XİX
tur ilin son matçı. "Xəzər lənkəran” evdə "Qarabağ”ı qəbul edir. Bu oyuna qədər
komandamız 40-xalla çempionatın lideridir. İkinci pillədən iki xal irəlidədir.
Bu oyunda heç-heçə qeydə alınsa belə qış fasiləsinə lider kimi yollanacağıq. Çünki
ikinci yerdə olan komanda qələbə qazanacağı təqdirdə bizimlə xallarını eyniləşdirəcək
olsa belə öz aramızdakı oyunda "Xəzər Lənkəran”ın qələbəsinə görə komandamız
ilk pillədəki yerini qoruyacaqdı.
"Xəzər
Lənkəran” bu oyuna ciddi, lakin itkilərlə hazırlaşırdı. Son məşqlərdə Uinston Parksın
və Katalin Domanın da zədələnməsi kasıb olan heyətimizi bir az da
kasıblaşdırdı. Lakin buna baxmayaraq komanda döyüşdü, şanssız qol yeməsinə rəğmən
Alim Qurbanovun ustalıqla vurduğu cavab topu sayəsində tez bir zamanda hesabı bərabərləşdirdi
də. Sonra təşəbbüsü əlində uzun müddət saxlaya da bildi.
Lakin
ikinci hissəyə hər iki komanda çox ehtiyatla başlayıb, uzun müddət ehtiyatla da
davam etdilər. "Xəzər Lənkəran” bu oyuna demək mümkünsə kasıb heyətlə çıxmışdı
deyə çox riskə getmək istəmirdi. "Qarabağ”ı isə
oyundan öncə dedikləri kimi bir xal da qane edirdi. Ona görə ikinci hissədə
hesab bərabərkən risksiz və sakit oyun izləməli olduq. Sonra rəqib iki
hücumameyilli əvəzetmə gerçəkləşdirdi ki, bununla özünü yandıra da bilərdi. Çünki
onsuz da komandamız rəqibin irəli gəlməsini və arxada verəcəyi boşluqları səbirsizliklə
gözləyirdi. Amma iki müdafiəçimizin ardıcıl səhvi "Qarabağ”ın işinə yaradı. Bundan
sonra geriyə oturan rəqib, Kamran Ağayev də daxil olmaqla "Xəzər Lənkəran”ın
ardıcıl hücum basqılarına tab gətirməyə çalışırdı. Ayaqlarına düşən topu hara gəldi
vurub uzaqlaşdırmağa çalışırdı. Final fiti nə vaxt səslənər deyə bu dəhşətli təzyiqdən
qurtarmağa çalışırdılar. Bununla "Qarabağ”ın qələbəsinə kölgə salmaq istəmirik.
Gərgin və gözəl oyunun şahidi olduq. Amma oyuna kölgə salan "Xəzər Lənkəran”ın
kasıb heyəti və bir də baş hakim Rövşən Əhmədovun "açarı itirməsi” oldu. Bəzən
sərt oyuna imkan verən Rövşən Əhmədov, bəzən isə yeri gəldi-gəlmədi fit
çalmaqla məşğul oldu. Allan Lalinə simulyasiyaya görə sarı vərəqə verməsi isə bu
" açar itirmənin” nəticəsi idi. Allan Lalin cərimə meydanına şığıyarkən iki rəqib
müdafiəçidən sıyrılmalı idi. O, bunların birincisini gözəl hərəkəti ilə arxada
qoydusa, ikinci rəqib müdafiəçi özünü qaydalar çərçivəsində onun ayaqları
altına sərdi. Burada A. Lalin ya onu kobudcasına tapdalayıb keçməli, ya da onu əzməmək
üçün özünü onun üzərindən irəli atmalı idi. Çünki onun müvazi vəziyyəti həmin
anda heç cür özünü idarə edə bilməyəcəyi bir vəziyyət idi. O, ikinci yolu
seçdi. Yəni rəqibi tapdalamadı. Onun penalti istəyi də yox idi. Sadəcə vəziyyətdən
həm özünün və həm də rəqibin əzilməməsi hesabına bu cür hərəkət etməklə çıxmalı oldu. Bu,
epizodun ekranlarda dəfələrlə təkrarı zamanı da aydın görünürdü. Rövşən Əhmədov
isə Allan Lalinin bu centlmenliyini başa düşməyib ona sarı vərəqə göstərmiş
oldu.
