 
Mirhafiz
Babayev: " "İnter " və "Xəzər Lənkəran”
azarkeşlərinin dostluğu müəyyən tarixə malikdir"
Bu həftə "Avropa.az” internet radiosunun "Futbol Taym” verilişinin
qonağı "Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev idi. Onunla bir saat
ərzində "Xəzər Lənkəran” komandası və rəhbərlik etdiyi fanklub barədə maraqlı
söhbət etdik. Söhbət "Avropa.az” internet radiosunda canlı yayınlandığından, bu
geniş müsahibəni ixtisarla nəzərinizə çatdırırıq.
- Mirhafiz müəllim, "Futbol Taym” verilişinə xoş gəlmisiniz!
- Çox sağ olun, mən də öz növbəmdə sizləri salamlayıram. Bu veriliş
müqəddəs Ramazan bayramına təsadüf etdiyi üçün bütün veriliş iştirakçılarını, radio
dinləyicilərini və Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edirəm. Bundan
əlavə bildirmək istəyirəm ki, bu "Futbol Taym” efirdə ikinci verilişidir və
fanklub rəhbərləri arasında ilk dəvəti mən almışam. Mənə göstərilən etimadı çox
yüksək dəyərləndirirəm. Eyni zamanda bu etimad "Xəzər Lənkəran” komandasının
azərkeşlərinə göstərilən etimaddır. Mənə göstərdiyiniz etimada görə sizə təşəkkür
edirəm. Bu verilişə mən əliboş gəlməmişəm və gətirdiyim hədiyyə "Xəzər Lənkəran”
və "İnter” komandasının azərkeşləri arasında dostluq münasibətlərinin olmasını
əks etdirir. Hədiyyəm bir divar saatıdır. Lakin onun üzərində özündən dəyərli
sözlər həkk olunub: - "Hər ötən dəqiqə "İnter” və "Xəzər Lənkəran”
azarkeşlərinin dostluğunu daha da möhkəmlədir”. Mən arzu edərdim ki, bu
verilişə dəvət alan hər qonaq bir hədiyyə ilə studiyaya gəlsin və "Avropa.az”
internet radiosunun muzeyi yaransın.
- "Bosman”fanklubunun yaranma tarixi
barədə məlumat verərdiniz...
- "Xəzər Lənkəran” futbol klubunun
azarkeşləri say və keyfiyyət baxımından öndə gedənlərdən birincisidir. ”Bosman”
fanklubu 2009-cu ilin Fevral ayının 9-da təsis olunub. ”Bosman” fanklubu
yaranmamışdan öncə fanklubun təsisiçiləri fərdi şəkildə "Xəzər Lənkəran”
komandasının ev və səfər oyunlarını izləyirdilər. Bir müddət belə davam edəndən
sonra biz bir araya gəlib fəaliyyətimizi genişləndirmək üçün fanklub təsis
etməyə qərar verdik. ”Bosman” fanklubunun fəaliyyəti rəngarəngdir. Bu fəaliyyət
oyunöncəsi, oyun zamanı və oyundan sonrakı dövrləri əhatə edir.
- Hamıya məlumdur ki, ”İnter” və "Xəzər Lənkəran”
komandalarının azarkeşləri arasında dostluq münasibətləri mövcuddur. Digər
hansı fanklubla dostluq münasibətləriniz var?
- "İnter” və "Xəzər Lənkəran” komandalarının
azarkeşləri arasında olan dostluq münasibətləri çox yüksək səviyyədədir. Bu
münasibət müəyyən tarixə malik olan bir dostluqdur. Bizim qapılarımız hamının
üzünə açıqdır.
- Fanklubunuzun sıralarını genişləndirmək üçün
hansı reklam təbliğatından istifadə edirsiniz?
-
Hələki reklam təbliğatı aparmırıq, lakin bu iş gələcək planlarımıza daxildir.
- "Xəzər Lənkəran” komandasının heyətindən
"Bosman” fanklubunun ən sevimli oyunçusu hansıdır?
- Bizim fanklubun ən sevimli oyunçuları Kamran
Ağayev və Uinston Parksdır. Biz hətta Uinston Parksa "Qara Şimşək” ləqəbi
qoymuşuq və ümid edirik ki, Parks bundan sonra da rəqibdən şimşək kimi
sıyrılaraq, vurduğu qollarla rəqib qapılarının torunu yandıracaq və bu adı
doğruldacaq.
- Ağasəlim Miracavadovlu və Mirça Rednikli
"Xəzər Lənkəran”. Sizin fikrinizcə,
hansı komanda daha baxımlı və gözəl fitbol sərgiləyir?
- "Xəzər Lənkəran” komandası Ağasəlim
Mircavadovun yaratdığı oyun üslubu ilə sevilib. Onun bu komanda üçün etdikləri
danılmazdır. Hələ ki, ”Xəzər Lənkəran” məhz Ağasəlim Miracavadovun rəhbərliyi
altında titullarını qazanıb. Ağasəlim Mircavadovun komandamız üçün etdiklərini
azarkeşlər unutmayıb və hər zaman dəyərləndirirlər. Ağasəlim Mircavadov sovet
futbolunun taktiki gedişlərinə üstünlük verirdisə, Mirça Rednik Avropa
futboluna üstünlük verir. Komandamızın oyununda irəliləyiş hiss olunur və mən
düşünürəm ki, birinci dövrənin sonunda "Xəzər Lənkəran” qarşısıalınmaz komanda
olacaq.
