Bildiyimiz kimi dünən, 17 may tarixində Azərbaycanın futbol üzrə
kubokunun finalı keçirilib. Final oyunu Bakının eyniadlı klubu ilə həmşəhərliləri
"Neftçi” arasında olub. Hər iki komanda meydanda layiqincə mübarizə aparıblar.
Doğurdan da "Neftçi” klubu oyunboyu rəqibin üzərinə yüklənsə də qol arayışları
fayda verməyib. Buna baxmayaraq "Bakı” klubu əlinə düşən az imkanlardan ikisindən
yararlanaraq, bu mövsüm, ümumilikdə isə üçüncü dəfə kuboka sahib çıxıb. Hakimin
obyektiv idarəçiliyi şəraitində keçən bu oyun doğurdan da maraqlı və sürətli
final oyunları sırasına daxil edilə bilər. Tribunalarda o qədər də çox olmayan
azarkeş sayı isə bəlkə də son illərin ən az izləyicisi olan final oyunu olub.
Bu mənada oyun bitdikdən sonra isə alqış səslərinin və coşqunun zəif
nəzərə çarpması və demək olar ki, yalnız aparıcının səsinin eşidilməsi hətta Kubokun
özünü belə narahat edib. Belə ki, alqış sədaları eşitməyən Kubok öz
sağlamlığından narahat olaraq həkimə müraciət etməyi qərara alıb. Bu səhər Kubokun
ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Fair Playoğlu mətbuat
konfransı keçirib. Onun dediklərinə görə səslərin zəif eşidilməsi cənab Kuboku
narahat edib. O öz eşitmə qabiliyyətinin korlanmasından şübhələnərək bədbinliyə
qapılıb. Necə olur ki, final fiti səslənir, məni hansısa komandaya təqdim edirlər
və mən alqış sədalarını eşitmirəm? Deməli eşitmə sistemimdə hansısa problem var,
deyən cənab Kubok sağlamlığından bədgüman oldu. Mənə sabah mütləq həkimə gedəcəyini
söylədi. Elə bunun üçün də bu gün səhər saatlarında birlikdə həkimə müraciət
etməli olduq. Həkim müxtəlif
müayinə üsullarından istifadə edib, xeyli anamnez topladıqdan sonra cənab Kuboka
bir o qədər də narahat olmamağı tövsiyyə etdi.
Həkimin dediklərindən belə başa düşdüm ki, kubokları müxtəlif ölkələrin
müxtəlif firmaları istehsal edir. İstehsal etdikləri məhsulun da hansı ölkəyə
gedəcəyini nəzərə alıb onun quruluş elementlərini təyin edirlər. Bu mənada
İspaniya, Almaniya, İtaliya, Türkiyə və sair bu kimi ölkələr üçün istehsal olunan
kubokların qulaq pərdələri yüksək desibellərə hesablanmış materiallardan düzəldilir.
Axı sadalanan ölkələrdə azarkeşlərin alqış sədaları çox yüksək olduğundan qulaq
pərdələri buna dözümlü olmalıdır. Sizi istehsal edən firma isə əvvəlcədən hansı
ölkəyə gedəcəyinizi və orada azarkeşlərin alqış sədalarının o qədər də yüksək
olmadığını bildiklərindən, nisbətən zəif desibellərə uyğun pərdə ilə hazırlanmısınız.
Belə olan halda cənab Kubok həkimə daha bir sual verdi ki, bəs keçən il mən
yüksək səsləri aydın eşidirdim.
Həkim bir daha yeni üsulla müayinə etdikdə bunları dedi:-"Siz keçən
il final oyunu zamanı və təqdimat vaxtı yəqin yuxarıda adlarını sadaladığım ölkələrin
birində olmusunuz. Qulaq pərdənizin zədələnməsinin çapıqlaşmasından da aydın
görünür ki, düz bir il əvvəl yüksək desibelli səs dalğaları pərdənizi zədələyib.”
Belə olan halda cənab Kubok bir qədər fikrə getdi və keçən ilki "İnter”-"Xəzər
Lənkəran” arasındakı final oyununu yadına saldı. Onda əmin oldu ki, məhz bu
oyun zamanı onun qulaq pərdəsi zədələnib. Əvəzində həkimdən xahiş etdi ki, onun
qulağına gələn il üçün yüksək desibellərə uyğun pərdə yerləşdirsinlər. Çünki
dünyanın işini bilmək olmaz. Yenə "Xəzər Lənkəran” final oynaya bilər. Bu əməliyyatın
isə təxminən bir il çəkəcəyini həkim cənab Kuboka bildirdi deyə, mətbuat xidmətinin
rəhbəri Fair Playoğlu sözünü yekunlaşdırıb.