Bildiyimiz
kimi cari Avrokubok mövsümü start ərəfəsindədir. Bu il UEFA-nın mənzil qərargahında
bu məqsədlə çəkilən püşk doğma "Xəzər Lənkəran” komandasına əvvəlki bəzi
mövsümlərdə olduğu kimi qorxulu rəqib vermədi. Rəqibimiz Estoniyanın paytaxtı
olan Tallinin təmsilçisi "Nomme Kalyu” komandasıdır. Bu nə "Dinamo”
Zaqrebdir, hələki nə Poznan "Lex”idir, nə
Təl-Əviv "Makkabi”sidir. Heç "Real” və ya "Barselona” da deyil. Sadəcə, "Nomme
Kalyu”dur. Bütün bunları deməklə, biz rəqibi heç də kiçiltmirik, əksinə onlara
hörmətlə yanaşmağın tərəfdarıyıq. Hörmətlə yanaşıb, rəqibi saymaq və onunla
matça məsuliyyətlə çıxmaq əlbəttə bizim qələbəmizin açarıdır. Sadəcə onu demək
istəyirik ki, müasir futbolda klublar reytinqlərinə görə bölünür. Kimi artıq
qrup mərhələsində digər rəqiblərini gözləyir, kimi iknci təsnifat mərhələsində
birinci mərhələdən gələcək olan rəqibini gözləyir, kimi də qrup mərhələsinin
qapısı ağzında dayanıb əvvəlki mərhələlərdən üzü ağ çıxanları gözləməkdədir. Hələ
”səpələnmişlər” və "səpələnməmişlər” olaraq aşağı reytinq göstəricilərinə malik
olanları da bilirik. Məhz bu baxımdan "Nomme Kalyu”nu münasib saymaq olar. Elə
bir mövsüm əvvəlki Moldova "Olimpiya”sı da dişimizə görə rəqib idi. Amma klubumuzun
rəqibə ciddi yanaşmaması üzündən dişimiz ona batmadı. Bu fürsəti isə əldən
buraxmamalıyıq.
Əlbəttə
klub rəhbərliyinin bu mənada öz işi var, məşqçilər və futbolçular da yaxşı
hazırlaşıb oyuna inamla çıxıb cütün taleyini bizim xeyrimizə həll etməyə
borcludurlar. Azarkeşlər olaraq da biz üzərimizə düşəni etməliyik ki, sonda
sevinən tərəf olaq. Yəni qələbənin açarını əlimizdə saxlamalıyıq. İlk oyun
doğma meydanda keçirilirsə, bunun məsuliyyəti daha böyükdür. Çünki o qədər də bələd
olmadığın komanda ilə ilk səfər oyununda sadəcə nəticəyə oynamaqla, həm də rəqiblə
meydanda tanış olursan və güclü-zəif cəhətlərini öyrəndikdən sonra doğma
meydanda artıq tanış rəqibi çökdürməyə əlində elmi-taktiki əsaslar olmuş olur.
Bu
dəyərlərdən dediyimiz kimi bütün camiənin üzərinə düşən məsuliyyət var. Biz
azarkeşlər isə nələri nəzərə almalı olduğumuzu bilməliyik. Belə ki, ilk
oyunumuz evdə olduğundan vəziyyəti ona uyğun da təhlil etməliyik. Rəqib Estoniya
təmsilçisidir və fikir verdiyimiz qədərincə Estoniya, ümumiyyətlə baltik ölkələrindəki
klubların stadionlarının azarkeş tutumu azdır. Rəqibimiz olan "Nomme Kalyu”ya məxsus
olan "Hiyu” stadionunun tutumu cəmi 500 nəfərdir. Yəqin ki, məhz bu səbəbdən
onlar öz ev oyunlarını bu stadionda deyil, digər paytaxt təımsilçisi "Levadiya”nın
"Kadrioru Stadium” arenasında keçirəcəklər.
Amma diqqət yetirsək bu arenanın da tutumu cəmi 4.750 nəfərdir. Stadionların
quruluşuna da nəzər yetirdikdə görürük ki, azarkeş tribunaları dövrələmə bütün
meydanı əhatə etməyir və meydanın ya bir tərəfini və ya "L”-ə bənzər formada
iki tərəfini əhatə edir. Onu da nəzərə alsaq ki, bu komanda Avropa yarışlarında
heç vaxt uzağa getməyib, yəni böyük əhatəli stadionlarda rəsmi oyun
praktikasından məhrumdur, onda "Fırtınalar Meydanı”nın bu mənada möhtəşəmliyi
elə ilk nüans kimi onları çaşdıra bilər. Bir tərəfdən gələn, cəmi 500 insan səsinə
öyrəşmiş bir komanda, dövrələmə gələn 15.000 insanın səsindən əlbəttə əl-ayaq əsdirməlidir.
Bu elə ilk psixoloji təzyiq vasitəsidir ki, rəqibin oyununda çaşqınlıq və pərakəndəlik
yaratsın. Bu qədər insan, yəni azarkeş əhatəsində oynamaq xüsusən bu cəhətdən
kasıb "Nomme Kalyu” üçün heç də asan olmayacaq. Hələ onu demirik ki, azarkeşlərimizin
çılğıncasına komandamıza dəstək zamanı yaratdığı hay-küy rəqibi pozma effektini
bir neçə qat da artıra bilər.
Bunun
üçün bütün bunları nəzərə alaraq azarkeşlərimizi tribunaları tam dolduraraq, 90
dəqiqə ərzində komandamıza güclü dəstək vermələrini rica edirik. Biz meydana
çıxıb oyun oynamırıq, sadəcə meydanda olan rəqibi basqı altında saxlayır və
bundan istifadə edəcək futbolçularımıza ruh vermiş oluruq ki, bununla da
komandamız daha da ruhlanaraq rəqibin qapısını təzyiq altında saxlayır və
İnşAllah lazım olan qolları da vura bilir.
"Bosman”
fanklubu olaraq bu dəstəkdə öz rolumuzu başa düşür və əlimizdən gələni edəcəyik
ki, "Xəzər Lənkəran” lazımi nəticəni əldə edə bilsin. İyulun 5-də biz döyüşə
çıxırıq. Artıq döyüşə hazırlıq səviyyəsini fikirləşmək zamanı demək olar ki,
arxada qalıb. Hamımız birlikdə döyüşdən necə qalib ayrılmalı olduğumuzu düşünməliyik.
Bu qalibiyyət bizimdir deyə birgə də mübarizəyə atılmalıyıq.
|