
"Bosman”
fanklubunun FİFA və R.Silvanoya müraciəti
Bildiyimiz
kimi ali beynəlxalq futbol qurumu olan FİFA, "Xəzər Lənkəran” klubu ilə bağlı AFFA-ya və kluba məktub
ünvanlayıb. Ali futbol qurumunun məktubunda
13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası "Xəzər Lənkəran”
FK-nın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd
min) ABŞ dolları ödəməsi barədə qərar qəbul edildiyi bildirilir. Qərara əsasən,
göstərilən məbləğ ödəniləcəyi vaxta qədər illik 5% cərimənin ödənilməsi də nəzərdə
tutulub. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi
borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlamış və klubdan
21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb etmişdir. "Xəzər Lənkəran” FK
29.11.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinə müraciət edərək
hazırda borcu ödəmək üçün lazımi vəsaitin olmamasını əsas gətirmiş və ödəmə
müddətini uzatmağı xahiş etmişdir. Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi
30.11.2011-ci il tarixdə klubun FİFA-nın hüquq orqanının qərarını icra etməməsi
barədə məsələyə baxaraq aşağıdakıları qərara almışdır:
1. "Xəzər Lənkəran” FK FİFA-nın hüquq orqanının qərarının
yerinə yetirilməməsində günahkar hesab olunsun.
2. "Xəzər Lənkəran” FK FİFA-ya 30 gün müddətində 15
000 (on beş min) İsveçrə frankı cərimə ödəsin.
3. "Xəzər Lənkəran” FK-ya borcun ödənilməsi üçün 30
gün vaxt verilsin.
4. Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə
futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların
çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata
keçirilsin.
Yuxarıdakı
məsələ ilə tanış olduqdan sonra "Bosman” fanklubu olaraq, digər çoxminli
azarkeşlər kimi biz də narahatlıq keçirərək komandamızı müəyyən mənada bu
sanksiyaların müəyyən hissəsindən qorumağa dair ali futbol qurumuna və şəxsən zərərçəkən
qismində təqdim olunan keçmiş furbolçumuz Romulo Silvanoya müraciət etməyi qərara
aldıq. Komandamızın əsasən mənən biz azarkeşlərə məxsus olduğunu nəzərə alaraq,
hamılıqla buna qoşulmağı istərdik. Bu müraciətimiz həm də "12cioyuncu.info”
saytına təqdim olunaraq geniş azarkeşlərin müzakirəsinə verilir. Eyni zamanda
azarkeşlərimiz bu müraciəti dəstəkləyəcəkləri təqdirdə, mətn ingilis dilinə tərcümə
olunaraq FİFA-ya və zərərçəkən Ramulo Silvanoya göndəriləcək.
Hörmətli ali futbol qurumu olan FİFA və
Ramulo Silvanoya
Bildiyimiz
kimi "Xəzər Lənkəran”ın artıq keçmiş futbolçusu sayılan Ramulo Silvano tərəfinin
komandamıza qarşı qaldırmış olduğu iddianın sizin tərəfinizdən təmin olunması
barədə məlumat yayılmışdır. Sizin də AFFA və kluba göndərdiyiniz məktubda bütün
bunlar təsbit olunmuşdur. FİFA-nın Nizam-İntizam Komitəsi olaraq bu barədə
30.11.2011-ci il tarixdə olan son qərarınız biz "Xəzər Lənkəran” azarkeşlərini
xeyli dərəcədə məyus etmişdir.
Biz FİFA-nın bu barədə çıxardığı qərarları
haqsız hesab etmək iddiasından uzağıq. Çünki bu mövcud qanunvericiliyə əsaslanaraq
qəbul olunmuş qərarlardır. Millətindən, dinindən, irqindən asılı olmayaraq heç
kimin haqqını tapdamaq olmaz və bu barədə olan qərarınızı alqışlayırıq. Yəqin
klub hansısa haqsızlıqlara yol verib ki, belə sanksiyalarla üzləşib.
