İyulun 19-u, saat 20:00-ı
necə də səbirsizliklə gözləyirdik. Bəli, bu an gəlib çatdı nədir? hətta səbirsiz
gözlədiyimiz ilk oyun böyük təəssürütları ilə arxada qaldı. Oyundan öncə
komandanın potensialına ümid edərək, fanklubumuz tərəfindən baş məşqçiyə və
futbolçularımıza adlarını çəkərək birbəbir müraciət etmişdik. Müraciətimizi əsaslandıraraq,
biz azarkeşlərə və öz futbolçu mənliklərinə hörmət qoyacaqları təqdirdə gözəl
oyun, nəticədə qələbə qazanacaqlarına ümid yaransın deyə səslənmişdik. Onlara
psixoloji olaraq yardım etməyə çalışmışdıq. Qoy "Lex”, "Lex” olsun, siz də Lənkəran
Elinin Xilaskarları olun (LEX)! -demişdik. İnsafən futbolçuların bunun öhtəsindən
bəlkə də tam gəldiklərini demək mümkündür. Poznan təmsilçisi buna qədər "Xəzər
Lənkəran”la, ötən mövsüm "İnter”lə və əvvəllər isə İntertoto kubokunda Yevlax təmsilçimiz
"Karvan”la görüşmüşdü. Belə ki, 2005/2006 avrokubok mövsümündə, o vaxtlar
mövcud olan İntertoto kuboku yarışmalarında Yevlaxı təmsil edən "Karvan” bu
komanda ilə görüşmüşdü. Düzdür ev oyununu Bakıda keçirən "Karvan”, "Lex”ə 1:2 və
cavab oyununda isə 2:0 məğlub olmuşdu (http://www.mackolik.com/Karsilastirma/79336/Karvan-Evlakh-Lech-Poznan). Onlar Poznan təmsilçisinin Azərbaycandan həmişə
qələbə apardıqlarına son qoymaqla, "Fırtınalar Meydanı”nın Avropa səhnəsində qələbə
qazanmasa da məğlub olmama bakirəliyini də qoruya bildilər. Bunun üçün həm baş
məşqçiyə və həm də adbaad müraciət etdiyimiz futbolçulara təşəkkür edirik.
Oyuna gəldikdə isə əvvəlcə komandalardan söz açmalıyıq.
Maliyyə çətinliyinə görə heyət üzvlərinin qaymaq hissəsi olan bəlkə də tam
yarısından məhrum olan Poznan təmsilçisi, əlbətdə ki, ötən mövsüm uğurlu Avropa
səhnəsindəki "Lex” deyildi. Bunu rəqibin adından qorxmayaraq düzgün dəyərləndirə
bilmişdi, həm baş məşqçi və həm də futbolçularımız. Məhz inamlı oynamağımızın əsas
səbəblərdən biri kimi düzgün dəyərləndirmə alqışa layiqdir. O da alqışalayiqdir
ki, göründüyü qədəriylə Yunis Hüseynov taktiki cəhətdən düzgün baş işlətmiş, həmçinin
futbolçuların da bunu meydanda həyata keçirməsindəki harmoniya komandanın
bütünlüyü baxımından da əla nəticə idi. Azərbaycan klubları ilə görüşən rəqiblə
əski tanışlıq yəqin ki, baş məşqçinin işinə yaramışdı. Fiziki potensialın 90 dəqiqəyə düzgün bölünməsi,
rəqibin düzgün analizi, texniki və taktiki baxımdan demək olar ki, hər şey yetərincə
lazımi səviyyədə idi. Bir az irəli gedib cavab qarşılaşmasında da ümidlərin
qaldığını demək mümkündür. Çünki ötən mövsüm digər ölkə təmsilçimiz "İnter”
oyunun əsas vaxtında elə bu komandaya səfərdə 0:1 hesabıyla qalib gələ
bilmişdi. Bu hesab ekstra taymlarda da dəyişmədiyindən cütün taleyini
uzun-uzadı penaltilər seriyasında "Lex” öz xeyrinə həll edə bilmişdi. "İnter”in
bu mübarizə əzmindən danışmaq heç də yersiz deyil. Məhz tarixi varaqlayıb müəyyən
düzgün nəticələrin çıxarılması, yeni tarixlərin yazılması baxımından az əhəmiyyətli
olmur.
Onu da vurğulamaq yerinə düşər ki, cari avrokubok mövsümü
təmsilkçilərimiz hələ ki, "Bakı”nı çıxmaq şərti ilə uğurla çıxış edir. "Xəzər Lənkəran”ın
özünün "Nomme Kalyu” üzərindəki səfər qələbəsi, "İnter”in, "Trans” Narva üzərindəki
böyükhesablı qələbəsi, "Neftçi”nin isə cəmi iki gün əvvəl Çempionlar Liqasının
ilk təsnifat mərhələsində Gürcüstan "Zestafoni”si üzərindəki 3:0-lıq inamlı qələbəsi,
komandamız üçün də psixoloji baxımdan böyük stimul idi.
