"Çempion” qəzetinə
və bu qəzetdə çalışan Anar Xanlarova bir jurnalist və çox mədəniyyətli bir
insan kimi böyük hörmətim var. Elə "Xəzər Lənkəran”ın son "Böyük Oyun”dan
sonrakı durumuna aid yazdığı "Kamran satqındı, Rednik qəhrəman?” yazısını da tənqid
etmək fikrindən uzağam. Ən azı ona görə ki, Anar bəy də öz fikirlərini söyləməkdə
haqq sahibidir. Müəyyən həqiqətlərin açılmasında isə bu yazının öz yeri
olduğunu deyə bilərəm. Anar bəyin toxunaraq qələmə aldığı bu məsələlər güman
edirəm ki, futbolumuzun inkişafı naminə, yəni "Xəzər Lənkəran” kimi ölkənin
aparıcı bir klubunun niyə belə ağır məğlubiyyətlə üzləşdiyini və belə bir halın
futbolumuzda zəif nöqtə olduğunu qəbul edə bilməməsinə görə yazılıb. Bu yazıda
isə bir xeyli məqamlara toxunulub.
Əvvəla qeyd
edirsiniz ki, sizin düşündüyünüzə görə problem, "Kamran Ağayevlə baş məşqçi Mirça Rednik arasındakı problemdən gedir. Hər
halda mən bu cür düşünürəm ki, bu məsələdə problem yalnız bu iki şəxs
arasındadır. Deyilənə görə, Kamran "Neftçi” ilə XII tur matçına da məhz
Rednikin acığına çıxmayıb və səbəb kimi zədəsini göstərib.”
Daha sonra
qeyd edirsiniz ki, " Gəlin, açıq danışaq,
necə oldu Kamranın indiyə kimi, azarkeşlərlə, klub rəhbərliyi ilə problemi
olmadı, Rednik gələndən sonra bu baş verdi? Necə oldu bu günə kimi "Xəzər Lənkəran”
azarkeşləri Kamranı Azərbaycanda ən güclü qapıçı sayırdılar, ancaq indi onu
satqın adlandırırlar? Unutmayın ki, nə qədər səhvləri, bəzən yersiz
açıqlamaları olsa da, Ağayev Lənkəran klubu üçün az iş görməyib. Ona görə, bəzən
heç nə bilmədən, məsələnin əsl mahiyyətinə varmadan kimisə ləkələmək, ona
"satqın” damğası vurmaq da düzgün deyil. İlk növbədə məsələni araşdırmaq
lazımdır. Bəlkə elə məsələ var ki, biz onu biləndən sonra Kamrana haqq
qazandıracağıq? Bir daha deyirəm, mən burada problemin qapıçı ilə baş məşqçi
arasında olduğunu düşünürəm.
Anar bəy, yəqin
özünüz də razılaşarsınız ki, Avropanın və dünyanın böyük klubları var və bizlər
də onlardan futbol mənasında çox örnəklər götürmək istəyirik. Bu böyük klublar
niyə bu qədər inkişaf edirlər? Sualı isə futbolla maraqlanan hər kəsi
düşündürür və düşünənlər onu da bilirlər ki, bu komandalarda ciddi
nizam-intizam hökm sürür, futbolçu tərəfindən məşqçiyə yönəlik hər hansı kiçik
eyham belə cavabsız, yəni cəzasız qalmır. Nəinki bu məsələdə olduğu kimi həm mətbuatda,
həm azarkeşlər arasında məşqçi əleyhinə açıq-aydın əks təbliğat aparılması.
"Barselona” klubunda kimliyindən asılı olmayaraq məşqə bir dəqiqə gecikmənin cəzası
əlli min avrodur. Nəinki bizdə istənilən anda oyuna çıxmamaq, məşqə qatılmamaq
və ya istədiyin zaman məşqi yarımçıq tərk etmək kimi qeyri-peşəkar hərəkətlər.
