Bildiyimiz kimi ölkəyə gəlib-getmiş əcnəbi
çalışdırıcıların ən səviyyəlilərindən biri, az əvvəl "Xəzər Lənkəran”ın baş məşqçisi
olmuş Mirça Rednik olub. Onun dönəmində komandanın necə döyüşkən və mübariz
ruhda oyun sərgiləməsi, həqiqi inkişaf yolunda olması, müxtəlif və gözəl
taktikalarla oyun qurması və nəhayət futbolda ən lazımlı faktor olan nəticə
verməsi, onu azarkeşlərin və futbola hörmətlə yanaşan bütün hər kəsin
sevimlisinə çevirmişdi. Onun ölkəmizə gətirdiyi legionerlərin də elə ən səviyyəlilərdən
olmaları, nəticədə gözəl komanda heyəti qurması da onun futbol aləmində bilik,
bacarıq və nüfuz sahibi olmasının göstəricisi idi. Məlum hadisələrdən sonra
onun komandamızdan uzaqlaşdıqdan daha sonra digər iki Rumıniya komandasındakı uğurlu
nəticələri və nəhayət Belçika kimi bir futbol ölkəsinin böyük tarixi olan Liej
təmsilçisi "Standard”a keçidi və oradakı elə ilk turlardan göstərdiyi oyun və
qazandığı nəticələr, onun ölkəmizə gəlib-getmiş ən səviyyəli məşqçilərdən biri
yox, birincisi kimi dəyərləndirməyə şübhə yeri qoymur.
Bəli, biz belə böyük bir məşqçinin qədrini bilmədik.
Elə bu nadanlığımızın ucbatından da ondan sonrakı dövrlərdə çox pis vəziyyətlərlə
üzləşdik. Sonrakı mərhələlərdə gətirdiyimiz iki məşqçinin isə "Xəzər Lənkəran”ın
səviyyəsinə heç cür uyğun gəlməməsi nəticəsində komandanı acınacaqlı duruma sürükləmiş
olduq. Məhz bunları və klubda aparılan işlərin düzgün qurulmaması, iki fanat
qurumu rəhbərlərinin klubun sahibinə müraciət etməsini zəruri etdi. Belə ki, "12-cioyunçu”
azarkeş qrupunun və "Bosman” fanklubunun rəhbərlərinin imzaladığı müraciət,
klubun sahibinə bu çatışmazlıqların aradan qaldırılmasına şəxsən nəzarət etmək
xahişiylə göndərildi və göndərilən müraciətdə bir sıra əsas məsələlər qeyd
olundu. Bundan sonra klub rəhbərliyinin adıçəkilən fanat qurumlarının üzvləri
ilə görüşü baş tutdu ki, bu görüşün bütün detalları və burada qaldırılan məsələlər
ertəsi gün dəqiqliklə klubun sahibinə çatdırıldı. Anlaşılan da o oldu ki, görüş
məhz klubun sahibinin tapşırığı ilə baş tutmuşdu. Həqiqətən sonrakı dəyişikliklərə
start verilməsi də onu göstərdi ki, klubun sahibi bu müraciətə ciddi yanaşmış və
müraciətdəki qaldırılan məsələlərin obyektivliyinə əsaslı yanaşma nümayiş
etdirmişdir. Hələ durumdakı düzəliş tam başa çatmasa da, bu yöndə atdığı
addımlara görə klubun sahibinə minnətdarlığımızı bildirməyi özümüzə borc
bilirik. Lakin proseslərin davamlı olacağına ümidvar olduğumuzu da bildirməliyik.
Məhz bu halda komandamızın möhtəşəmliyinə olan inamımız reallaşa bilər.
Əlbəttə növbəti addım kimi yeni baş məşqçi məsələsinin
gündəmdə olduğunu deməliyik. Birinci dövrənin sonlarına yaxın axırıncı yerlərdən
qurtula bilməməyimiz baş məqçinin göndərilməsi ilə nəticələndi. Belədə boş
qalmış baş məşqçi postuna göründüyü kimi ciddi axtarışların başlamasını qeyd edə
bilərik. Mirça Rednik kimi bir mütəxəssisi "Standard” kimi bir komandadan geri
gətirmək artıq xülya olunca, əlbəttə yeni birinin axtarışını zəruri edib.
