FİFA, Yekaterina, Bəşər Əsəd, Fidel
Kastro və ...Tuyqun Nadirov
FİFA "Xəzər Lənkəran”a
qarşı amansız davrandı. Titul qazanmaq yolunda hər bir xalın hava və su kimi
lazım olduğu dönəmdə "Xəzər Lənkəran” hava və susuz qaldı. Klubun tər-qan tökə-tökə
qazandığı 6 xal da belə getdi. Səbəbi artıq hamıya məlum olduğundan məsələni təzədən
yazıb xalınızı, pardon, vaxtınızı almaq istəmirəm. "Xəzər Lənkəran” bir
zamanlar Braziliyadan aldığı Romulo Silvanoya pul borclu olduğundan və borcu
zamanında ödəmədiyinə görə cəzalandırılıb. Qısası bu.
Ali futbol
qurumunun rəhbərləri klubun idarəçiliyinə cavabdeh olan, bu işə görə xeyli para
qazanıb gen-bol xərcləyən birilərinə anlatdılar ki, əfəndilər, biz sizin üçün lənkəranlı
azarkeşlər deyilik gündə bir yalanla başımızı aldadasız. Bizim siz uyduran
nağıllara qulaq asmaq vaxtımız yoxdu. "Sahilə çıxdı matros” mahnısı da zövqümüzə
heç cür uyğun gəlmir. Ortada hesab-kitab var. Ya bu bədbəxt Romulonun borcunu,
faizini, bizim cərimələri ödəyin, ya da mövsüm bitincə "Bu gəminin dalınca
baxma” mahnısını oxuyub ağlaşın. Bu qədər...
Mən də daxil olmaqla "Xəzər Lənkəran”ın
minlərlə azarkeşi bu olaydan üzgündü. Mübariz Mənsimov kimi vətənpərvər, Azərbaycanın
adını hər yerdə ucaldan, dünyanın bu çətin zamanında kluba milyonlar xərcləyən
insanın pullarını yeyib üstündən qazlı su içənlərin isə heç tükü də tərpənmir.
Adi günlərdə qəzet səhifələrindən düşməyən, televizoru söndürəndə də ekranda
danışmağa davam edən "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov indi
nadir hallarda görünür. Həmkarlarım Nadirovdan sözü az qala kəlbətinlə
çıxarırlar. FİFA ilə müzakirələr, mübahisələr, yazışmalar getdiyi müddətdə
bütün bu olanları ictimaiyyətdən gizlədən, indi isə fakt qarşısında qalan
vitse-prezident hələ də günahı başqalarının üstünə atmaqdadı. Necə deyərlər,
yenə öz ampluasındadı. Guya borcu vaxtında köçürmək istəyiblər, amma son günlər
bəzi məsələlər mane olub. Saatlar yay vaxtına keçib, Çində şaxtaçılar tətil
edib, Danimarkada zibildaşıyanlar mitinqə çıxıb, İndoneziyada daşqın olub,
Banqladeşdə fil əkiz balalayıb, Mali Respublikasında banan satanlar çevriliş
edib, Bakıda duman olub, pulu köçürməli olan bankın xanım əməkdaşı dikdaban
geyindiyindən yavaş-yavaş yeriyib... Nə isə. Yəni sizin it gəldi, bizim baltanı
apardı... Borc pul, onun faizi və cəriməsi, silinən qızıl kimi 6 xal göz deşir.
Körpü selə verilib. İş-işdən keçəndən sonra tumanbağının ipini bərkitməyin isə mənası
yoxdu...
Cəmi bir neçə
ay əvvəli xatırlayıram. İstefa verməyə məcbur edilən "Xəzər Lənkəran”ın rumın
baş məşqçisi Mirça Redniklə müsahibəm "Ədalət”də çap olunmuşdu. Qısa vaxt ərzində
klubla ölkə kuboku və gümüş medal qazanan, səviyyəli oyunçuları transfer edən,
futbolu Nadirovdan fərqli olaraq beş barmağı kimi bilən cənublu azarkeşlərin qəlbində
taxt qurmağı bacaran rumın baş məşqçi, "Mirça Redniklə qəfil görüş” adlı həmin
müsahibədə çox mətləblərə aydınlıq gətirmişdi. Üstəlik əlim dinc qalmayıb elə həmin
ərəfədə "Bir adamın iki sözü, çox üzü” adlı bir köşə də
guppuldatmışdım. Klubun idarəçilərini işlərində peşəkar olmağa səsləmişdim. Mənsimov
qardaşlarının parasını vicdanla xərcləməyə, iddialı komandanı Türkiyədə texniki
peşə məktəbinin idman müəlliminin yardımçısı Cüneyt Biçərə tapşırmamağa, lənkəranlı
azarkeşlərin qüruru ilə oynamamağa çağırmışdım.
