Bildiyiniz
kimi bu günlərdə "Bosman” fanklubu olaraq 4 yaşımızı qeyd etdik. Bu münasibətlə
rəsmi internet səhifəmizdən əlavə, "Facebook” sosial şəbəkəsində də http://facebook.com/bosmanfanklubu
səhifəsini açdıq. Ad günümüzlə bağlı xeyli təbriklər gəldi. "Xəzər Lənkəran”
klubu rəsmi internet saytında, o cümlədən "12-ci Oyunçu” azarkeş qrupu, "Caspian
Ultras” fanklubu, "İnter” fanklubu və digər rəsmi qruplar və həmçinin xeyli
sayda azarkeşlər zəng edərək bir-birindən dəyərli fikirlərlə "Bosman”ı təbrik
etdi. Təbriklərdə "Bosman”a böyük dəyər verdiklərinə görə bütün qardaşlarımıza
təşəkkür edir və biz də onlara can sağlığı və bütün sahələrdə uğurlar
arzulayırıq.
Bu təbriklərin davamı bu gün də
maraqlı bir ünvandan gəldi. Belə ki, əksər "Xəzər Lənkəran” azarkeşlərinin
böyük hörmət bəslədiyi və sevdiyi bir insan olan Mirça Rednik komandamızın
tərcüməçisi Elvar Quliyevə zəng edərək "Bosman” fanklubunu ad günü münasibəti
ilə təbrik edib və bu təbriki bizə çatdırmağını ondan xahiş edib. O cümlədən
sevimli Rednik "Xəzər Lənkəran” azarkeşlərini həmçinin "Bosman” fanklubunu
tez-tez xatırladığını dilə gətirib. Bizimlə keçirdiyi zamanın onun həyatında
xüsusi və silinməz izlər buraxdığını, hərarətlə qeyd edib. "Bosman” fanklubu
haqqında bir çox xoş fikirlər söyləyən Rednik hal hazırda müvəqqəti Rumıniyada
olduğu üçün vaxt taparaq bizimlə əlaqə saxlamağı özünə borc bildiyini dilə
gətirib. "Standard”da işlərinin yaxşı getdiyini və bundan məmnun olduğunu
söyləyən keçmiş baş məşqçimiz, həmçinin "Xəzər Lənkəran”ın bu günki
vəziyyətindən narahatlığını da dilə gətirib. Amma hər şeyin daha yaxşı
olacağına inandığını bildirib.
Eyni zamanda Elvar bəy də ona "Xəzər
Lənkəran” azarkeşlərinin onu unutmadığını söyləyib və komandamızın
azarkeşlərinin indi "Standard”a da azarkeşlik etdiyini söyləyərkən, Rednik belə
cavab verib. "Bilirəm, hər şeydən xəbərim var. Mən onları çox sevdiyim kimi,
onlar da məni unutmurlar. Mən "Bosman”ın saytını vaxt olduqca izləyirəm və
onlara təşəkkür edirəm. Burada evimin içində və tanınmış bir klubun başında
olmaqdan məmnunam. Amma gələıcəkdə bu qarşılıqlı sevginin bizi qovuşdura biləcəyinə
də inanıram.”
Bizə dəyər verərək bütün təbrik
edənlərə və o cümlədən sevimli Rednikə biz də bir daha minnətdarlığımızı
bildirir və can sağlığı arzulayırıq.
"Bosman” fanklubu 19. 02. 2013