"Xəzər Lənkəran”la nəfəs alanlara Kamranı Rednikin ahı tutdu, klubumuzun
karvanı isə yavaş-yavaş "Karvan”ın ardınca
gedir...
"...Loxa
lənət” yazım birmənalı qarşılanmadı. "Avrofutbol.com” saytının yaydığı, "Bosman”
və "12-ci oyunçu”nun bir qədər də tirajladığı həmin yazıdakı bəzi mətləblər
dostlarımızın xətrinə dəyib. Xüsusi ilə "12-ci oyunçu” azarkeş qrupunun
saytındakı şərhlərdən aydın hiss etmək olur.
Mən buna
normal yanaşıram. Şərh yazanların hamısı müəllifi tərifləsəydi, buna bəlkə də
kədərlənmək olardı. "Xəzər Lənkəran” klubundakı bəzi şəxslərdən tam və tam
fərqli tənqidlərə dözümlü yanaşan, ictimai rəyə böyük dəyər verən adamam.
Yazını oxuyan, şərh yazan, fikirlərini bölüşən hər kəsə təşəkkürlərimi bildirirəm.
Şərh müəlliflərindən bəziləri belə hesab edir ki, "...Loxa lənət” yazımda ən
güclü azarkeş ordusu olan "Xəzər Lənkəran”a, "ağ-yaşıl”la nəfəs alan insanlara
həqarət etmişəm. Bu əsla belə deyil. Lənkəranı canı qədər sevən, onun
"ağ-yaşıl” klubu ilə nəfəs alan birisi kimi bu heç mənim ağlımdan da keçməyib
və keçə də bilməz. Arada yalnış anlaşma varsa üzr istəməyə də hazıram. Keş ki,
qürurumuzla oynamaqdan yorulmayan, hətta susanda da kobud səhv buraxan "Xəzər
Lənkəran” yönəticiləri özlərində bircə dəfə cəsarət tapıb yapdıqları bunca
pisliklərə görə sizlərdən, bizlərdən, hamımızdan üzr istəyəydilər.
Şərh
müəlliflərindən bəzisi yazır ki, "12ci oyunçunun” saytına rəqib komandaların
fanatları da daxil olur və klubdakı durum barədə belə yazılar guya qarşı tərəfi
sevindirir. Qardaşlar, nəfəs aldığımız "Xəzər Lənkəran” rəhbərliyindəki
qeyri-peşəkarlıq, burada baş verənlər, Poznan məğlubiyyəti kiminsə yuxusunda
baş vermir ki, başqa birisi görməsin, duymasın. "Xəzər Lənkəran”ımızın düşdüyü
rəzil durum ortadadı. Bunu danmaq, gizlətmək, ört-basdır etməyə çalışmaq ancaq
və ancaq klubun rəhbərliyindəki birilərinə yaraşar. Bu cameənin insanları belə
addımı heç zaman atmazlar.
O ki, qaldı
Subaşiçlə model Validə Abbasova məsələsinə. Bu da elə-belə, havadan götürülmüş
məsələ deyil. Klubun gözünün ağı-qarası, hücumdakı tək ümidi Subaşiç Abbasova ilə aralarındakı isti
münasibətlərini mətbuata verdiyi açıqlamalarda da gizlətməyib. Heç model də
bunu inkar etməyib. Ötən yazılarımın birində səsləndirdiyim fikrin üstündə qalıram.
Subaşiç "Xəzər Lənkəran”a ölkənin futbol təsərrüfatında söz sahibi olan birisi
tərəfindən üzr istəyirəm, soxuşdurulub. Yuxarıdakı day-dayı bu gün də onu
himayə edir. Klubun rəhbərliyində bunu danmağa hazırlaşan biri varsa çıxsın
irəli.
Qardaşlar, bu
gün "Xəzər Lənkəran” rəhbərliyində futbol adamı olmayan tək klubdu. Bu insanlar
bayaq qeyd etdiyim kimi, hətta susanda da kobud səhv buraxırlar.
Gördüyü
işlərlə hamımızın qürur mənbəyinə çevrilən Mübariz Mənsimov öz vəsaiti ilə
Lənkəranda möhtəşəm stadion tikdirir. Elə bir stadion ki, ox olub çoxlarının
gözünə batır. Amma bu arenaya cavabdeh olan Höccət Hacıyev nə az, nə çox düz 5
ildən sonra başa düşür ki, press-loja arenanın mərkəz hissəsində olmalıdı.
