Burda Subaşiçlə neçə il qabaq...
UEFA "Xəzər Lənkəran”ın rəqibini niyə dəyişdi?
UEFA açdı sinəsini.
Daha doğrusu, səbətlərin ağzını. Məmləkətimizi bu mövsüm Avrokuboklarda təmsil
edəcək klublarımızın rəqibləri həmin səbətdən çıxdı. UEFA-nın püşkatması bizim
telekanallardakı meyxana yarışması kimi bir şeydi. Qafiyəni atırsan papağın içərisinə
və qafiyə papaqdan çıxır. Bu yazıda meyxana yarışması barədə yazmaq fikrim
yoxdu. And içmişəm ki, köşəmi futbola həsr edim. Düzdü, bizim futbolun vəziyyəti
elə əsl meyxanalıqdı. Amma andımı poza bilmərəm. Nə isə hələlik meyxananın
kitabını bağlayaq. Səbətdən danışaq, səbətdən, papaqdan yox!
Mövsüm boyu tər
tökən, şillə ilə üz qızardan və enində-sonunda Avrokuboklara vəsiqə qazanan
klublarımız rəqiblərinin adlarını bildilər. Futbolla uzaqdan-yaxından
maraqlananlar deyir ki, bu dəfə püşk bəxtimizə zəif komandalar çıxarıb. Yəni
bizimkilər özlərini artıq növbəti mərhələdə hiss edə bilərlər. Bir vacib nüans
var ki, meydana azarkeşlər, proqnozsevərlər yox, futbolçular çıxacaq. Məhz
futbolçular. Bizim futbolçuların da necə oynadığı hamıya məlumdu. Andorradan
tutmuş Lixtenşteynə qədər hər yerdə bizimkilərin oyunundan xəbərdardırlar. Gül
kimi oyunun başına oyun açırlar.
Nə yaxşı heç
olmasa "Qarabağ” var idi. 2-3 il bizi Avropada bacardıqları qədər uğurla təmsil
etdi. Xeyli fasilədən sonra azarkeşlərimiz mərhələ adlamağın sevincini yenidən
yaşadılar. Son milli çempionatda Qurban Qurbanovun yetirmələri titul qazana
bilməyincə klubun Avropaya çıxışı da mümkün olmadı. Qarabağsız Azərbaycan
Avropada da "Qarabağ”sız qaldı. Bu mövsüm Avropadakılar "Neftçi”nin, "Bakı”nın,
"İnter”in və "Xəzər Lənkəran”ın
oyununa baxmaq imkanı qazanıblar. Bizimkilərə uğurlar. Qoy layiqli oyun göstərib
Avropa camaatını təəccübləndirsinlər. Yazıqların üzü bəlkə güldü. Onsuz da
iqtisadi böhran onları yaman girinc edib. İspaniyada fəhlələr acından günorta
durur, Fransa xalqı daha kef edə bilmir, Almaniyada sürücülər tətilə çıxır,
İtaliyada itlər qrip olub, Portuqaliyada liftlər qəzalı vəziyyətə düşüb, Yunanıstanda
müəllimlər etiraz olaraq vurma cədvəlini dəyişiblər.
Sözün açığı,
məni bu dəqiqə Avropa camaatı çox az maraqlandırır. Can onların, cəhənnəm
Tanrının. Böhrana necə düşüblərsə, qoy özləri də çıxsınlar. Bütün fikrim-zikrim
azarkeşlik etdiyim "Xəzər Lənkəran”ın yanındadı. Klubun Avroliqa imtahanından əla
qiymət almasını səbirsizliklə gözləyirəm. UEFA sinəsini, daha dəqiqi, səbətini
açandan sonra "Xəzər Lənkəran”a yüngülvari rəqib düşüb- Estoniyanın "Nomme
Kalyu”.
Necə deyərlər, istədiyim yar idi, yetirdi
UEFA...
Bizim hər
işimizdə bir "əmma” məsələsi ortaya çıxır. Zəif rəqib məsələsi də "əmmasız”
ötüşməyəcək. Niyə? Digər klublarımızı bilmirəm, bəs "Xəzər Lənkəran” estonları
necə məğlub edəcək? Daha dəqiqi, hansı güclü hücumçu ilə rəqibin qarşısına çıxacaq?
Köhnə lətifələrin birində deyildiyi kimi-Nə ilə Alış?
