İdman
təsərrüfatımız yenə çalxalanır. Bir-birindən ağır olaylar gündəmi zəbt edib.
Başlayaq elə mərkəzi arenada qeydə alınan maç-maç, quc-qucdan. Başqa klublarla
müqayisədə hakimlərin "Neftçi”yə daha çox simpatiya göstərdiyi birmənalıdı. Hara
fırladırsan-fırlat, bu artıq təsdiqini tapan faktdı. Kələ-kötür meydanlarımızda
yaşananları vərəqləməklə bunu belə olduğunu görmək mümkündü. AZAL-ın prezidenti
Vaqif Qasımovun "niyə o səhvərdən biri "Neftçi”nin əleyhinə olmayıb?” deməsi də
reallığı əks etdirir. Yox, bununla "ağ-qaralar”ın liderliyinə və çempionluq
yolunda sərf etdiyi əməyə kölgə salmaq istəmirəm. Arif Əsədovun yetirmələri
doğrudan da sabit oyunla rəqiblərindən bir addım öndədi və bu gün zirvədə qərarlaşması
təbiidi (sabit oyun və zirvədə qərarlaşmaq elə müəllifin sadaladığı faktorlarla
əlaqədardır. Bu mötərizədəki fikir bizə məxsusdur). "Neftçi” mövsümü eniş
yaşamadan, bir nəfəsə və əmin addımlarla çempionluqla bitirməyə yaxındı. Sadəcə,
əlinə fit alanların digər klublarla müqaisədə bakılılara göstərdiyi
simpatiyanın dozası bir qədər çoxdu və bu, haqlı narazılığa səbəb olur. Mərkəzi
arenada yaşananlar isə deyilən və yazılanların həqiqət olduğunun bariz nümunəsidi.
Vallah, ağır dərddi, qardaş. Xaqani Məmmədovun ən çox güvəndiyi kadrlardan
Elçin Məəmədovla Əfqan Həmzəyev "Neftçi”nin başqanı Sadıq Sadıqovun boynuna
sarılır. Onu AZAL-ı yenmələri və çempionluq yolunda daha bir addım atmaları
münasibətilə təbrik edir. Hamının gözü qarşısında. Utanıb-çəkinmədən,
qızarıb-bozarmadan. Lənət olsun, belə ədalətə və onun təmsilçilərinə! Lənət
olsun, onların bu addımına hələ də reaksiya verməyən başbilənlərinə! Rövnəq
Abdullayev, Xaqani Məmmədov, buyurun, cavab verin? əlinə fit verib ədaləti
qorumağı tapşırdığınız lotuların davranışını izah edin bu millətə. Onların hazırlığını
artırmaq məqsədilə qərib ölkələrdə havaya sovurduğunuz milyonların nəticəsi göz
önündədir. Əminəm ki, "Tofiq Bəhramov”da yaşanan bu rüsvayçılıq mərhumun
arenada dolaşan ruhuna da əzab verdi. Ona da əminəm ki, Bəhramovun ruhu adını ədalət
təmsilçisi qoyub, klub rəsmisi ilə nümayişkaranə şəkildə sevgi hisslərini bölüşənləri
dünya durduqca qarabaqara izləyəcək. Nə qədər gec deyil, bu ləkəni təmizləyin, Rövnəq
bəy, Xaqani bəy! Yox, bunu edəcək gücdə deyilsizsə, onda bir daha hakimlərinizin
ədalətindən, şərəfindən və obyektivliyindən dən vurmayın. Insanlar daha sizin
danışdığınız nağıllara yox, gördüyünə inanır.
Müəllif: Kənan Həsənov ("Futbol+” 22 aprel 2011
)
|