Salam,
hörmətli futbol həvəskarları... Sözümüzə, Azərbaycan tele və radio məkanının
futbol translyasiyalarında olan məşhur ifadəsi ilə başlamağımız heç də təsadüfi
deyil. Çünki başverənlər əksər futbol azarkeşlərini bu birinci olan idman
növündən iyrəndirməyə başlamışdı. Ölkədə klublara olan münasibətdəki
ayrıseçkilik isə daha dözülməz həddə çatarkən, bir yandan da FİFA-nın
komandamıza qarşı olan məlum 6-xal qərarı futboldan bezikmələrə gətirib
çıxardı.
FİFA-nın
bu qərarını dəyişəcəyinə çoxlarımızda ümid işığı da var idi deyə bilərik. Biz
"Bosman” fanklubu olaraq, elə buna inandığımıza görə, əbəs yerə deyildi ki,
çoxminli "Xəzər Lənkəran” azarkeşləri adından bu məsələ ilə bağlı FİFA-ya və səbəbkar
olan Ramulo Silvanoya müraciət də etmişdik. Bununla bir azarkeş olaraq, üzərimizə
düşəni etmiş olduğumuzu düşünürük. Romulo Silvanodan bizə bir neçə gün əvvəl qısa
cavab gəlsə də, FİFA-dan bu gün qərarın dəyişdirilməsi ilə bağlı cavab gəldi
ki, bunu bütün ölkə futbol ictimaiyyəti və xüsusən "Xəzər Lənkəran” camiəsi artıq
sevinclə qarşıladı. Bu ərəfədə klubun sahibi Mübariz Mənsimov da ölkəyə gələrək,
bu məsələdə klub rəhbərliyinin səhvi olduğunu vurğulasa da, "Xəzər Lənkəran”ın
haqlı olduğunu dilə gətirdi. Onun iddialı müsahibəsindən sonra inam daha da
artaraq, hamı aprelin 25-i gözləməyə başladı.
Bəli,
aprelin25-i bizim saatla tamamlandısa, Avropada bu, gecə saat 3-də
tamamlanırdı. Aprelin 26-ı isə bəlkə də dünya futbol ictimaiyyətini silkələyən
qərarla yuxudan oyandıq. Belə ki, FİFA "Xəzər Lənkəran” haqqında olan qərarını
dəyişib, 6-xalın bərpası haqqında müvafiq qərar çıxararaq, bunun həyata
keçirilməsini yerli futbol qurumu olan AFFA-ya
tapşırıq vermişdi. Hətta yayılan rəsmi informasiyalara görə FİFA, göstərilən məsələ
ilə əlaqədar yaranan narahatlığa görə, «Xəzər Lənkəran» klubundan üzrxahlıq belə
edib.
Bu
ilk belə hal olsa da, komandamıza qarşı olan heç də ilk haqsızlıq deyildi. Buna
qədər komandanın və onun çoxminli azarkeşlərinin haqqı üzdəniraq hakimlər və
futbolumuzu idarə edənlər tərəfindən heç də az tapdalanmayıb. Bu gün "Xəzər Lənkəran”
camiəsi dünyaya özünün haqlı olduğunu sübut edə bilirsə, görəsən HK-ə və PFL-ə
bunu necə sübut etmək olar? Əgər Romulo Silvano məsələsi bir neçə il əvvələ təsadüf
edib bu gün komandanın haqlı olduğu sübut olunursa, onda əvvəllər də adıçəkilən
futbol qurumlarımız tərəfindən məruz qalmış olduğumuz haqqlarımızı bərpa edə
biləcəyikmi? Belə olan halda təbii olaraq sual meydana çıxır, FİFA güclüdür
yoxsa, AFFA? P.S. Bu gün səhər saatlarından başlayaraq, saytımızın serverində yaranmış olan durğunluq səbəbindən, saytımız da fəaliyyət imkanına malik ola bilməmişdi. Elə bu səbəbdən də səhər 10:25-də yazılan bu münasibət tipli yazı, yalnız serverin fəaliyyətə başlamasından sonra verilə bildi. Onu da qeyd edək ki, yaranmış gecikməni aradan qaldırmaq üçün yazı artıq "12cioyuncu.info" saytına ötürülmüş və orada işıq üzü görmüşdür. Əlavə olaraq onu da qeyd edək ki, fanklubumuzun rəhbərliyinə bir çox zənglər daxil olaraq "Bosman"ın bu məsələdə göstərilən ünvanlara məktubla müraciətinə görə təşəkkür edənlər də az deyil.
|