Dünən
səhər saatlarında elektron mətbu orqanlarında "Xəzər Lənkəran”la bağlı yeni bir xəbər yayıldı. Daha doğrusu xəbər
"Xəzər Lənkəran” azarkeşləri ilə bağlı idi. Xəbərdə ümumi olaraq Rusiyada
konkret paytaxt Moskva şəhərində "Xəzər Lənkəran” azarkeşlərindən ibarət yeni
bir fanklubun təsis olunacağı bildirilirdi. Daha sonra günorta saatlarında məsələ
bir az da konkretləşərək təsis olunacaq fanklubun bədii rəhbəri və icraçı
direktorunun adları, həmçinin fanklubun məramları barədə məlumatlar verildi.
Biz "Bosman” fanklubu olaraq həmişə ölkə futbolunda baş
verən müsbət yenilikləri alqışlayırıq. Mətbuatdan tanıdığımız həmçinin yeni təsis
olunacaq fanklubun rəhbərliyində yer alan Vüqar Hüseynovu və Namiq Əzimovu bu
münasibətlə təbrik edirik. Təbii ki, ölkə futbolunda xüsusi yeri və çəkisi olan
"Xəzər Lənkəran” klubu və azarkeşləri həmişə özünəməxsusluğu ilə seçilir.
Rusiyada xeyli sayda azərbaycanlıların olduğu hamımıza məlumdur. Bu insanların
arasında ölkə futbolu ilə maraqlanan və "Xəzər Lənkəran”a azarkeşlik edənlərin
sayının həddindən artıq olmaları isə hamımıza hələ "Xəzər Lənkəran”ın "Birlik
Kuboku”ndakı zəfərləri zamanı onu dəstəkləməyə gələnlərin sayından və
çılğınlıqlarından məlumdur. Buna görə də belə bir yeniliyə təbii ehtiyac olduğunu
düşünürük. Biz "Bosman” fanklubu
olaraq, bu yöndə əməkdaşlığa hazır olduğumuzu bildiririk və əlbətdə "Xəzər Lənkəran”
ailəsinin daha da böyüməsini hətta bu yöndə ölkə sərhədlərini də aşmasını təqdir
edirik. Bu xoş yenilik baş verərsə, həmişə özünəməxsusluğu ilə seçilən "Xəzər Lənkəran”
azarkeşi daha bir ilkə imza atmış olacaq. Bundan sonra da nəinki Rusiyada hətta
başqa xarici ölkələrdə də bu yöndə addımlar atılmasının çox sevindirici olacağı
düşüncəsindəyik. "Bosman” fanklubunun Moskva şəhərində də bir neçə nümayəndəsinin
olduğunu və yeni təsis olunacaq fanklubun tədbirlərinə dost fanklubun nümayəndələri
kimi qatılacağını da bəyan edirik.
Bu məsələdə bizim mətbuatdan gileylənmək üçün bir əsasımız
da var. Belə ki, yeni təsis olunacaq fanklubun rəhbərliyində yer alan Vüqar
Hüseynovun fikirləri təhrif olunub. Fanklubun fəaliyyət istiqamətləri verilən xəbərdə
Vüqar Hüseynov tərəfindən aşağıda təqdim edəcəyimiz kimi olsa da: "Digər fan-klublardan fərqimiz
oyunlarda komandanı dəstəkləmək yox, ölkə hüdudlarından kənarda "Xəzər Lənkəran"ı
təbliğ etməkdi. Həmçinin əsas vəzifələrimizdən biri "Xəzər Lənkəran"ın
digər fan-klublarına maliyyə dəstəyi vermək olacaq. Hansı fan-klubun maliyyə dəstəyinə
ehtiyacı olsa, "Xəzər Lənkəran"ın Moskva fan-klubu yardım göstərəcək.
Bu yeganə fan-klub olacaq, Azərbaycanla heç bir əlaqəsi olmayacaq. O biri
fan-klublarla yeganə əlaqəmiz yalnız onlara maliyyə dəstəyi vermək ola bilər".
Bəzi
mətbu orqanlarda bu xəbərə verilən başlıq: ""Xəzər Lənkəran"ın
fan-klublarına maliyyə yardımı ediləcək” və ya "Şok! Rusiyadakı lənkəranlılar
"Xəzər Lənkəran”ın fanklublarına maliyyə ayıracaq.” -kimi başlıqlarla verilib.
Amma fikir müəllifi "əgər ehtiyac olarsa, maliyyə yardımı ediləcək, və ya
maliyyə dəstəyi vermək ola bilər” deyib. Amma həmin başlıqları oxuyanda başqa
fikir yaranır. Sanki razılaşdırılıb və maliyyə yardımı olacaq.
Biz
"Bosman” fanklubu olaraq bəyan edirik ki, təsis xərclərindən tutmuş bu günə qədərki
fəaliyyətimiz dövründə hər hansı bir maliyyə və düşüncə tərzimizdə tam müstəqil
fəaliyyət göstəririk. Bundan sonra da fəaliyyətimizi bu istiqamətdə davam
etdirmək əzmindəyik. Biz tam müstəqil fəaliyyət göstəririk və məqsədimiz yalnız
və yalnız "Xəzər Lənkəran”ın uğurlara
çatmasında öz payımızı verməkdir. Baxmayaraq ki, çıxış etdiyimiz hər hansı
yazıya və ya həyata keçirdiyimiz hər hansı bir layihəyə görə bizi həm saytlarda
və həm də həyatda "Bu işə görə klubdan və ya "Palsüd”dən nə qədər pul
almısız”-deyə təhdid edənlər də olub. Amma hələ heç bir kəs, nə klub səviyyəsində
nə də başqa səviyyələrdə bizə hər hansı maliyyə və sair yardımın edildiyini
iddia edə bilməz.
Bir
daha "Xəzər Lənkəran” ailəsinin daha da böyüməsi munasibəti ilə atılacaq bu
addımı alqışlayırıq.
"Bosman” fanklubunun idarə heyəti 14 aprel 2011.
|