"Xəzər
Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov cənablarına
"Xəzər
Lənkəran” adlı gəminin həm sizin üçün və həm də bizim üçün nə qədər əhəmiyyətli
olduğunu hər hansı sözlə ifadə etmək çox çətindir. Siz bu gəmini quraraq onminlərin
sevgisinə çevirdiniz. Onminlərlə insan könül verdi bu ada. Daim yanında oldu.
Siz də yorulmadan bu gəmini səfərlərə hazırladınız. Bu hazırlıq işlərinin nələrə
başa gəldiyini hamı gördü, hamı ürəklərinin ən dərin yerini bu ada verdi,
anamız və vətənimiz Azərbaycanın adları ilə bir cərgədə.
Gəmimiz
hazır olduqdan sonra, bütün heyətlə dünya sularına bacarıqla səfərlərə
yollandı. Çoxlu çətin səfərlərdən sağlam və uğurla döndü. Bu səfərlər zamanı nələr
görmədik. Bir yandan fırtınalardan keçdik, bir yandan dəniz quldurlarının
hücumlarına məruz qaldıq, bir yandan gəmimizdə qiyamçılar baş qaldırdı, bir
yandan da Liman rəhbərliyi gəmimizə olmazın əziyyətlər verdi. Gəmi heyətinin
işlərinə qarışaraq heyəti necə qurmaq yolunda müdaxilələr etdi. Bu müdaxilələr
üçün heyətimizdə bəzi dənizçiləri belə ələ aldı. Heç zaman heç bir çətinliyə
boyun əyməyən gəmi heyətimiz, bu qiyamçıları da aşkarlayıb ən yaxın kimsəsiz
adaya buraxmaqla, onlardan qurtuldu. Bu qiyamın yaratdığı çaxnaşma ümid edirəm
ki, əvvəlkilərtək aradan qaldırılacaq, gəmimiz öz kapitanı və bütün heyəti ilə əvvəlkitək
yoluna davam edəcək.
Bu
gün bu qiyam haqda eşidərək sahildə bu gəmini gözləyən onminlərlə insan çox
narahatdır. Gəmidə baş verənlər onları bərk sarsıtmış və gəminin taleyinin necə
olacağı onları intizarda qoymuşdur. Çünki ürəklərini verdikləri "Xəzər Lənkəran”
gəmisi onların həyatının bir hissəsidir. Okeanda olan gəmidən onlara çatan məlumatlar
isə sarsıdıcıdır. Gəmimiz öz möhtəşəmliyinə baxmayaraq bu təsirdən əziyyət çəkdiyi
və əngin sularda dayanaraq heyətini kiçik qayıqlara bölüşdürərək sahilə
çıxarmaq kimi fikirlər onları çox sarsıtmışdır. Çünki kiçik qayıqlar çətin səfərlərə
tab gətirəcək gücdə deyil. Bunun tufanı
və ya yanımızdan keçəcək hər hansı bir böyük gəminin yaratdığı dalğası
qayıqlarımızı silkələyərək təlatümə gətirəcək və nəticədə kiçik olan
qayıqlarımız suda qərq olacaq. Bizim böyük və möhtəşəm gəmimiz yenə sularda
şahanə üzməklə, qayıqları da öz təkində apararsa həm qayıqlarımız suda qərq
olmaz, həm də gəmimiz başqa gəmilərin üzərkən ətrafında yaratdığı dalğalardan əziyyət
çəkməz. Sahildə yığışaraq gecə-gündüz bilmədən minlərlə insan gözünü dənizdəki
üfüqə zilləyərək o möhtəşəm "Xəzər Lənkəran” gəmisinin nə vaxt görünəcəyi anı səbirsizliklə
gözləyir. Onlar yemir, yatmır və ancaq gözlərini üfüqə dikərək gözləməkdə davam
edir. Bəlkə də gəminin səfərdən sağlam dönə bilməməsi üçün elə səbəblər var ki, sahildə onu gözləyənlərin
çoxunun bundan xəbəri yoxdur. Amma onlar gözləməkdə davam edirlər.
Bu
gözlənti və narahatçılıq həm də sanki, ən
əziz bir adamını əməliyyat otağının qarşısında gözləyən insanların
narahatlığına bənzəyir. Onlar hər an qapıda görünəcək həkimdən söyləyəcəyi xəbəri
gözləyir. Həkim yorğun halda çıxıb ya "Heç bir ümid yoxdur, biz xəstəni itirəcəyik”
deyəcək, ya da "Xəstəmiz ölümdən qurtuldu, təbrik edirəm” deyəcək. Bu an ən
mahir həkim olan sizdən bütün yaxınları "Xəstəmiz ölümdən qurtuldu, təbrik edirəm”
kəlməsini eşitmək üçün nələrindən keçməzlər.
Bu
sətirləri yazarkən gəmini itirmək qorxusu insanı kövrəltməyə bilmir. Düzdür
deyirlər kişi ağlamaz. Amma ən böyük sərkərdələr belə, döyüşdə ordusunun bir
hissəsini və ya vətəninin bir hissəsini itirərkən göz yaşı tökmüşlər. "Xəzər Lənkəran”
adı, bizim vətənimizlə, anamızla bir cərgədə saxladığımız bir can parçamızdır!
Onu itirərkən necə də ağlamayasan?
Mirhafiz
M. Babayev ("Bosman” fanklubunun rəhbəri) 24. 07. 2011
Qeyd:
Bu müraciət ürək ağrısıyla və ən səmimi hisslərlə yazılıb. "Xəzər Lənkəran”ın
taleyinin necə olacağı haqda düşüncələrdən nigaran minlərlə insan kimi. Bunu
olduğu kimi qəbul edənlərin hamısının ana südü halal olsun deyirəm.
|