Bu gün
fanklubumuz üçün əlamətdar bir gündür. Belə ki, 2009-cu ilin Fevral ayının 9-da
on üç "Xəzər Lənkəran” azarkeşi tərəfindən "Bosman” fan klubunun
təsis edilməsi haqqında qərar qəbul olundu. "Xəzər Lənkəran”ın ətrafında
sayca dördüncü olaraq təsis edilmiş "Bosman” fanklubu niyə yarandı? kimi
sual da səsləndirmək olar. Belə ki, fanat hərəkatında müəyyən yeri olan
məsələlər də var idi ki, bu boşluğu doldurmaq, komandamızın bəzi məsələlərdə
daha başqa prizmalardan yanaşdıqda, daha rəngarəng dəstəyə ehtiyacının olduğu
duyulurdu. Ən birinci vəzifəsi "Xəzər Lənkəran”ı fanat hərəkatının edə
biləcəyi bütün sivil imkanlardan istifadə edərək dəstəkləməyi qarşısına məqsəd
qoyan "Bosman” fanklubu bacardığı qədər nəzərdə tutduğu işləri yerinə
layiqincə yetirir deyə bilərik. Stadionlardakı tribunalardan tutmuş, məşq və
yoxlama oyunlarından belə komandamıza daim dəstək olan "Bosman” fanklubu
bunlarla da kifayətlənməyərək yoxlama oyunları və ya rəsmi matç olsun,
ekranlarda reportaj olmadığı zamanlarda "12ci oyunçu” azarkeş qrupunun
vasitəsi ilə onlayn reportajlar təşkil etməklə, "Xəzər Lənkəran”
azarkeşlərini belə lazımi məqamlarda intizardan azad edə bilmişdir.
Bunlardan
başqa "Bosman” fanklubu özünəməxsus layihələr həyata keçirməklə ölkə
futbolunun fanat hərəkatında bir sıra ilklərə də imza atmışdır. İlk olaraq
rəqib "İnter” fanatları ilə Martın 21-ə təsadüf edən bayram günündə
keçirilən səfər oyunu zamanı "İnter, Bayramınız Mübarək!” baneri qaldırmış
və razılığa əsasən eyni "Xəzər, Bayramınız Mübarək!” təbriki yazılmış
bannerlə qarşılıq almışdır. Rəsmi fanklubun və stadiona toplaşmış bütün
azarkeşlərin yaxından dəstəyi ilə bu şüar qarşılıqlı olaraq minlərlə insan
tərəfindən səsləndirilmişdir. Belə dostluq xəttində daha bir nəticə olaraq, "Simurq”
azarkeşləri ilə əsasən ötənildən başlayaraq, bu il tam qarşılıqlı dəstək
formasına gətirib çıxaran, Zaqatalada böyük coşqu ilə qarşılanan "Xəzər
Lənkəran” azarkeşləri misalını da göstərə bilərik.
Daha
sonra əzəli rəqib "Neftçi” fanatları ilə münasibətlərin son dərəcə gərgin
olduğu vaxtda Azərbaycan futbolunun əfsanələrindən biri olan Anatoliy
Banişevskinin 65-illik yubileyi qeyd olunan gün "Bosman” fanklubunun
rəhbəri, "Neftçi” fanatları ilə görüşmüş və onların vasitəsi ilə klub
rəhbərliyi səviyyəsində qəbul olunmuşdur. "12ci oyunçu” azarkeş qrupunun
rəhbərinin də imzaladığı təbrik məktubunu rəqib düşərgəyə çatdırmışdır.
Qarşılıqlı olaraq kiçik xalça üzərində toxunmuş "Neftçi” loqosu ilə
hədiyyə verilmişdir. Bu hadisə Azərbaycanın demək olar bütün idman informasiya
vasitələrində işıqlandırılmışdır.
Daha sonra
digər klubların azarkeş və fanat qurumları ilə sivil münasibətlər qurulmuşdur.
