qazandırmaq deyil. Heç
"Muğan” tərəfini qınamırıq da.
Burda məqsəd, "Neftçi” ilə oyunöncəsi komandanı sındırmaq, çoxlu vərəqə
hesabına növbəti oyunda futbolçularımızı çətin durumda qoymaq və nəhayət "Xəzər
Lənkəran”dan mühüm xallar alıb onu "Neftçi”dən geriyə salmaq. Bəli, bu günün
strategiyası belə idi. Çünki "Neftçi”ilə keçənilki
hadisələri təkrarlamaq onlar üçün çətin olacaq. Bu matç diqqət mərkəzində
olacaq deyə. Deməli "Neftçi” ilə oyunda "Xəzər Lənkəran”
qalib gələcəyi təqdirdə, "Xəzər Lənkəran” üç xallıq fərq yaradaraq vahid liderə
cevriləcəkdi. Ona görə də "işi” bu başdan görmək lazım idi və buna müəyyən qədər
nail ola bildilər.
Daha sonra uzatma dəqiqələri olmadan, baxmayaraq ki, kifayət qədər
oyunda vaxt itkisi olmuşdu, Anar Salmanov "tapşırılan vəzifəni” yerinə yetirilmiş
hesab edib həvəslə final fitini səsləndirdi. Elə bu məqamda üzərində AFFA
yazılmış qara pencəkli, eyni zamanda qara eynəkli kök bir adam "Xəzər Lənkəran”
azarkeşlərinə yaxınlaşaraq, barmaq silkələyə-silkələyə onları hədələməyə
başladı. Bu adamın kimliyini araşdırmağı və onun qanunla belə hərəkətlərə
ixtiyarının olmasını AFFA rəsmilərinə, ümumilikdə isə Anar Salmanov daxil
olmaqla ona bu cür eybəcər işlərə vadar edənləri isə Allaha tapşırırıq.
Allah həmişə ədalətin bərqərar
olmasının təminatçısıdır! Allahdan qorxun cənablar!
P. S. Sonda bu haqq işimizdə həqiqəti öz səhifələrində işıqlandıraraq bizə dəstək olan bütün informasiya vasitələrinə təşəkkürümüzü bildiririk. Ad çəkmədən deyə bilərik ki, onların sayı kifayət qədərdir.
|