
Bəli, Avro-2012 yə vəsiqə qazanmaq üçün
millimizin də yer aldığı "A qrupu”nda da güclü mübarizə gedir. Əslində bunu bir
az da dəqiqləşdirsək, turnirə vəsiqə verən 1 və 2-ci yerlərdir. 1-ci yeri elə əvvəlcədən
özəlləşdirən və keçirdiyi oyunlarda maksimum nəticə göstərən millimizin baş məşqçisinin
həmvətənləri öz qazandığı nəticələrlə artıq bunu ilk pillənin sahibi olaraq rəsmiləşdirmiş
kimi görünürlər. Dediyimiz mübarizə 2-ci pillə və ya 2-ci vəsiqə uğrunda gedir
ki, bu da əsasən Türkiyə, Belçika qismən də qrupda yer alan Avstriya yığmaları
arasındadır. Qrupda yer alan digər iki komanda, Azərbaycan və Qazaxıstan milliləridir
ki, bunlar da həmişə olduğu kimi sonuncu olmamaq uğrunda mübarizə aparırlar desək
yanılmarıq.
Çox
təəssüf ki, ölkə müstəqillik əldə etdikdən FİFA və UEFA-ya üzv olduqdan və öz
adı ilə seçmə mərhələlərdə 20 ilə yaxındır ki, iştirak etməsinə baxmayaraq hədəfi,
yəni "təki sonuncu olmayaq” düşüncəsi ilə olan hədəfi dəyişməz qalır. Bunun
obyektiv və subyektiv olan bir sıra səbəbləri var. Ölkədə futbol inkişaf etməlidir
ki, milli komanda da bundan bəhrəsini görsün. Əslində əvvəlki illərə baxdıqda
ölkə futbolunda kiçik sıçrayışlı inkişafın olduğunu demək olar. Amma mübarizə
apardığımız köhnə və həm də futbolun kəşf olunduğu Avropa qitəsində bu kiçicik
sıçrayışlar, digər böyüksürətli və futbol nəhəngləri olan Avropa üçün nədir ki?
Bunu ancaq yarışların qalibi olan sürətli və çevik bir atla, bir qarışqanın
yerişi ilə müqayisə etmək olar. Niyə ölkədə futbol lazımi səviyyədə inkişaf
etmir? Bu haqda ölkədə fəaliyyət göstərən digər mətbuat vasitələri o cümlədən
biz də kifayət qədər araşdırmalar aparıb çoxlu yazılarla çıxış etmişik. Lakin düzəlmir
ki, düzəlmir. Əslində hamı, o cümlədən futbol qurumlarımız da məsələnin mahiyyətini
bilməmiş deyillər. Çünki hər şey göz qabağındadır. Bunları dərk etməmək mümkün
deyil. Lakin ambisiyalar imkan verərsə...
Dəfələrlə
hakim haqsızlıqları haqqında mətbuatın yazdıqlarına məhəl qoymayaraq, "özünəməxsus
işi” davam etdirən futbol qurumlarımız, xüsusən də hakimlər komitəsi işin bu
yerə çatmasında az pay sahibi deyillər. Bu fikri əsaslandırmazdan əvvəl
Belçıkayla oyundan sonra yığmamızın baş məşqçisi Berti Foqtsun oyundakı əsas məqmlar,
o cümlədən matçın dönüş nöqtəsi olan penalti epizodu haqda da fikirlərini təqdim
edirik: "İlk qolu buraxdıqdan sonra öz oyunumuzu tapa bildik, hesabı bərabərləşdirdik,
yaxşı oynadıq. Ancaq lazımsız penalti oyunun axarını dəyişdirdi. İkinci hissədə
kombinasiyalı oynadıq. Son ötürmə alınmırdı. Öz səhvlərimizdən qol buraxdıq.”
Bəli,
demək istədiyimiz məqamlardan biri də elə bu idi, matçın axarını dəyişən "lazımsız
penalti”. Gəlin görək həmin "lazımsız penalti” necə alındı. Bir az kənara çıxıb
deməyi məsləhət bilirik ki, Azərbaycan çempionatında və ümumiyyətlə daxili
yarışlarda biz hərəmiz bir kluba
azarkeşlik edirik, bu təbiidir. Lakin millinin oyunlarında bu əlbətdə ki,
unudulur. Ölkənin bir nömrəli komandasına bütün futbolsevərlərimizin necə
birlikdə yan-yana oturaraq azarkeşlik etməsi haqqında danışmaq bizcə artıq
olar.
Həmin
"lazımsız penalti”yə elə eyni futbolçumuzun törətdiyi və epizoda görə sarı vərəqə
aldığı lazımsız cərimə zərbəsindən gələn ötürmənin səbəb olduğunun hamımız
şahidi olduq. Nəyə görə bu eyni futbolçu tərəfindən ard-arda törədilən iki
lazımsız hərəkətin baş verməsi haqda fikir yürütsək, belə qənaətə gələ bilərik.