Bu sivil münasibətlərin qurulması, doğrudan da çox vaxtlar futbol azarkeşləri
arasında yaşanan və hətta kütləvi ölümlə belə nəticələnən xoşagəlməz halların
qarşısının alınması baxımından nə qədər lazımlı olduğunu bir daha sübut edir.
Bundan başqa
klub və stadion rəhbərliyi ilə danışıqlardan sonra "Bosman” fanklubu
ölkədə daha bir yeniliyin banisi olmuşdur. Belə ki, "Xəzər Lənkəran”ın
Avrokuboklardakı Təl-Əviv "Makkabi”si ilə səfər oyununun komandamızın
azarkeşlərinin bu matçı canlı teletranslyasiyasının birbaşa "Fırtınalar
Meydanı”nda monitor vasitəsi ilə izlənməsini təklif və təşkil etmiş və bu
layihə ilə səfərdə oyuna çıxacaq komanda üzvlərini məlumatlandırmış, onların
oyuna böyük dəstəklə çıxmasını səciyyələndirmişdir. Beləliklə, ölkə miqyasında
tayı olmayan layihələrin həyata keçirilməsi "Bosman” fanklubunun işinin
bir hissəsidir. Həm də "Bosman” fanklubu azarkeşliyin təkcə tribunalardan
olmadığını sübut edə bilib. Müəyyən məqamlarda "Xəzər Lənkəran” əleyhinə
yönəlmiş mətbuata və ayrı-ayrı klub və şəxslərə öz saytı vasitəsi ilə tutarlı
cavablar vermiş və bu cavablar da hətta ölkənin aparıcı idman nəşrlərinin
vasitəsi ilə daha geniş ictimaiyyətə çatdırılmış və komandamızın xeyrinə real
nəticələr əldə olunmuşdur.
"Xəzər Lənkəran”ın
ardıcıl olaraq düzgün olmayan addımları nəticəsində son dövrlər geriləməsinə və
hətta turnir cədvəlinin son pilləsinə yuvarlanmasına dözməyərək fanklubumuzun
rəhbərinin və "12 ci Oyunçu” azarkeş qrupunun rəhbərinin imzası ilə klubun
sahibi və fəxri prezidenti Mübariz Mənsimova əsaslı arqumentlərlə müraciət
ünvanlamışdır. Bunun nəticəsi kimi hesab etdiyimiz komandanın son dövrlər
yüksəlişə qədəm qoymasına nail olunmuşdur. Amma bu heç də asan başa gəlməmiş və
fanklub rəhbərimizin və "12 ci Oyunçu” azarkeş qrupu rəhbərinin müəyyən şəxslər
tərəfindən sıxışdırılması ilə nəticələnmişdi. Bundan sonra isə klubda
ab-havanın durularaq normal məcraya düşməsi və klubla sivil əlaqələrin
qurulması prosesi bütün "Xəzər Lənkəran” azarke.ləri kimi bizi də hədsiz sevindirmişdir
və olub keçənləri unutmağa gətirib çıxarmışdır.
Bütün bunları
həyata keçirmək üçün isə "Bosman” fanklubu öz daxili imkanlarından
istifadə etmişdir. Ümumiyyətlə "Bosman” fanklubu müstəqil düşüncə və
müstəqil maliyyə üzrə fəaliyyətin nümunəsini göstərə bilmişdir. Təsis
xərclərindən bu günə qədər bu müstəqilliyini daim qoruyub saxlamış və bundan
sonra da bu yoldan dönməyəcəyini, bu il dönümü ərəfəsində bir daha bəyan edir.
"Bosman”
fanklubunun mərkəzi ofisi Bakı şəhərində yerləşməklə, doğma Lənkəran şəhərində də
bölməsi fəaliyyət göstərir. Sıralarını günbəgün genişləndirməkdə olan bir
fanklub olmaqla bundan sonrakı fəaliyyətimizi də uğurlu davam etdirməyə
çalışacaq və bu yolda müstəqilliyimizi, azad düşüncəmizi əldə rəhbər tutacağıq.
"Bosman”
fanklubunun idarə heyəti 09.02.2013