Cənub
klubunun minlərlə azarkeşi, "Xəzər Lənkəran”ın mətbəxinə az-çox bələd olanlar
yaxşı bilir ki, komanda "azərbaycanlı vəzifəsini” müvəqqəti icra edən Branimir
Subaşiçin öhdəsinə qalıb. Subaşiç də nə Subaşiç... Nə yırtığa yamaqdı, nə
coraba yumaqdı.
Futbolu
oynayanlar, azarkeşlik edənlər bilir ki, komandanı gücləndirmək üçün müəyyən
vaxt verilir, təlim məşq toplanışları keçirilir. Təbii ki, "Xəzər Lənkəran”
klubunda da bunu yaxşı bilirlər. Lakin klubda bu işə məsul olanlar köhnə
bayatıları oxumağı daha çox sevirlər. Məsələn, "Super transfer həyata keçirəcəkdik,
lakin almaq istədiyimiz oyunçunun pasportunda vergül səhv yazıldığından
alınmadı”, "Biz istədiyimiz futbolçu bu dəqiqə bir qız istəyir. Ona görə də istəyimiz
alınmır”, "Güclü futbolçu ilə danışıb razılaşdıq, lakin qayınanası cadu elədi,
işimiz baş tutmadı”, "Çox məşhur bir hücumçu ilə anlaşmışdıq. Həmin oyunçu lap
oyun çıxartdı. Yeni doğulan körpəsinə pampers almaq üçün supermarketə getdi.
Ona görə də təyyarəyə gecikdi. Biz də məcbur olub imtina etdik”. Və sairə, və
yenə sairə...
Fakt odur ki,
klub həmişəki kimi hücumçu problemini həll etmədən Avroliqa yarışına qoşulur.
Necə deyərlər, kül başına ay eston, üstünə Subaşiç gəlir. Cənub klubunun bütün
azarkeşləri bilir ki, "Azərbaycanlı vəzifəsini” müvəqqəti yerinə yetirən
Subaşiçi "Xəzər Lənkəran”a ölkənin futbol təsərrüfatına rəhbərlik edənlərdən
birinin tapşırığı ilə götürüblər. Ona görə də klubun vitse-prezidenti Tuyqun
Nadirovla baş məşqçi Yunis Hüseynov bu mahnını duet şəklində oxumağı çox sevirlər:
Yenə qumlu sahil, yenə sərin
bağ,
Burda Subaşiçlə neçə il qabaq,
Bir nar çubuğunu basdırdıq yerə.
Transfer çubuğu, nar çiçəyi,
Min dollardı hər çiçəyi...
Mahnının mətnini
tam şəkildə yazmaq istəyirdim. Lakin
aldığım təzə xəbər məni bu işdən çəkindirdi. Deyilənə görə UEFA-nın sinəsi
yenə açılıb. Avropanın futbol təsərrüfatına cavabdeh olan bu nəhəng təşkilat "Xəzər
Lənkəran”ın hücumçu problemini həll etmədiyini nəzərə alaraq püşkdə dəyişiklik
aparıb. UEFA-nın təşkilat şöbəsinin baş mütəxəssisi Van der Starberger 28 iyun
2012-ci il tarixli K/S 01295 saylı məktubla "Xəzər Lənkəran”a müraciət edib.
Görmədiyim məktubda beləcənə də yazılıb: "Çox hörmətli cənab Nadirov. UEFA
sizin transfer bazarında qazandığınız uğurları, futbol sahəsindəki fövqəladə
biliyinizi həmişə təqdir edir. Təkcə Subaşiçlə bağlı işiniz nəyə desəniz dəyər.
Bu mövsüm transfer məsələlərindəki problemlərinizi və şəxsən sizə olan hörməti nəzərə
alaraq UEFA püşkdə dəyişiklik etmək qərarına gəldi. Ona görə də "Xəzər Lənkəran”
təsnifat mərhələsində Estoniyanın "Nomme Kalyu” komandası ilə deyil, Mingəçevirin
"Energetik” klubu ilə qarşılaşacaq. Allah bazar versin”.
Mən görməmişəm, amma deyilənə görə bu məktubdan
sonra Tuyqun Nadirov bir az da
göylə gedir. Repertuarındakı mahnını da daha
bərkdən oxuyur:
Yenə qumlu sahil, yenə sərin
bağ,
Burda Subaşiçlə neçə
il qabaq...
Etibar Cəbrayıloğlu "Ədalət” qəzeti 30 iyun 2012
|