Mətbuatda
Mirça Rednikin güya sabah Bakıya qayıdacağı və yerli klublarla danışıqlar
aparacağı haqqında məlumatlar yayılsa da, bunun dezinformasiya olduğunu
bilirdik. Çünki, məlum istefadan sonra onun Azərbaycanı hələ də tərk etmədiyi
haqda məlumatlı idik. Artıq bu gün gecə saatlarında onun ölkəmizi tərk edəcəyini
özü ilə danışıqdan sonra bizə məlum idi. Onunla görüşmək istədiyimizi bildirəndə,
baxmayaraq ki, gecə saat 3-də öz ölkəsinə uçacaqdı, bizimlə saat 22:00-da
görüşməyə həvəslə razı oldu.
"Park Bulvar”
istirahət-ticarət mərkəzində təyin olunmuş vaxtda "Bosman” fan klubunun bir neçə
idarə heyət üzvü, "Caspian Ultras” fan klubunun üzvü Rövşən Əsədov və fəal
azarkeşlərdən ibarət heyətlə baş məşqçi Mirça Rednik və onun köməkçiləri Mihay
Teja və Civoanni Melkiorre ilə görüşdük.
Əvvəla belə səfər
ərəfəsində və kritik vaxt çərçivəsində görüşümüzü qəbul etdiyi üçün təşəkkür
etdik və müəyyən qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışdıq. İstefa qərarının
niyə və necə verildiyi haqda sualımıza aydınlıq gətirərkən, cənab Rednik
bunları dedi: " İnterlə oyundan dərhal sonra vitse-prezident Tuyqun Nadirov mənimlə
görüşüb iki şərtlə çıxış etdi. Onun dediyindən belə aydın oldu ki, komandanın
altı futbolçusu məndən onlara şikayət edib və mənim qalmağım güya "Xəzər Lənkəran”
üçün problem yaradır. Belə olan halda ya həmin futbolçuları kənarlaşdırmağımı
ya da özümün getməli olduğumu çıxış yolu kimi göstərdi. Əsas heyət üzvü olan bu
altı futbolçunu komandadan göndərməyi mən heç düşünmürdüm və bu futbolçuların
işinə zərbə olmasın deyə ikinci variantı seçdim. Yəni özümü qurban verdim.
Onların dediyinə görə mən problem yaradıram. Amma mən nizam-intizamı sevən
adamam. Bəlkə də bu nizam-intizam məsələsi onlara problem yaradırdı. Dünya praktikasının
əksinə olaraq bu məsələdə maraqlıdı ki, məşqçi günahlandırıldı. Əslində futbolçuların
mənə şikayət etməli olduqları halda niyə məhz vitse-prezidentə şikayət etmələri
mənim üçün qaranlıq qaldı. Bunun necə baş verdiyini aydınlaşdırmaq üçün isə əlimdə
heç bir dəlilim yoxdur. Hər şey sanki əvvəlcədən hazırlanmışdı və heç bir
müzakirə aparılmadan bir anda bitdi. Anlaşılan deyil ki, çempionat başlayandan
ilk pillədə olduğumuza baxmayaraq belə bir qərar verildi.”
Bəs niyə klub prezidenti ilə görüşmədiniz? sualına
isə, "Mənim ümumiyyətlə prezident ilə görüşməyimə şərait yaradılmırdı. Bütün məsələləri
menecerlər həll edirdi.”
Uğursuzluq heç
də son demək deyil. Belə bir halın məsələn, Mançester Yunayted kimi nəhəngin
hansı ki, finalda oynamağa qadir bir komandanın Çempionlar Liqasının qrupundan
çıxa bilməməsi halında Ferqyusonun da istefa verməli olduğunu gülərək
bildirdikdə Rednikin cavabı belə oldu: "Mən bir çox klublarda işləmişəm və belə
bir halla ilk dəfədir ki, rastlaşıram.”