- Mirhafiz müəllim, bir balaca keçmişə
nəzər salaq. Keçən mövsüm və "Xəzər Lənkəran” - "Neftçi” komandaları arasında
"Fırtınalar Meydanında”keçirilən qarşılaşma. Həmin oyunda Azərbaycan futbolunda
görünməyən olaylar yaşandı. Bu qarşılaşmada azarkeşlərin intizamsızlığına nə
səbəb olmuşdu?
- Keçən mövsüm "Xəzər Lənkəran” - "Neftçi”
komandalarının arasında keçirilən qarşılaşmanın baş hakimi Əfqan Həmzəyevin
absurd qəraraları və bərbad idarəçiliyi belə xoşagəlməz olayların yaşanmasına
gətirib çıxardı. Elə bu idarəçiliyə görə onun və bir çox futbol
idarəçiliyimizdə olan şəxslərin AFFA prezidenti tərəfindən cəzalandırılması baş
verdi. Burada "Xəzər Lənkəran” azarkeşləri sanki, baş hakim Əfqan Həmzəyev
tərəfindən təxribata çəkildiyindən onların cəzalanması baş vermədi. AFFA-nın bu
qərarı o vaxt bizim tərəfimizdən müsbət qarşılandı.
- Bu ayın 25-də "Xəzər Lənkəran” komandası
"Neftçi”ni qəbul edəcək. Bu oyuna hazırlıq necə gedir?
- Mən hazırlığımızı tam formada
açıqlamayacağam. Lakin bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, bu
qarşılaşmaya bir sürprizimiz nəzərdə tutulub. Musiqisi Cənub bölğəsinin məşhur "Ay Lolo”
mahnısınnın sözlərini "Xəzər Lənkəran”a aid etməklə bir mahnı
hazırlamışıq. Bu mahnının sözləri şəxsən mənə məxsusdur. Mahnının sözlərini 15.000
nüsxə kağız üzərinə yazıb bütün stadiona hər azarkeşə çatacaq sayda paylayacağıq
və istəyirik ki, bu mahnını oyunboyu bütün stadion mütəşşəkkil formada oxusun.
Bu mahnı hamıya tanış olduğu üçün oxunma effektinin yaxşı alınacağını
düşünürük.
- "Xəzər Lənkəran” və "Neftçi”
azarkeşləri arasında bu günə qədər bir gərginlik var və hətta bu gərginliyin
nəticəsində insidentlər də yaranır. Sizin fikrinizcə hansı işlər görmək olar
ki, bu gərginlik aradan qaldırılsın və iki komandanın azarkeşləri arasında
dostluq münasibəti yaradılsın?
- Mən bir az bundan öncə qeyd etmişdim
ki, bizim qapımız hamının üzünə açıqdır. Ara-sıra bizim "Neftçi” fanklubunun
rəhbərləri ilə görüşlərimiz olub və mənə elə gəlir ki, bu insidentlər iki
fanklub arasında yox, sadə azarkeşlər arasında baş veirir.
- "Avropa.az” internet radiosunun
rəhbərliyi "Xəzər Lənkəran” və "Neftçi” azarkeşlərinin dostluq münasibətləri
qurulması” adlı bir layihə hazırlayıb, məclis keçirərsə siz bu məclisin
iştrakçısı olmağa razısınızmı?
- Belə bir layihənin təşkil olunması çox
gözəl bir addım olardı və mən bu layihənin ərsəyə gətirilməsində sizə uğurlar
arzulayıram.
- Daha bir qalmaqallı oyun. Azərbaycan
Kubokunun finalı, ”Bakı” - "Xəzər Lənkəran” qarşılaşması. ”Bakı” komandası "Fayr
Play” qaydalarına əməl etməyib qol vurur və Kuboku başı üzərinə qaldırır. Bundan
sonra "Bakı” komandası Avroliqada fiaskoya uğrayır və bu günə qədər hələ də bu
qara zolaqdan çıxa bilmir. Buna münasibət bildirərdiniz...
- Azərbaycan Kubokunun final oyununda
"Xəzər Lənkəran” haqsızlıqla üzləşdi. ”Bakı” komandası halal olmayan kuboku
başı üzərinə qaldırır və bundan sonra "Bakı” komandasının qarşılaşdığı
uğursuzluqlar haqsızlığın cavabıdır.
- Azərbaycanda dəfələrlə şahid olmuşuq
ki,oyunun sonuna 10-15 dəqiqə qalmış azarkeşlər stadionu tərk edir. Bunu nə ilə
əlaqələndirərdiniz?
- Bu stadionda gedən qarşılaşmanın nə
dərəcədə maraqlı olmasından asılı olan bir amildir. Maraqlı keçən qarşılaşmaya
azarkeş sona qədər baxır və stadionu tərk eləmir. Mən arzu edirəm ki, Azərbaycanda
maraqlı oyunlar şox olsun və azarkeşlər sevimli komandalarını sona qədər
dəstəkləsinlər.
|