
Dünən
həftənin futbolla bağlı verilişlərində keçən XI tur matçlarının müzakirəsi,
oyunlara və epizodlara verilən şərhlərlə o cümlədən, mətbuatın bu turla bağlı
müzakirələri ilə çoxlarımız müəyyən qədər tanış olduq. Biz "Xəzər Lənkəran”
azarkeşləri olduğumuz üçün "Xəzər Lənkəran" - "Qarabağ" oyunu ilə bağlı aparılan müzakirələrə fikir
bildirmək istəyirik.
Əlbəttə,
heç bir müzakirəni qərəzli hesab etmirik. Bu müzakirələrdə iştirak edən hər bir
iştirakçıya, istər futbolçu olsun, istər hakim olsun, istər futbol mütəxəssisi
və ya idman yazarı olsun söylədikləri qərəzsiz fikirlərə görə minnətdarlığımızı
bildiririk. Hər kəs öz baxış prizmasından "Xəzər Lənkəran” – "Qarabağ” oyununu
şərh etdi.
Amma
bir məqam da var idi ki, bu barədə eşitmək istədiyimiz fikirlərə rast gələ bilmədik.
Bu yazının ərsəyə gəlməsində də elə bu məqam rol oynadı. Şərhlərdə "Xəzər Lənkəran”
– "Qarabağ” matçında kimisi "Xəzər Lənkəran”ın, kimisi də "Qarabağ”ın güclü
oynadığını qeyd etməklə yanaşı, matçın zəif keçdiyini və bunu hər iki
komandadan gözləmədiklərini söyləyənlər də oldu.
Bizim
eşitmək istədiyimiz fikirlər isə indi müzakirəyə başlayacağımız məqamla bağlı
idi. Belə ki, hər iki komandanın zəif oyunu ilə bağlı fikirlərin üstündə
dayanmaq istərdik. İlk baxışdan bu bəlkə də belə görünürdü. Amma oyunun içində
özümüzü hiss etsək bir az fərqli yanaşma ortaya çıxa bilir ki, bu zaman dəqiq
qiymət vermək bizcə mümkün olur. Bundan əvvəlki yazımızda da bildirmişdik ki,
Rednikin rəhbərliyi altında "Xəzər Lənkəran” arxada qalan 11 turda əsas
strategiyası bir olmaqla, müxtəlif taktikalar ortaya qoymuşdur. Baxmayaraq ki,
Azərbaycan futbolu və çempionatı, burada oynayan komandaların oyun üslubu ilə
çox da tanış deyil. Bu da təbiidir ki, Mirça Rednik ölkəmizdə ilk dəfədir ki,
bir komandanı çalışdırır. Buna baxmayaraq ötən 11 tur ərzində qazanılan nəticəni
uğurlu saymaq lazımdır. Təsadüfi deyil ki, bir fanklub olaraq biz, təsnifat mərhələsinin
ilk dövrəsini həm "Xəzər Lənkəran” , həm də Mirça Rednik üçün uğurlu dövr kimi qiymətləndirmişik.
Oyunun
şərhinə gəlincə demək istədiyimiz həm də qələbədə əsas amil olan bir neçə məqam
var idi. Yadınızdadırsa matçdan əvvəl Mirça Rednikin mətbuata verdiyi müsahibədə
""Qarabağ” üzərində qələbəyə söz vermirəm, "Qarabağ”ın çox güclü, meydanda
bir-birini gözəl başa düşən futbolçuları, istedadlı gənc məşqçisi var” kimi bir
açıqlaması olmuşdu. Bu açıqlamanı müxtəlif cür qiymətləndirmək mümkün idi.
