 Belə bir deyim var "bütün çaylar dənizə axır”. Bu həm coğrafi mənada olan bir deyimdir və həm də digər sahələrdə uyğun gələrsə işlədilir. Söhbətimiz həmişəki kimi futbolla yəni Azərbaycan reallığında baş tutan matçlarla əlaqədardır və bu deyimin nə dərəcədə mövzumuza uyğun gələcəyini siz də necə əsaslandıracağmızı görəcəksiniz.
Çempionatın əvvəlindən bir sıra şübhələr yaranmışdı və bu yaranmış şübhələr haqda həm biz həm də bir çox media vasitələri o cümlədən futbol ictimaiyyəti narahatlığını ifadə etmişdi. Hətta futbol qurumlarımıza yönəlik, "kimi isə çempion etmək istəyirsinizsə edin, onda çempionatı keçirməyin nə mənası var !” kimi fikirlər belə səsləndirilmişdi. Biz isə bu fikrə daha birini əlavə etmək istəyirik. Əgər Azərbaycanda çempionat keçirilirsə, onda buna Azərbaycan birinciliyi yox, Azərbaycan ikinciliyi uğrunda mübarizə adı verilməsi daha məqsədə uyğundur. Çünki hər vasitədən istifadə edib onsuz da kimi isə çempion edəcəksinizsə yəni birinci yerə kimi isə oturdacaqsınızsa, deməli birincilik kimə isə bağışlanır, çempionat isə digər komandalar arasında ikincilik uğrunda keçirilir.
Hər tur Azərbaycanın futbol meydanlarında harada olmasından asılı olmayaraq nəticələrin süni olaraq yuxarılarda planlaşdırılması və hakimlər tərəfindən həyata keçirilməsi yalnız və yalnız bir məqsədə xidmət edir. Bu məqsəd də birinci yerə oturdulmuş komandanın mövqeyinə zərər yetirməməsi üçün oyunun kimlərin və harada keçirilməsindən asılı olmayaraq nəticənin planlaşdırılmış hesabla həyata keçirilməsinə çalışılır.
Hər hansı komandanın azarkeşlərinin bizdən inciməməsini xahiş edirik. Çünki biz də azarkeş olduğumuzdan onları yaxşı başa düşürük, onların da bizi düzgün başa düşməsini istəyirik. Bütün klubların azarkeşləri ilə xoş münasibət qurmağa həmişə səy göstərmişik və bundan sonra da bu səylərimizi davam etdirmək əzmindəyik. Amma meydanlarımızda və ondan kənarda baş verən eybəcərliklərin azarkeşlərə heç bir aidiyyatı yoxdur. Kimlərsə oyundan əvvəl ssenarini hazırlayıb, meydanda hakimlərin əli ilə bunu həyata keçirirsə, bunun zavallı azarkeşlərə heç bir aidiyyatı yoxdur.
Konkret olaraq bir azarkeş kimi "Neftçi” azarkeşlərinin də bu işlərdə heç bir günahının olmadığını deyə bilərik. Bundan qabaqkı hər tur haqqında bir və ya bir neçə yazılar verdiyimizdən bu yazımızı da XXVI turun oyunlarına həsr edirik. Dünən keçirilən "İnter”-"Neftçi” oyunundakı haqqsılıqlar xirtdəyə qədər idi. Oyunun baş hakimi Əfqan Həmzəyev "Neftçi”ni məğlubiyyətin pəncəsindən necə qurtardığının oyunu izləyənlərin hamısı şahidi oldu. Oyun ərzində birtərəfli idarəçilik üzrə "profesional olan” baş hakim "İnter " komandasının əleyhinə qərarlar verməklə daha bir saxtakarlığını tarixə qovuşdurdu. Dayanmış oyun zamanı mübahisə gedən yerə yaxınlaşan Əfqan Həmzəyev bir metr öndə Flavinyonun rəqib oyunçusunu necə təpiklədiyini məgər görmədi ? Bir başa qırmızı vərəqəyə layiq olan həmin epizoda gözlərinin tam qarşısında niyə reaksiya verməməli idi ? Bu da "top əli tapdı, əl topu tapdı " kimi bir məqam deyildi ki, onu da sonradan Xaqani Məmmədov televiziya ekranlarında izləyənlərə sırısın. Amma "İnter”in futbolçularına hər epizodda sarı və qırmızı vərəqə paylamasına xəsislik etməyən Əfqan Həmzəyev, "Neftçi”nin oyunçularının kobudluğuna niyə göz yumurdu? Bu həmin Əfqan Həmzəyevdir ki, keçən ilin martında "Xəzər Lənkəran”la "Neftçi” arasında keçirilmiş oyunda iki qolumuzu qeydə almayaraq və bir neçə epizodda əleyhimizə qərarlar verərək 3 xalımızın ikisini əlimizdən almışdı. Bəhs etdiyimiz bu oyunla dünən "İnter”-"Neftçi” arasında keçirilən oyundakı paralellər olduğundan qısa ekskursiyaya ehtiyac var.