"Nimme Kalyu”
ilə oyundan öncə dəfələrlə yazdım, estonlarla Lənkərandakı qarşılaşmadan dərhal
sonra elə stadiondaca klub təmsilçilərinin gözlərinin içinə dedim ki, "Xəzər
Lənkəran” Avroliqada uğur qazanacaq səviyyədə deyil. Bu durumda biz ancaq
Mingəçevirin "Energetik” komandası ilə oynaya bilərik. "Lex” mənə və
fikirdaşlarıma gülən klub rəsmilərinə sübut etdi ki, bircə mərhələ keçdiyimiz
"Nimme Kalyu” elə "Energetik” səviyyəli komandadı.
Önəmli transfer etmədən Poznana getməyin
sonu belə də olmalı idi. Həmişə transfer məsələsində adı birinci hallanan Tuyqun
Nadirov indi qalstuklu yaxasını kənara çəkmək istəyir. Deyir ki, guya baş
məşqçinin işinə qarışmır. Bu hərəkətsizlik əməlinizə bəraət qazandırmır, cənab
həkim. Vitse-prezident kimi siz bu çatışmazlığı görməli və Yunis Hüseynovdan
tələb etməli idiniz. Problemi görməmisinizsə bu böyük qeyri-peşəkarlıqdı. Görüb
heç bir addım atmamısınzsa bu lap yekə qeyri-peşəkarlıq sayılır.
Klub
rəhbərliyindən kimi dindirirsən deyir ki, oyunçu tapılmır. İcazə verin soruşaq,
əzəli rəqibiniz "Neftçi”, başqa klublar oyunçuları hardan tapır?
Bizim
"Energetik”-estonların "Nimme Kalyu”suna qalib gələndə Tuyqun Nadirov saniyədə
17 qəzet və telekanala müsahibə verirdi. Hətta ütünü yandıranda da
vitse-prezident görünürdü. İndi Bəşər Əsədi görən var, həkim Nadirov isə gözə
görünmür.
Klub
rəhbərliyi guya çıxış yolu tapdı. Kamran
Ağayevi, Rendal Brenesi və Rikardo Qomeşi transferə çıxardı. Buna bizdə
deyirlər üzrü günahından betər.
Cənab
"peşəkarlar” Kamranı indi yox, Rednikə qarşı qiyam qaldıranda qovmaq lazım idi.
Azərbaycanın son illər yetişdirdiyi ən güclü qapıçı "Xəzər Lənkəran”da qaldıqca
top tutmaq əvəzinə qafiyə tutmaqla məşğul oldu. Əvvəlcə bacarığını, sonra
azarkeş sevgisini, ən sonda isə işini itirdi. Onu Rednikin ahı tutmalı idi,
tutdu da.
Yeri
gəlmişkən, Mirça Rednik Kamranın transferə çıxarılmasına bayatı ilə münasibət
bildirib:
Qaşların qələmgahdı,
Əymə onu günahdı.
Kamran ordan qovulsa,
Bil ki, mən çəkən ahdı.
Qomeşin
durumunu isə hamı görürdü. Hamı çoxdan görürdü ki, Qomeş Rednikin zamanında
göstərdiyi oyundan çox uzaqdı. Hamı görürdü, hətta qızlardan ibarət otüstü
milli hokkey komandamızın baş məşqçisi də. Bircə klubumuzun başbilənləri durumu
veclərinə almırdılar. İndi isə sifariş ərizəsini doldurmağa oyunçu tapmırlar.
Bu köşəni
hazırlayarkən sevimli futbol qəzetim olan "Futbol+”də baş məşqçi Yunis
Hüseynovun müsahibəsini oxudum. Yunis bəy bildirir ki, ölkəmizdə 17 yaşadək
qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləndə "Xəzər Lənkəran”
oyunlarını "Karvan”ın Yevlaxdakı stadionunda keçirə bilər.
Məncə həyatda
təsadüf heç nə olmur. "Xəzər Lənkəran”ın karvanı yavaş-yavaş "Karvan”ın ardınca
gedir.
Hələlik bu
qədər. Bu yazını "Xəzər Lənkəran”la nəfəs alanlar üçün yazdım. Tuyqun Nadirova,
Səməd Mustafayevə, Höccət Hacıyevə nəfəs verənlərin bu yazını oxumasını
məsləhət görməzdim...
|