Sentyabrın
25-də nəhayət, "Xəzər Lənkəran” azarkeşləri əzəli rəqibləri "Neftçi” üzərində
qələbənin və həm də liderliyə yüksəlmənin sevincini yaşadı. Bundan sonra
məşqçilər demişkən; "artıq bu oyunu unudub, növbəti matçın hazırlıqlarını
düşünürük”.
Növbəti
matç dedikdə, bu oktyabr ayının 2-də, 8-ci tur çərçivəsində Lənkəranda baş
tutacaq "Xəzər Lənkəran” – "Bakı” oyunudur. Bu oyun haqda düşündükdə isə çox
şeylər göz önünə gəlir. Əvvəllər Sissokonun etdiyi "məşhur" hərəkətlərdən tutmuş,
keçən mövsümün "Bakı” ilə son iki matçını istər-istəməz yada salmalı olursan.
Keçən il çempionluğun əldən getdiyi son tur matçında "Bakı” bizi öz meydanımızda
məğlub edə bilmişdi ki, burada da
bizlərin nə hakim qərəzi ilə üzləşməyimiz qeydə alınmışdı və nə də
"Bakı” klubuna hər hansı iradımızdan söhbət gedə bilməz. Əksinə, ölkə kubokunun
finalı da bir neçə gün sonra elə bu komandalar arasında baş tutacağından bəzi
yayılan şayiələrə son qoyulmuşdu. Belə ki, o vaxt yayılan şayiələrdə bu iki
komanda arasında hansısa razılıq olduğu bildirilirdi. Guya "Bakı” son tur
matçını "Xəzər lənkəran”a məğlub olmaqla çempionluğu "Xəzər Lənkəran” a
"hədiyyə” edəcəkdi, əvəzində isə kubokun finalında "Xəzər Lənkəran” , uduzaraq
kuboku "Bakı”ya "güzəştə" gedəcəkdi. Hər iki komandaya, belə bir sövdələşməyə
getmədikləri üçün təşəkkür düşür. "Xəzər Lənkəran” son çempionat oyununa sanki, motivasiya ola
bilməmənin hesabına çempionluğu əldən vermiş oldu.
Çempionluğun
əldən getməsindən sonra mövsümün həm son oyunu, həm də iki tituldan
sonuncusuna, yəni ölkə kubokuna sahib çıxmanın "yanğısı” "Xəzər Lənkəran” ın bu
kubok oyununa ciddi hazırlaşmasına səbəb olmuşdu. İnsafən kubok oyununda,
"Xəzər Lənkəran” əvvəlki oyuna baxanda,
qələbə istəyini yaxşı keçirdiyi oyunla ortaya qoya bildi.
Lakin
bu oyunda da alınmadı. Əvvəlki oyunda "Bakı”ya heç bir iradımız yox idisə, bu
oyunda "Bakı” "Fair Play” qaydalarına tüpürməklə, əksər ölkə mediasının, futbol
ictimaiyyətinin, xüsusən "Xəzər Lənkəran” azarkeşlərinin qınaq obyektinə
çevrildi.
Amma bəziləri
burada heç bir "Fair Play” pozuntusu olmadığını sübut etməyə çalışsalar
da, minlərlə "Xəzər Lənkəran” azarkeşlərinin FİFA və UEFA-ya ünvanladığı "Bizdə
"Fair Play” qaydalarına məhəl qoyulmur deyə, bu bayraqlar bizim stadionlardan
yığışdırılsın!” müraciətindən sonra bəzi futbol rəsmilərinin faktı təsdiqləyən
açıqlamaları oldu.
Bu
ərəfələrdə hər iki klub azarkeşləri arasında qarşılıqlı söz atışmaları, hətta
"12-ci oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya zəng olunaraq
hədə-qorxu gəlinməsi haqda məlumatlar da oldu ki, bu da həmin ərəfədə qəzet
səhifələrində və başqa informasiya vasitələrində belə işıqlandırılmışdı. Biz
"Xəzər Lənkəran” azarkeşlərinə nə
qarşıdurma, nə hədə-qorxu və nə də bu kimi sivil olmayan üsullar lazım deyil.
Bizə lazım olan komandamıza haqsızlıqlar olunmamasıdı. Bu halda biz, "Xəzər Lənkəran” ın gücünə bələd olan
azarkeşlər kimi deyə bilərik ki, komandamızın qarşısına çıxa biləcək rəqib çətin
tapılsın. Biz komandamızın gücünə bələdik, inanırıq ki, "Xəzər Lənkəran” bütün oyunlara qələbə üçün çıxdığı kimi,
sonda meydandan elə qələbə ilə də ayrılacaq. Komandamızın qələbə çalması üçün
isə əlbəttə biz azarkeşlərin rolunu heç kim dana bilməz.
Olub
keçənləri çox yada salmaq istəmirik,
qarşıdurmaya səbəb olmasın deyə. Bizə sivil yollarla komandamızı
dəstəkləmək, onun qələbəsinə şahidlik etmək lazımdır. Ona görə də elə "Bakı”
üzərində qələbə qazanmağın azarkeşlərin öhdəsinə düşən ən sivil yolu, həmin
oyunda bizim "Fair play” qaydalarını rəqibdən "tələb etməyimiz" olar.
Komandalar
meydana çıxan zaman rəqibin qulaqlarını batıracaq səviyyədə ardıcıl olaraq
"Fair play” sədalarını bir neçə dəfə təkrarlamaq lazımdır. Bundan sonra rəqibin
hücumları zamanı uğultu əvəzinə, yenə qulaqbatırıcı "Fair play” sədaları
səslənməsi çox effektiv bir üsul olardı.
Bununla
rəqib komandanın heyətində keçən mövsümdən oynayan futbolçuları utandırıb,
onların oyundan qopmasına nail ola bilərik. Yeni gələnlər də bundan xəbərdar
olduqları üçün, ümumiyyətlə rəqibin oyununu sivil qaydada pozmuş olarıq. Bundan
sonra da "gəlsin Xə-zə-rin qolu”. Bir, iki, ya da üç qol. Bəsdirmi ?.. Ya, yenə
qışqıraq?
Biz
yalnız sivil dəstəyə arxalanaraq "Xəzər Lənkəran” ın qələbəsinə kömək etməklə,
onun yenə turnir cədvəlinin şəriksiz lideri olmasına yardımçı olmalıyıq!
|