Birincisi haqsızlıq o dərəcəyə çatmışdır ki , futbolda tam oxşar epizodlar az-az hallarda rast gəlsə də bu bizim çempionatda daha tez-tez rast gəlinir və hətta bu epizodlar eyni hakimin idarə etdiyi oyunlarda cərəyan edir. Yada saldığımız keçən ilin martındakı və Əfqan Həmzəyevin böyük qalmaqalla idarə etdiyi "Xəzər Lənkəran”- "Nefçi” oyunundakı bir epizodla dünən XXVI tur çərçivəsində baş tutan "İnter”-"Neftçi” oyunundakı oxşar epizod, lakin fərqli qərarla nəticələnən başqa bir epizodu müqayisə edək. "Xəzər Lənkəran” –"Neftçi” oyununda sağ cinahdan cərimə meydançasına ötürmə verən futbolçumuzun ötürdüyü top iki metrdən cərimə meydançasının daxilində yer alan "Neftçi”nin müdafiəçisinin əlinə dəymişdi. Bu epizodda hakim Əfqan Həmzəyev penalti qərarı yox davam işarəsi vermişdi. Dünənki "İnter”lə oyunda isə cərimə meydançası daxilində "Neftçi” futbolçusunun ötürmə etdiyi anda top bir metrlik məsafədə yerləşən "İnter”li futbolçunun əlinə toxunan oyun epizodunda isə həmin Əfqan Həmzəyev "İnter”li futbolçuya ikinci sarı və ardından qırmızı vərəqə göstərək meydandan kənarlaşdıraraq penalti qərarı verdi. "Xəzər Lənkəran”-"Neftçi” oyunundakı epizodu televiziya ekranlarından şərh edən hakimlər komitəsinin sədri Xaqani Məmmədov UEFA və FİFA qaydalarını əsas gətirərək yaxın məsafədən ötürülən topa oyunçunun əli dəyirsə, bu penalti deyil deyə dəyərləndirdi və Əfqan Həmzəyevi həmin epizod üçün haqlı çıxardı. Əgər yaxın məsafədən söhbət gedirsə, dediyimiz oyundakı məsafə 2-3 metrlik bir distansiyanı təşkil edirdisə, dünənki oyunda bu məsafə 1 metrdən çox deyildi. Birinci epizodda məsafənin yaxınlığını bəhanə gətirərək penalti qərarı verilmədisə, bəs onda dünənki daha yaxın məsafəyə görə verilən penalti qərarı nə ilə izah olunacaq? Yenə də Xaqani Məmmədov çıxıb televiziyada hansı nağılları söyləyəcək? Xaqani Məmmədovun nə söyləyəcəyindən asılı olmayaraq biz bunu yalnız "Neftçi”nin məğlubiyyətdən qurtarmaq üçün edildiyini söyləyirik. Bəli, "Neftçi” məğlub olsaydı, bir gün sonra keçiriləcək "Qarabağ”-"Xəzər Lənkəran” matçındakı hər hansı bir nəticə rəqibləri arasındakı fərqi heç olmasa 1 xal əridəcəkdi. Deməli, "Neftçi " məğlub olub 55 xalda qalacaqdı, bir gün sonra keçiriləcək "Qarabağ”-"Xəzər Lənkəran " oynunda hər hansı birinin qələbəsi ən yaxın izləyicilərindən birinin ona daha 3 xal yaxınlaşmasına şərait yaradacaq, heç-heçə ilə nəticələnən görüş isə rəqiblərinin xal ehtiyyatını 1 xal daha artırmaqla "Neftçi”yə yaxınlaşmasını təmin edəcəkdi. Deməli, "Neftçi” məğlub olardısa, "Qarabağ”-"Xəzər Lənkəran " oyununda alına biləcək hər üç nəticədən biri "Neftçi” ilə xal fərqinin azalmasına səbəb olacaqdı. 85-ci dəqiqədə Əfqan Həmzəyev bunları düşünərək "Aman...” deyib "əqidəsinə” sadiq qalaraq "İnter”in qapısına penalti təyin etməklə bu təhlükəni aradan qaldırdı.
