2011/2012 futbol mövsümü Avropanın
bir sıra ölkələrində yekunlaşmış, çox ölkələrində isə yekunlaşmaq üzrədir. Azərbaycanda
da bu mövsüm yekunlaşmaq üzrədir deyəndə, hələ bir rəsmi matç öndədir deyə belə
söyləmək mümkündür. Bu rəsmi matç kubokun final oyunu olacaq və yalnız bundan
sonra mösüm yekunlaşmış sayılacaq. Buna baxmayaraq çempionat yekunlaşdığından,
alışmadığımız kimi doğma "Xəzər Lənkəran” kubok yarışlarından kənarda
qaldığından, mövsüm bizim üçün rəsmən bitmiş sayıla bilər. Amma buna
baxmayaraq, komandamız bu il gümüş medallara sahib çıxıb Avropa turnirlərinə
yolunu açmış oldu. Əslində kimlərinsə səhlənkarlığı və kimlərinsə qərəzi
ucbatından komandamız avropa turnirlərindən kənarda belə qala bilərdi. Hələ
yadımızdan çıxmamış o, "6xal” məsələsinə işarə vururuq. FİFA və AFFA-nın tətbiq
etdiyi "6 xallıq cərimə” baş tutduğu kimi qalsaydı, onda yəqin ki, "Xəzər Lənkəran”ı
bu mövsüm Avropaya həsrət qoyacaqdılar. Amma sən saydığını say, gör fələk nə
sayır, deyırlər. Doğurdan da fələk burada "Xəzər Lənkəran”ın xeyrinə saydı.
Çünki halal zəhmət hesabına qazanılan xalların silinməsi Allaha da xoş gəlmədi
deyə, hər şey yerini aldı. Bunun əldə olunması üçün klubla birlikdə azarkeşlərimiz
də susmadı. Məsələn "Bosman” olaraq, FİFA-ya və səbəbkar Ramulo Silvano da
Silvaya müraciət etmişdik. Şükürlər olsun ki, cavablar da müsbət gəldi. Nəhayətdə
"Xəzər Lənkəran”ın silinmiş xalları bərpa olundu.
Onu da deyək ki, dünya təcrübəsində
belə formalı klub müvəffəqiyyəti nadir bir haldır. Bu müvəffəqiyyəti, peşəkarlıqda
müəyyən səhvlərə yol verən klub rəhbərliyinin bəlkə də son zamanlar atdığı ən
peşəkar addım saymaq olar. Yaxından-uzaqdan göründüyü kimi AFFA-nın da bu məsələdə
"biganəliyi” klubumuzu Avropa Liqasından kənarda qoya bilərdi. Mövsümü birirmiş
"Xəzər Lənkəran” indi bütün diqqəti yəqin ki, Avropa Liqasına yönəltməlidir.
Avropa Liqasında müvəffəqiyyət isə güclü bir "Xəzər Lənkəran” qurulmasından
keçir. Yuxarıda dediyimiz kimi klub olaraq, nəinki ölkə futbol ictimaiyyətinə,
ölkə futbol qurumlarına o cümlədən hətta dünya futbol ictimaiyyətinə və FİFA-ya
belə, "Xəzər Lənkəran”ın kim olduğunu sübut edə bildiksə, indi hamıya meydanda
"Xəzər Lənkəran”ın futbol oyunu ilə nələrə qadir olduğunu niyə də sübut etməməliyik.
Bütün arzuladığımız uğurları
reallaşdırmaq üçün isə bir daha deyirik ki, güclü, çox güclü bir komanda
formalaşdırmalıyıq. Bu uğurların yolu ancaq göstərilənlərin mahiyyətindən
keçir. Qazanılacaq uğurlardan sonra qoy FİFA da görsün ki, mən kiminlə zarafat
etmişəm.
Hörmətli klub rəhbərliyi, klubumuzun maddi imkanları buna
uyğundursa, onda qurun gözəl və güclü bir "Xəzər Lənkəran”. Qurun ki, heç vaxt
Avropada uğur qazanmamısınız deyənləri yerindəcə oturdaq. Qurun ki, Avropaya səs
salaq. Qurun ki, möhtəşəm azarkeşlərimiz bu komanda ilə nəfəs alır deyə. Qurun
ki, ölkədə yeganə olan "Fırtınalar Meydanı”nın divarları alqış səsələrindən
titrəsin. Qurun ki, bəzi üzdəniraqların bu gurultudan qulaqları batsın və nəhayət
qurun ki, bu doğma Lənkəranın, həm də sizin adınızdır.
Mais müəllim, klubumuzun imkanı çatırsa, cənc istedadları, təcrübəsi
Avropa yarışlarında uğur qazanmağa kifayət edəcək futbolçuları alın. Alın, axı
siz "Xəzər Lənkəran”a belə, qiymətindən asılı olmayaraq çox futbolçular bəxş
etmisiz. Bu il isə daha güclülərini alıb, möhtəşəm "Xəzər Lənkəran” qurun.
Alnımız açıq, məramımız düz, birlikdə Avropa macərasına çıxaq. Alqışlamaqla
ayağa qalxaq, sevməyənləri yerində oturdaq.
Bu yuxu deyil. Bu sizin, bizlərlə bacaracağımız həqiqətdir. Allah
amanında...