Gəmimizin
bu dəfəki "sos" siqnalı bütün "Xəzər Lənkəran” azarkeşləri üçündür. Keçən, XII
turda komandamız ağır məğlubiyyətlə üzləşdi. Bu məğluliyyət komandamızın
tarixində ilk acı məğlubiyyət idi. Bu məğlubiyyətin obyektiv və subyektiv səbəbləri
var idi. Bildiyiniz kimi müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə "Xəzər Lənkəran”
təzyiqlərlə üzləşib. Hətta bəzən o qədər sıxılıb ki, arxasında azarkeşlərindən
başqa heç bir dayaq olmayıb. Bunları sadalamaq istəmirik. Zaman-zaman dünyanın
böyük klubları da belə çətinliklərlə üzləşib.
Əsasən
obyektiv və subyektiv səbəblərdən alınan XII tur məğlubiyyəti bütün
komandaların başına gələ bildiyi kimi "Xəzər Lənkəran”dan da yan keçmədi. Belə
bir ağır psixoloji durumdan sonra komandanın toparlanması heç də asan məsələ
deyil. Bəzən belə hallarda müxtəlif komandalar olmuşdur ki, toparlana bilməyib
uzun-uzadı ardıcıl məğlubiyyət seriyaları yaşamışlar. Bu da komanda "qara
zolağa” düşüb kimi hallandırılıb. Elə bu aspektdən yanaşdıqda XIII tur "Rəvan”la
ev oyunumuzun çox çətin keçəcəyi anlaşılan idi. "Rəvan” komandası debütant olsa
da, əsasən Azərbaycan çempionatında, xüsusən keçən mövsüm gözəl təsir
bağışlayan Salyanın "Muğan” komandasının futbolçularından təşkil olunub. Ona
görə deyə bilərik ki, rəqib heç də zəif komanda yox, təcrübəli futbolçulardan təşkil
olunmuş bir kollektiv idi. Bu, komandamızla bugünki oyununda da özünü göstərdi.
İlk dəqiqələrdə
komandamızın sərgilədiyi oyundan da hiss olunurdu ki, belə bir rəqiblə, belə
bir çətin psixoloji durumda oynamaq heç də asan deyil. Şükürlər olsun ki,
birinci hissənin ortalarından sonra "Xəzər Lənkəran” özünə gəlməyə başladı.
Ardıcıl bütün xətlər üzrə hücumların qurulması komandanın qələbəyə inamlı
olduğunun göstəricisi idi. Bu isə belə bir psixoloji durumdan komandanın artıq
çıxmaq üzrə olduğunun nümunəsidir və yalnız alqışlanmalıdır.
Bir qədər əvvəl
Kamran Ağayevlə Mirça Rednik məsələsini qabardan, mətbuatda müxtəlif yazılarla
çıxış edən və komandamızın zəifləməsində maraqlı olanlar, müxtəlif üsullarla kollektivin
içinə rəxnə salmaq yolunu tutmuşdular. Bundan istifadə edə bilmədikdə isə məsələni
başqa səmtə yönəltdilər. Belə ki, komandanın bugünki durumundan razı olan
azarkeşlərin hədəf seçildiyi açıq-aydın hiss olunmağa başladı. Müxtəlif
yazılarda və çıxışlarda, "Rednik məsələsində heç bir fikir ayrılığı olmayan "Xəzər
Lənkəran” azarkeşləri arasında artıq parçalanma hiss olunur” kimi fikirlər səsləndirməyə
başladılar.
"Rəvan”la
bugünki oyunda isə müxtəlif tribunalarda yer almış az sayda insanlar hətta istefa
qışqırmağa belə cəhd etdilər. Lakin planlaşdırılmış bu məsələ ani olaraq sadiq
azarkeşlər tərəfindən yerindəcə oturduldu. Göründüyü kimi əvvəl müxtəlif vasitələrlə
başlayan bu təbliğat bu gün stadiona ayaq açmaq cəhdində də özünü göstərdi.
Bunun göründüyü kimi planlaşdırılmış bir iş olduğu ortadadır və bəzi azarkeşlərimizin
aldanaraq komanda əleyhinə kompaniya aparanların əlində oyuncağa çevrilməsi
halı baş verə bilər.
Belə bir məqamda
daim "Xəzər Lənkəran”ın yanında olmuş fanklublara və sadiq azarkeşlərə səslənərək
yekdillik nümayiş etdirmələrini, "Xəzər Lənkəran” əleyhinə hər hansı kompaniya
aparanlara qarşı birgə olmalarını xahiş edirik. Onu da bildirək ki, daim öz
enerjilərini komandanın irəli getməsi üçün sərf edən bütün fanklublarımız və
sadiq azarkeşlərimiz birlikdə oxşar halların qarşısını dəfələrlə ala bilmişlər.
Çətin psixoloji durumdan çıxmaq üzrə olan komandamızın belə pozuculuqlara yox,
böyük dəstəyə ehtiyacı var. Biz fikirləşməliyik ki, bətnində bu qədər çətinlikləri
gəzdirən komandamız bütün bunlara baxmayaraq lazımi oyun sərgiləyə bilir və hal
hazırda turnir cədvəlinin lideridir. Əgər biz bir olaraq bu maneələri aradan
qaldıra bilsək onda "Xəzər Lənkəran” əngəlsiz yolla daha irəli gedə biləcək.
Bizə isə doğma komandamızın uğurlu çıxışı və daha çox titullar qazanması
lazımdır.
"Xəzər Lənkəran”
öz azarkeşləri ilə Azərbaycan futbolunu təmsil etməyə layiq olan bir
komandadır. Bu mənada "Xəzər Lənkəran” naminə bütün fanklubları və sadiq
azarkeşləri doğma komandamızı belə pozucuların pəncəsinə verməmək xahişi ilə çıxış etmək qərarına
gəldik.
P.S. "Xəzər Lənkəran” segisi olan bütün fanat
qurumlarından və sadiq azarkeşlərdən
"Bosman” fanklubunun və "12-ci oyunçu”ya məxsus saytlarda gedən bu
çağırışa imza atmalarını gözləyirik.
"Xəzər Lənkəran” sevgisi ilə:
"Bosman” fanklubunun idarə heyəti 19.
11. 2011
|