İnsanda digər canlılardan fərqli olaraq şüurlu davranış qaydası olduğu halda,
bütün canlılarda olduğu kimi ikinci bir instinktiv davranış qaydası da
mövcuddur. Bu instinkt canlılarda irsən keçən və əlavə olaraq həyat fəaliyyəti
nəticəsində formalaşan bir reaksiya növüdür. Bir az da dərinə getsək, bunlar da
"şərti” və "şərtsiz” refleks deyilən formalarda təzahür edir. Məsələn, uzaqda
görmüş olduğumuz halda belə kimsə limon kəsirsə və ya turş alça yeyirsə, bizim
də burada ağız suyumuzun ifrazı baş verir. Yaxud da özümüzdən asılı olmayaraq əlimiz
isti, qaynar bir əşyaya toxunursa əzələlərimiz o an yığılaraq əlimizin o andaca
həmin əşyadan uzaqlaşmasına səbəb olur. Bu bizim özümüzü qorumaq üçün həyatda
qazandığımız instinkt formalarıdır. Sözümüzü davam etdirərək demək istəyirik
ki, bunun eyni futbolçu tərəfindən baş verməsi də elə dediyimiz kimi instinktiv
yolla qazanılmış bir haldır. Başlığa verdiyimiz "Azərbaycan hakimləri milli
komandamızın oyunlarına təyinat almasalar da məğlubiyyətdə pay sahibidirlər”
kimi fikir də elə buna əsaslanır. Çünki, daxili yarışlarda belə hərəkətlərə dəfələrlə
yol verərək bunun hakim tərəfindən cəzalandırılmamasını görən və sonradan bu hərəkətlərə
televiziya ekranlarından futbol rəsmilərimizin "top əli tapdı, əl topu tapdı”,
"gördüyümüz qədər təmas var idi və ya yox idi” kimi fikirlərlə müdafiə olunan bəzi
futbolçularda bu instinkt halında artıq formalaşıb. Çünki, meydanda mübarizə
aparan zaman belə futbolçu harada çıxış etdiyini unudur və öyrəşdiyi tərzdə
epizodlarda özünü göstərir. Sanki bir anlıq daxili yarışlarda olmadığını unudur
və instinktiv reaksiya nümayiş etdirir. Bunun da formalaşmasında bizim hakimlərimizin
hansısa komandaya daim "simpatiya” göstərməklə onlarda formalaşdırdığı xüsusiyyətin
payı kifayət qədərdir. Belə xüsusiyyətli futbolçu komandasının əleyhinə
lazımsız cərimə zərbəsi qazandırır, lazımsız sarı vərəqə alır və nəhayət
lazımsız əl toxunuşu ilə komandası əleyhinə lazımsız penalti qazandırır. Azacıq
oyun epizodunda rəqibin ona toxunduğuna görə və ya geyiminə rəqibin sadəcə
toxunduğu adi oyun epizoduna etiraz edərək hakimin üstünə yürüyür. Belçika
millisinə 4:1 məğlub olduğumuz son görüşdə istənilən qədər belə instinktiv
hallara rast gəldiyimizi deyə bilərik. Millidə bir çox klublarımızdan
futbolçular çıxış edir. Lakin belə hallara daim daxili yarışlarda hakim tərəfindən
"simpatiya” görən futbolçuların yol verməsi dediklərimizə əyani sübutdur.
Qaldı
ki, müxtəlif məşqçilərin olmasına baxmayaraq, millimiz yenə əvvəlkitək məğlubiyyətləri
sıralamasının bir əsas səbəbi də bununla əlaqədardır. Dünyaca tanınmış bir məşqçi
olan Berti Foqtsa gəlincə isə onun bu neçə ildə heç bir irəliləyişə nail ola
bilməməsi, daim futbolçu dəyişiklikləri ilə yadda qalaraq, əsas heyətin
formalaşmasına belə nail ola bilməməsi, ard-arda böyükhesablı məğlubiyyətləri
sıralaması bundan sonra da nikbinliyə əsas vermir. Burada ahıl, lakin acı zarafatları
ilə həqiqəti söyləyən bir kişinin sözləri yada düşür. Onun bir vaxt iş
bacarmayan birisinə dediyini eyni zamanda Berti Foqts üçün də yada salmaq olar:
"Əgər işin bundan ibarətdisə, get hamama əndamıva çək kisə.” Bəli, bu köhnə vərdişlərdən
və daimi böyükhesablı məğlubiyyətlərdən qurtarmaq üçün müəyyən təmizlənməyə həqiqətən
də ehtiyacımız var.
|