Hər iki yazı "Ədalət”də işıq üzü görüncə, klubda aləm
bir-birinə qarışdı. Vitse-prezident Tuyqun Nadirov və icraçı direktor, Mübariz
Mənsimovun milyonlar əsirgəmədiyi stadionda ot yandırmaq üzrə mütləq çempion,
yayda "Yağmadı yağış, bitmədi qamış”, qışda "Yağdı yağış, çox bitdi qamış”
mahnısını oxumaqdan bezməyən Höccət
Hacıyev məni klubun Bakıdakı baş ofisinə dəvət etdilər. Daş atıb başlarını
tutdular ki, klubda işlər peşəkar səviyyədə qurulub. Hətta FİFA-dan peşəkar
klub adı soruşanda barmaqlarını xəritədə Lənkərana tərəf uzadırlar.
Gördülər ki, qarşılarındakının bu nağıllara qarnı toxdu, əlüstü
başqa taktika seçdilər. Elə danışdılar ki, guya klubdakı duruma görə mən
günahkaram. Rus çariçası Yekaterinanın bəyəndiyi atı mən bəsləmişəm, xalqa
divan tutmağı Bəşər Əsəddən mən xahiş etmişəm, Fidel Kastronun 11 saatlıq
tarixi məruzəsini mən yazmışam. Arada məni bir zamanlar "Yeni Müsavat”da
çalışdığıma görə şantaj da etdilər.
Durum
ortadadı. Görünən "Xəzər Lənkəran”a bələdçi gəmi lazım deyil. Çempionluğa
iddialı klub indi nələrin peşindədi. Şair demişkən, indi nə Biçər var, nədə ki,
Humay... Klub Romulo Silvanonun borcunu da ödədi, borcun faizini də, FİFA-nın cəriməsini
də. Qızıl qiymətli 6 xaldan da oldu. Üstəlik İdman Arbitraj Məhkəməsinə min
İsveçrə frankı da ödəməyə məcburdu. Nadirovun nə vecinə? Xərclənən Mənsimovların
puludu. Necə deyərlər, özgə malı, can dərmanı. Bütün günü peşəkarlıqdan dəm
vuranlar indi özləri də etiraf edirlər ki, klub yaranan 8 il ərzində FİFA ilə
aralarında 30 dəfə mübahisə yaranıb.
Tuyqun Nadirov və Höccət Hacıyev kimilərini
görəndə dünyaca ünlü futbol adamı Di Stefanonun fikrini xatırlayıram- "Bu gün
futbolda nə istədiyini bilməyən xeyli adam var”.
Ən dəhşətlisi isə budur ki, "Xəzər Lənkəran”ı
bu duruma salanlar istefa verməyi heç ağıllarından da keçirmirlər. Dahi yazıçı
Viktor Hüqo deyirdi ki, istefa həmişə vicdanlı addım sayılır. Şəxsən mən
Nadirovda bu xüsusiyyəti görmədiyimdən onu istefaya səsləmirəm. Özü bilər, can
onun, cəhənnəm Tanrının..
Həftə sonu "Xəzər
Lənkəran” əzəli rəqibi "Neftçi”ni qəbul edəcək. Təəssüf ki, bu yazı "Böyük oyun” ərəfəsinə düşdü. Lənkəranın
futbolla nəfəs alan camiəsi bəlkə də məndən inciyəcək. Amma mən bu məsələdə qəribə
heç nə görmürəm. Onsuz da "Xəzər Lənkəran”ın daxilində həmişə "Böyük oyun”lar
gedir. Oyunçu aparmasın! Mənbə: "Ədalət" qəzeti
|