Lakin bu fikirlərin sahibi olan Rednikin oyun günü hansı taktikanı tətbiq edəcəyi
çoxlarımız üçün maraqlı və qızğın müzakirə tələb edən məqam idi. Nəhayət oyun
zamanı bütün bunlara aydınlıq gəlmiş oldu. Rednikin
demiş olduğu "rəqibin futbolçuları meydanda bir-birini gözəl başa düşür”
fikrini əsas götürərək, ilk növbədə onların oyununu pozmaq üçün güclü pressinq
tətbiq etməklə, rəqibə kombinasiyalı oyun qurmağa qətiyyən imkan verməmək və
buna hesablanmış güclü oyun nizam-intizamına sonadək riayət etmək kimi bir
taktiki plan bu qələbənin əsasını təşkil etmiş oldu. Müdafiənin, orta sahənin,
cinahlar və hücum xəttinin öz işi olduğunu hamımız çox gözəl bilirik. Oyun
qurucu və dağıdıcı funksiyalı futbolçuların və mövqelərin olduğunu da çox gözəl
bilirik. Amma fikir verdinizsə, "Xəzər Lənkəran” ın həm müdafiəsi, həm orta sahəsi,
cinahlar daxil olmaqla hücum xətti eyni zamanda iki iş görürdü. Top bizdə
olduğu zaman hücum qurmağa çalışan futbolçularımız, topun rəqibdə olduğu zaman
onların müdafiədən çıxmasına imkan vermir, kombinasiyalı oyun qurmasına güclü
pressinq tətbiq etməklə mane olur, sanki həmin anlarda bütün futbolçularımız
dağıdıcı oyunçu rolunu oynayırdı. Bu keyfiyyətlər hesabına bir neçə dəfə elə rəqib
müdafiədən çıxmaq istərkən topu onlardan ala bilir və hücuma başlaya bilirdik.
Bununla da "rəqibin futbolçularının bir-birini başa düşməsinə” əngəl yaratmaqla
onların oyunquruculuğunu maksimum pozmuş olurduq. Bax buna görə də "Qarabağ”
istədiyi oyunu göstərə bilmirdi. "Xəzər Lənkəran” ın futbolçuları da hamı bir nəfər
kimi həm oyunqurucu, həm də dağıdıcı "cəbhədə” çalışdıqlarından iki funksiya
yerinə yetirmiş olduqları üçün nisbətən zəif təsir bağışlayırdılar. Düzdür
futbolçularımız ustalıq baxımından Avropanın məşhur klublarındakı kimi daha da səviyyəli
olsaydılar bu "zəif oyun” sözünü də yəqin cümlədən çıxarmış olardıq. Hər halda
qış transferlərini ümidlə gözləyirik ki, istənilən taktika ilə oynayanda zəif
oyun gözə çarpmasın.
Rəqibin
istədiyi kimi oyun qura bilməməsində və qələbədə əsas sayılacaq ikinci keyfiyyət
isə "oyun nizam-intizamına” bütün komandanın əvvəldən axıra qədər riayət etməsi
oldu. Göstərdiyimiz keyfiyyətləri əvvəldən axıra qədər davam etdirən
futbolçularımız oyun nizam-intizamını saxlamaqla nə panikaya düşdülər nə də hər
hansı "pozulma”ya uğramadılar.
Soyuducusunda
lazımı ərzağın olmamasına baxmayaraq, qonağı çox gözəl qarşılayan və bacarığı
hesabına bu az ərzaqla rəngarəng süfrə açan və "qonaq qəbul etmə kimi işin” öhtəsindən
bütün hallarda məharətlə gələn bir ev xanımının soyuducusu ərzaqla dolu olan
halda nələr hazırlayaraq, necə süfrə açacağı hamıya məlumdur. Məqsədimiz
Redniki hər hansı bir xanımla müqayisə etmək yox, sadəcə əlində olan indiki
materialla müxtəlif taktikaları müvəffəqiyyətlə həyata keçirməsini göstərmək
idi. Bu da onun öz işində nə qədər professional olduğunun göstəricisidir. Əlində
lazımi material olduqdan sonra belə bir professional mütəxəssisin nələr edə biləcəyini
böyük ölçüdə söyləmək olar.
"Xəzər
Lənkəran” azarkeşi futbolu gözəl başa
düşdüyü üçün bütün bunları anlayır və bu mütəxəssisi lazımınca qiymətləndirə
bilir, hələ yolun başlanğıcı olduğunu gözəl dərk edir.
|