
Adət-ənənəmizə
görə yazın gəlişi ilə bağlı bir sıra bayram tədbirləri həyata keçirilir.
"Novruz” bayramı yaxınlaşdığından evlərdə təmizlik işlərindən tutmuş, cürbəcür
şirniyyat bişintiləri və sair hazırlıq işləri bütün evlərdə gedir. Arzu edirik
ki, xalqımız həmişə əminamanlıq, firavanlıq və bol ruzi-bərəkətlə öz milli
bayramlarını ürəkləri istəyən səviyyədə qarşılasın. Əlbəttə "Novruz”
bayramından danışanda ilk növbədə səməni cücərdilməsi göz önünə gəlir. Əvvəl
bayrama səməni cücərdilməsi ilə başlanılır və daha sonra 10-15 gün səməni əmələ
gələnə qədər digər bayram hazırlıqları aparılır. Səməni cücərməsindən danışmışkən
bəzi cücərən fikirləri də sizinlə bölüşmək istərdik.
Artıq bəzi gümanlar həqiqətə çevrilmək yolunda
cücərməkdədir. Belə ki, mövzunun yenə futbolla bağlı cücərməkdə olan planların
ortaya çıxması diqqət çəkən məqamdır. Yadınıza "Neftçi” – "Xəzər Lənkəran”
oyunlarını salmaq istərdik. Xüsusən bu mövsüm həm kubokun ¼ finalında, həm də
çempionat oyunlarındakı bu komandalar arasında keçirilən matçlarda hakimlikdən
tutmuş futbol qurumlarımıza qədər hamının komandamıza qarşı sərt danışdığının
şahidi olmuşuq. Onu da deyək ki, bu mövsüm keçirilən bu komandalar arasındakı
görüşlərin heç birində "Neftçi” komandası qələbə qazana bilməyib. "Xəzər Lənkəran”
komanda olaraq ev və səfər oyunlarından asılı olmayaraq ya qalib gəlib və ya
özünə sərf edən heç-heçəylə kifayətlənib. Bəli, bu mövsüm çempionluğa oynayan
"Neftçi” komandası açıq aşkar "Xəzər Lənkəran” sindromu yaşayır. Arxada qalan 4
matç bunun bariz nümunəsidir. "Neftçi”nin baş məşqçisi Arif Əsədovun da mediaya
verdiyi açıqlamada "Xəzər Lənkəran”a qarşı sindromun olduğunu təsdiq edərək,
qarşıdakı matçda bunu qıracaqlarını deməsi ilə yəqin ki, tanışsınız.
Bunun
üçün yollar fikirləşilir. Bir neçə məqamı diqqətinizə çatdırmaq istəyindəyik.
İlk əvvəl dünən "İdman Azərbaycan” telekanalının "Premyerliqa” verilişinin
qonaqlarını və burada gedən söhbətləri yada salsaq müəyyən fikirlər artıq təsdiq
olunur. Verilişin sonlarına yaxın aparıcı Rəşar Rafiqoğlunun verilişin
qonaqlarından biri olan "Neftçi”nin baş məşqçisi Arif Əsədova verdiyi Milli
komandamızın baş məşqçisi Berti Foqtsla görüş barədəki sual çox maraqlı bir məqam
idi. Bu görüş həm də dünən ölkə mətbuatında da işıqlandırılmışdı. Arif bəy də
görüşün olduğunu təsdiq edərək, Berti Foqtsla aralarındakı söhbətin nədən
getdiyindən danışdı. Arif bəy Foqtsun ona olan tövsiyyələrindən danışdı. Hansı
futbolçunu harada oynatmağın daha çox xeyir verə biləcəyi haqda Foqtsun məsləhətlərinin
olduğunu dedi. Sonra da komandaya daha yaxşı bələd olduğu üçün onun öz fikirlərinin
olduğunu da izləyənlərin diqqətinə çatdırdı. Düzdü sonda bütün bunların milli
komanda baxımından bir görüşün söhbət mövzusu olduğu diqqətə çatdırıldı.
Amma
gəlin görək ölkə çempionatının bu gərgin vaxtında aralarında qızğın mübarizə
gedən və çempionluğa oynayan iki komandanın birinin baş məşqçisi ilə görüşərək
hansı futbolçunun hansı mövqedə oynaması haqda tövsiyyələr vermək nə deməkdir?
