Kişi,
kişinin əməlinə qiymət verməlidir
Son
günlər "Böyük oyun”dan sonra başverənlərlə əlaqədar müzakirələr səngimək
bilmir. Qarşılıqlı ittihamlar, nəzərdə tutulan əvəzçıxma planları, düşmənçilik
xəbərdarlıqları medianın gündəmindən düşmür. Bu heç də hər iki tərəfin
azarkeşlərinə yaraşan rəftar deyil. Hər iki klubun azarkeşləri əlbəttə öz
klublarını sevir, ona qarşı yönələn hörmətsizliyi həzm edə bilmir.
Amma
unutmamalıyıq ki, hər iki komandanın azarkeşləri eyni dövlətin vətəndaşları,
dəstəklədikləri klublar isə hər ikisi Azərbaycanı təmsil edir. Biz oyundan
əvvəl də müraciətimizdə bu kimi halların baş verməməsini arzuladığımızı bəyan
etmişdik. Çox təəssüf ki, bu dəfə də hansısa xoşagəlməyən hallar hər iki
tərəfdən qeydə alındı.
Amma
burada təqdir olunası hallar da olmuşdur. "Futbol+” qəzetinin məlumatına görə
oyundan sonra "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov böyük bir centlmenlik
edərək, "Xəzər Lənkəran” klubunun futbolçularının paltardəyişmə otağına
gələrək, onları qələbə münasibəti ilə təbrik etmişdir. Bu həqiqətən də ölkə
futbolunda az-az görünən bir centlmenlikdir. İndi biz inanmırıq ki, belə bir
hərəkəti edən şəxs, "Neftçi” azarkeşləri tərəfindən növbəti oyunda "Xəzər
Lənkəran” bayrağının yandırılmasına mane olmasın. Bu səhv hər hansı bir "Xəzər
Lənkəran” azarkeşi tərəfindən edilibsə, onun "Neftçi” azarkeşləri tərəfindən
düşünülərək təkrarlanmasına Sadıq müəllimin mane olacağı yəqinliyini
yaradır. Eyni zamanda oyundan sonrakı qarşıdurmanın olmaması üçün
"Xəzər Lənkəran” ın prezidenti özü meydana gələrək, komandamızın azarkeşlərini
bu hərəkətlərin böyüməməsinə çağırması və buna nail olması da bir centlmenlik əlamətidir.
Biz hər iki prezidentin bu təqdirəlayiq
hərəkətlərini yüksək qiymətləndiririk. Gələcəkdə belə halların baş verməməsi
yönündə atılmış böyük addım kimi qiymətləndiririk.
İndi
söz azarkeşlərindir. Dövri qədimdən babalarımız hər hansı qarşıdurmanın
olmaması üçün əl verib görüşmüş və böyük faciələrin qarşısını almağa nail
olmuşlar. Kişi, kişinin əməlinə qiymət verməlidir. Biz də pisliklərə aparan
yolla yox, əl verib görüşməklə, bunların qarşısını almalıyıq.
|