 "Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik futbol üzrə Unibank Premyer Liqasının final mərhələsində qələbə qazana bilməmələri ilə əlaqədar qeyri-adi addım atıb. Bu haqda Lent.az-a klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, rumıniyalı mütəxəssis aprelin 10-da "Qarabağ”la Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda keçirdikləri oyundan sonra komandasını Lənkərana aparmayıb. Rednik futbolçulara 3 gün istirahət verib. Bu müddətdə Bakıda mənzili olanlar öz evlərində, olmayanlar isə 5 ulduzlu "Ramada” otelində qalacaqlar. "Xəzər Lənkəran” aprelin 16-da "İnter”lə keçirəcəyi növbəti oyunun hazırlıq prosesinə sabah başlayacaq. İlk məşq Lənkəran şəhər stadionunda saat 17:00-a təyin olunub. Hacıyev bildirib ki, indiyədək "Xəzər Lənkəran”da çalışmış mütəxəssislər arasında Rednik kimisinə rast gəlməyib: "Hazırkı baş məşqçimizə qalması üçün mənzil və avtomobil təklif etsək də, bunlardan imtina edib. Rednik klubumuzun bazasında futbolçularla birgə qalır, komandamızın avtobusunda gəzir. O, müxtəlif adlarla "Xəzər Lənkəran”ı xərcə salan məşqçilərdən deyil. Əksinə, özü kimsəsizlərə, ehtiyacı olanlara əl tutur”.
Elşən MƏMMƏDOV Mənbə: "Lent.az"
|