Buna sizcə hər hansı formada haqq qazandırmaq mümkündürmü? Məşqçi klub rəhbərliyi
və azarkeşlər tərəfindən qəbul olunursa, hansı haqla onlara qarşı çıxmaq olar? Hər
bir futbolçu bütün komandalarda müqavilə əsasında oynayır və bu müqaviləyə də
özü imza ataraq, müəyyən məvacib alır. Bunu doğrultmalı və buna qarşılıq verməli
olan futbolçu yalnız peşəkarcasına işinə yanaşmalıdır. Hər hansı narazılığı isə
həll etməyin qanuni yolları var.
Özünüzün də
dediyi kimi problemi məşqçi ilə qapıçı arasında görürsünüz. Axı məşqçi ilə
qapıçı arasında nə problem olmalıdır ki? Futbolçunun borcudur ki, məşqçinin
dediklərinə əməl etsin. Əks halda bütün klublarda qapı açıqdır. Məşqçi ilə problem
ola bilməz və olsa da bunu futbolçu kimi komandanı pis vəziyyətdə qoyaraq həll
etməyə çalışmağın adını nə qoymaq olar? Biz azarkeşlərin heç kimi satqın
adlandırmaq fikrimiz yoxdur. Əksinə biz Kamranı lazımi məqamlarda həmişə qiymətləndirmişik.
Birincisi onun istedadlı futbolçu olduğuna görə itirilməməsi haqqında da çoxlu
səy göstərmişik. Kamran öz karyerası naminə peşəkarcasına davranmalıdır. Biz
peşəkarları müdafiə edirik. Yoxsa azdırmı dünya təcrübəsində parlayıb tez sönən
ulduz futbolçular.
Yəqin hamımızın
məktəb illəri yadımızdan çıxmamış deyil. Dərsə davamiyyəti, gecikməni, dərsi
yaxşı öyrənmək üçün tələbkar olan müəllimləri çox şagirdlərin sevməməsini
xatırlayırıq. Amma o müəllim illər sonrasından şagirdlər tərəfindən başa
düşülür və çətinə düşəndə belə xatırlanır: "Sən demə filan müəllim bizi istəyərək
belə nizam-intizam tələb edirmiş.” Amma sonrakı peşmançılığın fayda verə bilməyəcəyini
böyüklərimiz də "atalar misalı” kimi öyüd vermişlər. Sadaladığınız, Rednik gələndən
sonrakı bəzi futbolçuların adları da həmin şagirdlərin adları ilə eynidir məncə.
Nizam-intizamı qəbul etmək lazımdır.
Zədə ilə
bağlı fikirlərinizə gəlincə, bu gün mətbuatda "Xəzər Lənkəran”ın həkiminin adıçəkilən
futbolçunun zədə probleminin olmadığı ilə bağlı informasiyalar yer alıb. Onu da
çox gözəl olaraq vurğulamısınız ki, "bəlkə elə şeylər var ki, biz bilmirik.” Bəli,
bilmədiyimiz məsələ bu gün komandanın həkimi tərəfindən açıqlanırsa, onda bəs
bu bəhanələrin müdafiəyə haqqı çatırmı? Bəli, elə nüanslar var ki, dediyiniz
kimi siz bilmirsiniz. Elə nüanslar da var ki, biz bilmirik. Amma hamı tərəfindən
bilinən nüanslar da var ki, bunlar açıqlananda bəlli olur.
"Əgər doğurdan da o, zədəli olmaya-olmaya "Neftçi”yə
qarşı oynamaqdan boyun qaçırıbsa, bu, istənilən halda peşəkar futbolçuya yaraşmayan
bir hərəkətdi. Ancaq buna dair bizim əlimizdə fakt olmadığından konkret ittiham
irəli sürə bilmərik.” Komanda həkiminin "zədəsi
yoxdur” deyən açıqlaması sizin qənaətinizi cavablayırmı? Bax elə bunları demək olar bütün "Xəzər Lənkəran”
azarkeşləri bilir deyə, onların arasında fikir ayrılığı yoxdur.