Prosesin bir az
əvvəlinə dair suallarımız "Makkabi” ilə oyun ərəfəsinə bağlı oldu. Həmin oyundan
qabaq istədiyiniz heyəti qura bildinizmi ? sualına Rednikin cavabı belə oldu: "Bu
oyun üçün cəmi 20 gün vaxtımız oldu ki, futbolçuların da 5-6-sı matça cəmi bir
həftə qalmış heyətə qoşuldular. Deyərdim ki, istədiyim oyunçuları ala bilmədik
və nəzərdə tutduğum heyəti qura bilmədim. Hətta buna baxmayaraq yayda
qurduğumuz heyətin bir sıra üzvlərini də rəhbərlik istəmədiyindən göndərdilər. İndi
əlimdə qalan 5-6 futbolçunun göndərilməsini də istəyirdilərsə, onda bəs meydana
kimi çıxartmalı idim ? Mən gətirdiyim və
komanda da olan futbolçulara güclü şans yaratdım, amma onların bəziləri əvəzini
mənim çiynimdə oturmaqla verdilər. Onlar başa düşmürdülər ki, mənim üçün yox,
azarkeşlər, komanda və öz məvacibləri üçün oynamalıdırlar. Baxmayaraq ki, "Neftçi”
ilə oyundan sonra onların məvacibinin 30%-i kəsildisə, mənim və məşqçilər
korpusunun məvacibinin 50%-i kəsildi. Mən bunu anlayışla qarşıladım və heç bir
etiraz etmədim. Bəzi futbolçulardan isə əvvəlki münasibəti görmürdüm. Bəlkə də
bütün bunları görərək tələsik qərar verdim. Amma yox, mən , heç kimi güdaza
verməməkdə və çıxıb getməkdə yəqin ki, düzgün qərar qəbul etdim. Bütün bunlar
olmasaydı qalıb işləmək əlbəttə xoş idi. Çünki, azarkeşlər tərəfindən çox isti
münasibət görürdüm və daim buna qarşılıq verməyə çalışırdım.”
Komandanın bu
günki məşqində sizin portretinizi qaldıraraq, "Rednik, Rednik...” deyə azarkeşlərin
tələbinin olduğundan xəbəriniz varmı? sualına o mütəəssir olaraq belə cavab
verdi: ”Bax elə buna görə də mən fəxr edirəm ki, vicdanla çalışmışam və
insanlar tərəfindən belə qiymətləndirilirəm. Bu mənim üçün əsl qiymətdir. Bir daha
bununla fəxr edirəm.”
Bütün bunlar
yəqin ki, baş verməli idi. Fürsət gözləyənlər də indi mənim postumu tutublar. Amma,
mən burada xoş günlər keçirdim. Çoxlu insanları sevdim və sevgilərini qazandım.
Bu gün artıq gecdir. Mən müqaviləyə xitam vermişəm. Amma inanıram ki, bir gün
daha güclü olaraq sizlərin aranıza qayıdacağam. Biz bura təkcə pul qazanmaq
üçün deyil, iş görməyə gəlmişdik. Lənkəran bizim ikinci ailəmiz oldu. Baxmayaraq
ki, bir sıra təkliflər var mən indi çox sarsılmışam və ümumiyyətlə bu haqda
düşünmək belə istəmirəm. Mən yalnız evə gedib istirahət etməyi düşünürəm. Həm də
xoşbəxtəm ki, gedişimdə belə məni dəstəkləyənlər kifayət qədərdir. Məhz sizləri
və komandamı sevdiyimdən bundan sonra da "Xəzər Lənkəran” üçün ən yaxşısını
arzulayıram. Sizlər doğurdan da buna layiqsiniz. Sizləri tərk etdiyim üçün çox
üzülürəm. Bir daha deyirəm ki, bu qərarı mən vermədim.” Sonda Rövşən Əsədov hazırladığı və xüsusi çərçivəyə yerləşdirilmiş "Lənkəran öz qəhrəmanını sevir" mövzusunda olan şəkilləri Mirça Rednikə hədiyyə etdi və görüş iştirakçıları artıq keçmiş baş məşqçi və köməkçilərindən xatirə üçün avtoqraflar aldılar.
|