Uzun axtarışlardan sonra klub, İspan mütəxəssis
Martorell Baquesin üzərində dayanmalı olub. Hətta klubun rəsmi saytının yaydığı
informasiyaya görə onunla ilkin razılıq əldə olunub. Belədə bizim də qurucu və
hazırda komandamıza gəlmək ehtimalı olan, konkret böyük nəticələrə imza atmış əcnəbi
məşqçilərdən ibarət siyahımız olsa da, klubun işlərinə qarışmamaq düşüncəsi ilə
onların adlarını təqdim etmədik. Martorell Baquesin ismini ilk dəfə
eşitdiyimizdən təbii ki, onun haqqında informasiya əldə etməyə çalışdıq.
Əldə olunan informasiyalara görə Martorell Baques məşqçi
kimi ən yaxşı halda Kataloniyanın 12 yaşlı gənclərinə rəhbərlik edib. Onun
İspaniya kimi futbol ölkəısində baş məşqçi kimi çalışmağa imkan verən
kateqoriyası olsa da nədənsə, hələlik heç bir peşəkar klubun başına keçməyib.
Bu, bəlkə də 39 yaşlı mütəxəssisin müəyyən qədər gənc olması ilə əlaqədardır.
Onu da qeyd edək ki, İspaniya kimi bir səviyyəli futbol mütəxəssislərinin ölkəsində
ortaya çıxmaq özü bir çətinlikdir. Belədə digər ölkələrdə özünü doğruldub ortaya
çıxmaq bəlkə də ən real variantdır ki, Martorell Baquesin də komandamıza gəlişi
bu baxımdan dəyərləndirilə bilər. Topladığımız məlumatlar içərisində onun çox
güclü bir taktik mütəxəssis və nəzəri futbol sahəsində olduqca bilikli biri
olduğu ortaya çıxır. Həmçinin çalışdığı futbol üzrə taktik şirkətinin əsas simalarından
olduğu anlaşılır. Həmin şirkətin apardığı işlərlə tanış olduqda isə demək olar
ki, bütün dünya futbolunu əhatə edən taktika, menecerlik və sair sahələri onun əsas
işlərindən olub. Belə ki, həmin şirkətin tanıdığımız futbol meneceri olan Anna
Mariya da daxil olmaqla, neçə-neçə məşhur futbol menecerləri ilə iş birliyinin
olmasının şahidi oluruq. Barselona kimi bir məktəbdə yoğrulmuş olan Martorell
Baques əlbətdə çalışdığı sahədə uğurlar qazana bilib. Qalır onun praktik
futbolda özünü sübut etməsi, bu heç də mümkünsüz görünmür. Kifayət qədər nəzəri
biliklərə sahib olan bu mütəxəssis özündə inam, baş məşqçiyə lazım olan
nizam-intizam dəyərlərinə riayət, qətiyyət və başqa keyfiyyətləri də birləşdirərsə,
bəlkə də o, "Xəzər Lənkəran”ın kəşfi ola bilər. Hər halda onu tanıyanlardan
aldığımız bilgilərdə bunun böyük ölçüdə belə olacağı anlaşılır.
Əgər baş məşqçi kimi özünü doğrutmasa belə, yenə
deyə bilərik ki, futbol biliklərinə dərindən bələd olması, quruculuq bilikləri
və böyük menecerlik təcrübəsi onun "Xəzər Lənkəran”a nə qədər lazımlı bir kadr
olduğunu ortaya qoyur. "Xəzər Lənkəran”da çatışmayan ən yaralı məsələlərdən
biri də elə budur. Belədə onun komandada bir peşəkar futbol qurucusu kimi işini
davam etdirməsi və elə onun məsləhəti ilə İspaniya kimi bir ölkədən baş məşqçi
gətirilməsi heç də pis olmaz və böyük ümidlər vəd edə bilər. Hər halda apardığımız
araşdırmalardan sonra bizim buna ümidimiz yaranıb.
|