Amma sizin qənaətinizin
əksinə olaraq onu deyə bilərəm ki, Skarlatake məsələsində
"Xəzər Lənkəran” azarkeşlərindən heç kim
nə Redniki, nə də futbolçunun özünü günahlandırmadı. Burada onun əvvəlki klubu
və "Xəzər Lənkəran”da icarə əsasında oynaması faktoru var idi. Bəli, mən də
inkar etmirəm ki, belə biabırçı məğlubiyyətdə məşqçinin günahı da var. Amma
bilirsiniz bu günah nədən ibarətdir? Bu günahın səbəbi məncə məşqçi tərəfindən
güclü nizam-intizamın tətbiq edilməməsidir. Güclü nizam-intizam da tətbiq
olunduğu zaman baxın, bugünki kimi məsələlər ortaya çıxır. Hər kəs bir cür
müdaxilə etməyə çalışır. Hətta milli futbolçunun nizam-intizama cəlb olunmasını
milli faciəyə çevirmək istəyənlər belə ortaya çıxır.
"Makkabi”
ilə oyunlardan misal gətirirsiniz. Səfər oyununda buraxılan üç qolun kimin səhvlərindən
olduğunu siz də çox gözəl bilirsiniz. Bu heç də məşqçinin taktiki səhvi yox,
yerli futbolçuların fərdi və bəsit səhvləri idi. Həmin oyunlar ərəfəsində isə bəzi
yerli futbolçuların davranışı da çoxlarımıza məlumdur. Mən isə bunların canlı
şahidlərindən biriyəm. Belə olan təqdirdə Redniki ittiham etmək nə dərəcədə ədalətli
sayılar?
Redniki
Bakıda qalıb, Lənkərana getməməkdə ittiham etmisiniz. Yadınıza salmaq istərdim
ki, həmin ərəfədə komanda strategiyasında dəyişikliyə qərar vermək istəyirdi. Gənc
futbolçularla işləmək isə Rednik kimi peşəkar birisinə təklif olunurdu. Siz də
yəqin hər bir mütəxəssisin konkret işinin olduğunu təsdiq edərsiz. Məhz bu səbəbdən
də Rednik komandanın baş ofisinin yerləşdiyi Bakı şəhərində yubanmalı olmuşdu və
bütün məsələlərə aydınlıq gətirilməsini keçirdiyi görüşlərlə əlbəttə burda gözləməli
idi. Yalnız bu səbəbdən onun Bakı şəhərində ləngiməsi dəqiqdir. Yoxsa, "Neftçi”yə
keçmək üçün o Bakıda ləngiməmişdi. Normal olaraq hər bir komandadan istedadlı məşqçiyə
təklif gələ bilər. O cümlədən də "Neftçi”dən. Amma baxın o komandasını dəyişmədi!
Bu da onu göstərir ki, ona təklif gələ bilərdi. O özü bu istəkdə olmayıb.
Olsaydı o artıq rəqib düşərgəyə çoxdan keçmişdi. Əgər keçsə idi onda siz deyən
kimi ona "satqın” demək olardı. Hərçənd ki, sonralar "Neftçi” tərəfi də belə
danışıqlar aparmadığını bildirmişdi. Əgər başqa bir idman nəşri sizin kimi
istedadlı jurnalisti öz qəzetinə dəvət edirsə, sizə təklif göndərirsə, siz isə
bunda maraqlı deyilsinizsə, onda sizi nədə ittiham etmək olar? Əlbətdə heç nədə.
Ağasəlim
Mircavadov məsələsinə də toxunmusunuz. Həm yaddaşlı, həm də demək olar bütün
matçları canlı izləyən biri kimi mən də Qəbələdə (0:3) çempionluq dəqiqələrini
yaşamışam. Ağasəlim Mircavadov haqda söhbət düşəndə də elə siz deyən kimi biz də
onun komanda üçün çox böyük işlər gördüyünü və hələki yeganə çempionluğumuzun memarı
olduğunu xatırlayaraq minnətdarlıq hissləri keçiririk. Hətta bəziləri onun
çempionluğuna kölgə salmaq istəsələr də, dərhal "bəs MDB kubokunu necə aldı?” sualımızla
qarşılanır.
Bəli,
Anar bəy, siz öz fikirlərinizi söylədiyiniz kimi, mən də öz fikirlərimi sizinlə
və bütün oxucularla bölüşmək istədim.
Hörmətlə: Mirhafiz M. Babayev "Bosman”
fanklubunun rəhbəri.
|