Bugünki "Qarabağ” –"Xəzər Lənkəran” oyununda da "əsas ssenari” davam etmiş oldu. Görüşü idarə edən Fariz Yusifov tarazlığı göz bəbəyi kimi qorumağa çalışırdı. Sürətli oyunun gedişinə mane olub hər dəqiqə fit verən baş hakim bununla oyunun tempini aşağı salır və hər hansı yarana biləcək qol təhlükəsinə imkan verməməklə vaxtı "öldürürdü”. Oyundan sonra hər iki komandanın futbolçularının ona etirazları da bunun bariz nümunəsidir. Hətta bu oyunda görünməmiş bəzi məqamlar da oldu. Belə ki, bir neçə epizodda komandamızın və rəqibin qapısına cərimə zərbəsi və hətta penalti təyin etmək üçün əvvəlki oyunlardan da daha çox bəhanə verə biləcək epizodları "qaçırmış oldu” desək yanılmarıq. Haradan idi "Xəzər Lənkəran” və "Qarabağ”a yönəlik bu simpatiya? Xeyr, bu simpatiya nə "Xəzər Lənkəran "a nə də "Qarabağ”a yönəlik deyildi. Bu simpatiya "Neftçi” ilə xal fərqini azaltmamaq üçün məcburi bir simpatiya idi desək onda daha düz olar. Çünki hər hansı bir komandanın qələbəsi onlardan birinin "Neftçi”yə daha 3 xal yaxınlaşmasına səbəb olacaqdı. Bu isə "baş plana” uyğun gəlmirdi. Məcburi heç-heçə isə bu komandalarla "Neftçi” arasındakı xal fərqini qoruyacaqdı. Ona görə də Fariz Yusifov hesabdakı tarazlığı göz bəbəyi kimi qorumağa çalışırdı. Çünki, ilk hissəyə 1 dəqiqə əlavə olunmasına baxmayaraq, əksinə oyunu 1 dəqiqə tez başa çatdırdı. İkinci hissəyə isə 2 dəqiqə əlavə olunmuş vaxt ərzində oyun dayandı və vaxt boşa getdi. Ardınca top oyuna daxil olunan kimi final fiti səsləndirildi. Beləcə hesabdakı tarazlığı göz bəbəyi kimi qoruyan Fariz Yusifov final fitini səsləndirmək üçün əl-amanda idi. Bütün bunları əsas götürərək onu deyə bilərik ki, oyun ərzində yuxarıda xatırlatdığımız bəzi məqamlarda bu və ya digər qapıya penalti təyin etmək üçün əlində əsas olan Fariz Yusifov bunu etməməklə, özünü müəyyən mənada çətinlikdən sığortalamış oldu. Çünki, hər hansı bir komanda hesabda irəli keçərək 3 xal qazana bilərdi ki, bununla da 1-ci pillə ilə xal fərqini azaltmış olardı. Belədə əks tərəfin qapısına da məcburi penalti təyin etməklə hesabın bərabərləşməsinə nail olmalı olan baş hakim özünü çətin vəziyyətə salacaqdı deyə bunu etmədi.
Ona görə də yazının adını "Bütün çaylar dənizə axır” kimi bir fikrə əsaslandırdıq. Coğrafi olaraq bütün çayların dənizə axması nəticəsində dənizlərin qurumasının qarşısı alınırsa, Azərbaycan futbol meydanlarında cərəyan edən hadisələr də bir məqsədə qulluq edərək çaylar kimi hansısa "dənizin” qurumamasına xidmət edir.
Bir daha "Neftçi” azarkeşlərinin bizim bu münasibətə normal yanaşmasını arzulayırıq. Çünki, onlar da bizim kimi azarkeşdirlər və cərəyan edən bu hadisələrdə onların heç bir günahı yoxdur. Amma belə gedərsə, bir azarkeş kimi "Neftçi” azarkeşlərini indidən çempionluq münasibəti ilə təbrik edə bilərik. Yalnız azarkeşlərini.
|