Lakin
bizləri narahat edən məsələnin başqa tərəfidir. Futbol azarkeşlər üçün
oynanılır kimi məşhur deyim var. Biz "Xəzər Lənkəran” azarkeşləri komandamızı
canımız qədər sevir və onun uğurları üçün bəlkə də mümkün olandan artığını etməyə
çalışırıq. FİFA Nizam-İntizam Komitəsinin 30.11.2011-ci il tarixində qəbul
etdiyi qərarın son, 4-cü bəndində göstərilən nəzərdə tutulmuş tədbir
komandamıza qarşı çox mənfi hallar yarada bilər. Nəzərə alsaq ki, cari ölkə
kuboku mövsümü bizim üçün bitmiş sayılır və çoxminli azarkeşlərimizin yalnız bu
il çempionat yarışına ümidləri qaldığından, bunun necə bir nəticəyə gətirib
çıxaracağı indidən məlum olur. Azərbaycan Premyer Liqasının bitiminə 5 tur
qaldığından və hal-hazırda liderdən 6 xal geridə olduğumuzdan, daha 6 xaldan məhrum
olmamız bütün ümidlərimizi heçə endirəcək. Biz isə mövsümün əvvəlindən
komandamızla birlikdə çox çətin bir yol qət etmişik.
Ramulo
Silvanonun oyunu və vurduğu qollarla vaxtında nə qədər xal qazanmış və onunla
birlikdə bu qol sevinclərini dəlicəsinə yaşamışıq. Sizə dəyən zərərin həm maddi
və həm də mənəvi tərəflərinin olduğunu bilirik. Maddi zərərin klub tərəfindən
ödənildiyi artıq məlum olsa da, çox güman ki, mənəvi zərərin əvəzini
komandamızdan 6 xalın silinməsi ilə tarazlaşdırmaq istəmisiniz. Dünya
praktikasında mənəvi zərərin də maddi olaraq ödənməsi halının mövcudluğunu
bilirik. Lakin siz mənəvi tərəfi maddiliyə dəyişmədiyinizi nümayiş etdirərkən həm
də böyük bir centlmenlik ortaya qoymusunuz. Elə bizim tərəfimizdən də belə bir
centlmensayağı mənəvi dəyərlərə üstünlük verdiyiniz üçün yalnız alqışa layiq
qarşılanırsınız. Biz sizin mənəvi dəyərlərinizə böyük hörmətlə yanaşır və sizin
kimi bu kateqoriyalara sahib olan bir insandan, bu gün minlərlə insanın mənəvi
dəyəri olan "Xəzər Lənkəran”dan bu çətin anda daha bir mənəvi məsələ olan,
mövcud xal ehtiyatından 6 xalın silinməsi iddiasından əl çəkmənizi istərdik.
Sizin kimi mənəvi məsələlərə diqqətlə yanaşan birinin, minlərlə insanın mənəviyyatına
hörmətlə yanaşacağınızdan əminliyimizi ifadə etmək istərdik. İndi yalnız
azarkeşləri nəzərə alaraq həm FİFA və həm də zərərçəkən Romulo Silvanoya
komandamızın naminə bu bəndin, yəni 6 xaldan məhrum edilmə iddiası bəndinin
dayandırılmasını arzulayırıq. Ümid edirik ki, nə FİFA və nə də Romulo Silvano
azarkeşləri məyus etməyəcək.
Böyük hörmətlə: "Xəzər Lənkəran”ın
çoxminli azarkeşləri 12. 04. 2012
P.S. Tarix müzakirədən sonra, göndərilən anda dəyişdiriləcək. Vaxtın az olduğunu nəzərə alıb azarkeşlərdən fəal müzakirə etmələri xahiş olunur.
P.P.S. Romulo Silvanonun hər hansı ünvanı bizdə olmadığından «Xəzər Lənkəran» klubundan xahiş olunur ki, onlarda belə bir ünvan (elektron ünvan) varsa «Bosman» fan klubunun saytındakı BİZİMLƏ ƏLAQƏ bölmənsində olan e-mailə göndərsinlər.
|