Bu martın 18-i bu komandalar arasında növbəti çempionat oyunu ərəfəsi taktiki
planın millinin baş məşqçisi Berti Foqts tərəfindən hazırlanması anlamına gəlmirmi?
Əgər bu milli komanda baxımından izah olunursa, onda Berti Foqtsun niyə məhz
bir komandanın baş məşqçisi ilə görüşməsi lazım olur? Elə isə milliyə 4-5
futbolçu verən "Neftçi” komandası ilə taktiki söhbətlər edən Foqts, milliyə 4 əsas
heyət futbolçusu verən "Xəzər Lənkəran”la niyə bu tip müzakirələr aparmır? Bəli,
bütün vasitələr birləşərək "Xəzər Lənkəran”ı yenməyin yollarını fikirləşir. Bu
yazıdan sonra Foqtsun "Xəzər lənkəran”la görüşünün olması artıq, gözdən pərdə
asmağa bənzəyəcək.
"Neftçi”
üçün "Xəzər Lənkəran” sindromunun olduğu, bunu klubun baş məşqçisinin də mətbuata
verdiyi açıqlamada qeyd etməsi, cəmi dörd gün sonra aralarında çempionluq
baxımından böyük önəm kəsb edən görüş ərəfəsində bu görüşün və taktiki planda
söhbətlərin olması başqa cür düşünməyə əsas vermir.
Fikirlərin
cücərməsi haqqında yazının əvvəlində də işarə etmişdik. Bunlar isə kubokun ¼
final mərhələsinin lənkəranda baş tutan cavab görüşündəki məqamlardır. Belə ki,
mətbuatı izləyən hər kəs yaxşı bilir ki, bu matçdan 1-2 gün əvvəl Foqts artıq Lənkəranda
olub. Özünü belə matçlara güclə çatdıran Berti Foqts niyə bu matçdan 1-2 gün əvvəl
Lənkərana gəlib? Yenə mətbuatdan bildiyimizə görə "Xəzər Lənkəran”ın baş məşqçisi
Mirça Rednikə verilən belə bir suala: "Foqts artıq bir neçə gündür ki, Lənkərandadır.
Onunla görüşünüz olubmu? Sualına, Rednik belə cavab vermişdi: "Olub, yalnız
matç başlamamışdan bir neçə dəqiqə əvvəl foyedə gördüm və salamlaşdıq, vəssalam.”
Bəs onda Foqts orada nə işlə məşğul olub və kimlərlə görüşüb sualı isə açıq
qalır.
Yenə
də mətbuatdan bildiyimizə görə, ¼ finalın cavab görüşünü isə cəmi 80 dəqiqə izləyən
Foqts sona 10 dəqiqə qalmış, stadionu tərk edib. Deməli Lənkəranda olduğu müddətdə
də rəqibə kömək etməsi ehtimal olunan Foqts bu köməyin heç bir nəticəyə
yaramadığını da gördükdən, artıq "Xəzər Lənkəran”ın mərhələni adlayan tərəf
olduğuna şübhə qalmadığından son 10 dəqiqəyə baxmağın heç bir faydasının
olmadığını görərək stadionu tərk etmiş olub. Bizim bu fikirlərimiz subyektiv də
ola bilər. Lakin obyektiv olan odur ki, "Neftçi”nin də baş məşqçisinin təsdiq
etdiyi kimi, Foqtsla bu oyun ərəfəsi görüşüb və taktiki planda söhbət edilib. Bunun
izahı nə olursa olsun bu ərəfədə belə bir görüşün bir komanda ilə olması kökündən
yanlışdır və digər komandanın təklənməsidir.
Bütün hər kəs birləşib hər vəchlə səni yenməyin
yollarını düşünür. Sən güclüsən, sən ona görə sevilirsən, sən ona görə azarkeşlərinin
qanına-canına hopmusan doğma "Xəzər Lənkəran”!
Bu
oyunda da qalib gəlməklə, Mirça Rednik məşqçi kimi öz dahiliyini sübut edəcək, "Xəzər
Lənkəran” isə rəqib tanımadığını sübut edəcək, azarkeşlərimiz isə buna layiq
olduğumuzu bir daha öz dəstəkləri ilə sübut edəcəklər. "Ən böyük Xəzər, başqa
böyük yox!”
|