Belə
itkili heyətdə əsas futbolçularımızdan olan Stellian Stankunun da oyunda çox gərgin
görünməsi və haqlı olaraq Mirça Rednik tərəfindən də bunun başa düşülərək onun əvəzlənməsi
məcburi bir addım idi. Çünki, belə gedişlə S. Stankunu da qırmızı vərəqə gözləyirdi.
Belədə meydanda azlıqda qala bilərdik ki, bunun da qarşısını Mirça Rednik məcburi
əvəzləmə ilə almış oldu.
Bu
məğlubiyyət Rednikin "Xəzər Lənkəran”la ilk ev məğlubiyyəti oldu. Amma bu hələ
son deyil. İlk pillədən cəmi bir xal geriyə düşmüş olsaq da, bu iyirmi günə
qurulan və əsas heyətinin çox üzvlərini itirmiş "Xəzər Lənkəran” üçün uğurlu nəticə
sayılmalıdır. Qarşıda transfer dövrü açılır. Belə heyətlə bugünki nəticələrə
imza atan Mirça Rednik, transfer dönəmindən sonra tam başqa "Xəzər Lənkəran”
formalaşdıracaq. Buna biz son dərəcə əminik.
Bəlkə
də gələcək partlayışlı "Xəzər Lənkəran” formalaşdırmaq üçün bu məğlubiyyət yaxşı
mənada daha effektli oldu. Çünki bununla daxili gərginlik yarandı. Daxili gərginliyin
nə olduğunu bilən insanlar bunu çox gözəl başa düşə bilərlər. Rednik də bu kimi
hissləri başa düşən bir mütəxəssis olduğunu çoxdan sübut etmiş birisidir. Əsəb
hissləri yay kimi tarıma çəkilmiş birinin formalaşdıracağı heyətlə elə fasilədən
sonra ilk qarşılaşacağımız rəqibi ustalıqla məğlub edərək ilk pilləni geri
alacağımıza əminlik bizi rahatlaşdırır. Rednik bir Avropa "Xəzər Lənkəran”ı
qurmaqla meydanların məğlubedilməzinə çevriləcək. Sonda hamı "Xəzər Lənkəran”dan
danışacaq.
Azarkeşlərimizə
gəlincə, onlar belə bir komanda arzusunda həmişə dəstək nümayiş etdiriblər. Biz
həmişə səninləyik doğma "Xəzər Lənkəran”! deyə həmişə bunu sübut ediblər. Keçən
yazılarımızda azarkeşlərimiz haqqında araşdırmalarımız olmuşdu. 2010/2011
mövsümünün 18 turu ərzində komandamızı 92.420 nəfər dəstəkləmişdi. Bu turda
7580 nəfər də komandamızı dəstəkləyəcəyi təqdirdə 100.000 rekord rəqəm qeydə
alınacaqdı. Alındı, hələ o tərəfə də keçdi. Rəsmi rəqəmlərə görə bu oyunda
azarkeş sayı 11000 nəfər göstərilir. Bu isə o deməkdir ki, 19 tur ərzində nəinki
100.000, hətta 103.420 azarkeş rəsmi olaraq komandamızın yanında olmuş və böyük
dəstək nümayiş etdirmişdir. Bu Azərbaycan üçün bir rekorddur. Rekordlar isə "Xəzər
Lənkəran”a yaraşır. İnşAllah mövsümün sonunda biz səni çempion görəcəyik, doğma
"Xəzər Lənkəran”!
Hələ
bununla da səndən istədiyimiz bitməyəcək. Bu il bizim üçün Avropa ili
olmalıdır. Avropada da səninlə birlikdə uzun yol qət etmək istəyirik, axı sən
bizim qürurumuzsan, doğma "Xəzər Lənkəran”!
Bu
günə qədər bu uğurlar üçün hər cür şərait qurmuş olan komandamızın rəhbərliyinə
də dərin təşəkkürümüzü bildiririk. Yuxarıda göstərilən hədəflərə çatmaq, həm də
onların arzusudur. Bu hədəflərə çatmaq üçün bundan sonra da rəhbərliyin dəstəyinə
inanırıq. Daha nə qaldı. Hər cür şərait, güclü "Xəzər Lənkəran” və möhtəşəm
azarkeşlər! Haydı Avropa, yeni futbol mövsümünə yenilik gələcək, adı - "Xəzər Lənkəran”!
|