Oyunun gedişində razı qaldığımız məqamlar çox olsa da, qəbul
edə bilmədiyimiz məqamlar da var idi. Belə ki, Sadio Tounkara çox əzmkarlıq
göstərərək komandanın ümumi işinə yarasa da, oyun təcrübəsinin yetərsizliyi
ucbatından fərdi oyuna çox aludə olur və sonda topu itirmiş olurdu. Bir də ki,
adi epizodda rəqibə aut atmaq üçün topu eqoistcəsinə verdiyindən boş yerə sarı
vərəqə aldı ki, bununla da komandanı pis, növbəti oyunda da bu vərəqəyə görə
oynaya bilməyəcəyindən ehtiyat oturacağı kasad olan kollektivi çətin vəziyyətdə
qoydu. Eyni zamanda Alvizi də bu mənada qınamaq olar. Bir də ki, buraxılan
yeganə qolda Kamran Ağayev də hələ tam yetkin olmadığını sübut etdi. Bir yandan
rəqib oyunçunun topun gəlişinə zərbə vurması baxımından mərminin ildırım sürəti
ilə hara gedəcəyini təyin edib ona tullanmaq çətin olsa da (Rodriginyonun
"Neftçi”nin heyətində qapımıza Lənkəranda vurduğu qol), digər yandan burada top
ildırım kimi sürətli də deyildi və çox da çətin istiqamətə də getmədi. Sadəcə
qapıçımız ani reaksiyaya o qədər də ehtiyac olmayan topu tutmaqda aciz qaldı. Bunun əvəzini digər məqamda başqa bir qurtarışla çıxa bildisə, bu onun futbolçu borcu idi.
Ümumilikdə oyundan və komanda əzmindən razı qalsaq da qələbəni
əldən verməyimiz üzücü oldu. Belə ki, cavab qarşılaşması öncəsi daha da
avantajlı ola bilərdik. Sadəcə həlledici görüşdə qapımızın toxunulmaz
saxlanması ikinci mərhələni də adlamağa bəs edərdi. İndiki halda isə nəinki
qapımızı toxunulmaz saxlamalı, hətta rəqib meydanında mütləq top vurmalıyıq.
Buna baxmayaraq ümidimizi üzmürük.
Baş məşqçi ev oyununda üzərinə düşənin öhtəsindən gəldi
deyə bilərik. Elə komanda üzvləri də həm taktiki tapşırıqları yerinə yetirmək,
həm də 90 dəqiqə əzmkarlıq baxımından, o cümlədən psixoloji baxımdan və rəqibdən
çəkinməmək baxımından lazım olanı ortaya qoya bildi. Azarkeşlər də öz üzərlərinə
düşəni, hətta məlumatlara görə 15.000-lik stadiona 17.000 toplaşmaqla tam dəstək
nümayiş etdirdi. Dəstək və həyəcan da öz yerində. Qələbəyə isə yetməyən,
ehtiyat oturacağının kasadlığı və lazımi mövqelərdə axsamaların olması idi.
Komanda mövcud heyətlə potensialını ortaya qoya bildisə, bu potensialı daha da
gücləndirməli olan klub rəhbərliyi işinin öhtəsindən gələ bilmədi. Belə ki, ilk
mərhələni keçəcəyimiz təqdirdə ikinci mərhələ öncəsi bir-iki səviyyəli
futbolçuya ehtiyacın olduğunu komandanın fəxri prezidenti də dilə gətirmişdi.
Ümumiyyətlə avroliqaya gedən komandanın təlim-məşq toplanışını yüksək səviyyədə
təşkil edən klub rəhbərliyi komandadan ayrılan futbolçuların əvəzinə daha səviyyəlilərin
gətirilməsini əlbətdə dərk edirdi. Amma bu alınmadığı təqdirdə ilk mərhələ
sonrası fəxri prezidentin də komandanı gücləndirmə düşüncələri nə qədər yerində
olsa da, alınmama səbəbi bir o qədər qəribə idi. Buna görə azarkeşlərin çoxlu tənqidləri
də müəyyən mənada haqlı idi. Amma Mübariz Mənsimov kimi beynəlxalq səviyyəli
maqnat bu barədə fikir bildirirsə və bu fikir alınmırsa, yəqin bunun da bizim
bilmədiyimiz səbəbləri ola bilər. Çünki, belə şəxsiyyətlər üçün söz adi olmayıb
bir növ çox ciddi əhəmiyyət kəsb edir. Belə şəxslər söz verərsə, onun nəzərdə
tutduğundan dəfələrlə artığına başa gəlməsinə baxmayaraq, mütləq həyata keçirməkdə
israrlı olurlar. Bu onların imici üçün çox vacibdir. Əgər alınmırsa, deməli
bizim bilmədiyimiz daha mühüm səbəblər ola bilər. Bəlkə də daxili çempionatda
haqsızlığa məruz qalmamızdan qaynaqlanan bir inciklik də ola bilər bu. Amma
bunu komandanı gücləndirərək Avropada nailiyyətlər qazanmaqla daha bariz göstərmək
olardı. Bir söz verdiyinə görə "Xəzər Lənkəran” kimi milyonlara başa gələn klub
və lazımi infrastruktur yaradan şəxs yəqin ki, onu gücləndirməyi də düşünür. Hər
halda komandamız naminə ümidlərimiz tükənmək bilmir.
|