Deyirlər
dünya futbolunda tanınmışlardan biri var ki, onu "Xəzər lənkəran”a gəlməyə razı
salıblar. Adı Condur, tam isə Con
Benjamin Toşakdır. Bu yaz günlərində onunla razılaşıb komandanın başına
gətiriblər. Zarafat bir yana qalsın, kişi dağ boyda "Real” Madridin, "Real”
Sosyedadın, nə bilim "Sent Etyen”in Uels millisinin, Makedoniya millisinin baş
məşqçisi işləyib. Millilərlə çempion olmasa da, işlədiyi klubların çoxunda
çempionluq da yaşayıb, əsasən kuboklar qazanıb. Hə.., ona kubokbaz Toşak da
demək olar. Yəqin bu mövsüm yalnız kuboka ümidi qalmış "Xəzər lənkəran”
seçimində bunu da nəzərə alıb.
-Hə,
dostum düz deyirsən. Bu gün onu "Hilton” otelində ictimaiyyətə də təqdim etdilər
və oradan Lənkərana yola saldılar. Deyilənə görə həm təyyarə limanında, həm də
Lənkəranın girəcəyində onu qarşılamaq üçün bir xeyli adam da çıxıb.
-Əşşi, çıxıb, çıxıb da... Vaxt
var idi, Redniki də qarşılamağa çıxırdılar, axırı nə oldu? Axırda görmədin
onları necə məcbur edib, Yunisçin qurban da kəsdirdik! Sən indikinin halından
danış. Danış görək bunun üçün nə fikirləşirik?
-Nə fikirləşəcəyik? Bir az səbrin
olsun da... Qoy bir az işləsin sonra baxarıq.
-Nəyə baxacağıqe... Görmürsən
artıq başlayıblar? Biri deyir qocadır, o biri vare... bildin də kimi deyirəm? O
da deyir ki, karyerasının eniş dövrünü yaşayır. Nə olsun, vaxtı ikən filan
yerlərdə işləyib. Bura bizim məmləkətdiye... səninçün Avropa zad deyil. Bura
bizlikdi... Nə istəsək onu da edəcəyik. Özün də bilirsən ki, dəxli yoxdu, "Xəzər”ə kim gəldi baxırıq bəyəm? Bir
ucdan başlayırıq gedir də. Torbanı deyirəm ə... fikrin məndə olsun! Birincisi, əcnəbidir adı elə
üstündədir. Birinci variant işlənəcək. Yəni əcnəbidir, bura pul üçün gəlib. Həm
qocadır, həm də eniş məsələsi. Qardaşlar artıq başlayıblare... Yatma! Əə...
səninləyəm, yatma!
-Yox, vallah yatmamışam, sadəcə
fikirləşirəm. Onun mətbuat konfransında dediklərini çək-çevir edirəm. Sən də
fikir verdin, nələr dedi?
-Hə, "zapis” də eləmişəm, narahat
olma.
-Bir "zapis”ə qulaq as. Ona
millinin oyunlarının komandalara təsiri ilə bağlı sual verildikdə bilirsən nə
dedi? Dedi ki, düzdü milliyə hamımız kömək etməliyik. Ancaq, mənim üçün, fikir
ver gör nə deyir, "Ancaq mənim üçün yağlı çörək "Xəzər Lənkəran” olduğundan,
onun nəticəsini düşünürəm”. Gördün özü, öz dili ilə deyir ki, bura pul üçün
gəlib. Gör "Xəzər”ə necə yağlı tikə kimi baxır?! Özü də sonra transferlər
haqqında danışanda da deyir ki, "dadlı yerli məhsul olandan sonra, niyə
supermarketə üz tutaq?” Daha bilmir ki, dadlı yağlı çörəyə, burda yağlı fətir
deyirlər. O, da az-az ələ düşür.
-Onun fikri yavaş-yavaş mənə
aydın olur. Diqqətlə qulaq as, o bura pul qazanmağa gəlib.
-Əə... sən də bəsdi də... Guya
yerlilər havayı işləyir? Sən də bezdirdine...
-Yox qulaq as, o komandaya yağlı
fətir kimi baxır. Buradan yaxşı pul aparandan sonra da aparıb Britaniyanın
supermarketlərində xərcləyəcək. Bir də bilirsən, onu "Beşiktaş”dan qovmaq
istəyəndə nə etdilər? Fasilə zamanları başlayan kimi bütün Türkiyə mediası,
onun İspaniya səfərindən yazırdı və hətta telekanallar da bu səfərlərlə bağlı
süjetlər göstərirdi. Yadına gəlir? Əşşi, sən belə şeylərə diqqətli deyilsən,
ona görə haradan yadına gəlsin ki? O, İspaniyada işləyərkən özünə bir ispan
sevgili tapmışdı. Hər fasilə vaxtı tez İspaniyaya gedirdi. Axır vaxtlarda bir
neçə dəfə ispan sevgilisini də Türkiyəyə gətirmişdi ki, bunu da telekanallar
dənizkənarı gəzintiləri zamanı uzaqdan çəkmişdilər. Sonra da düşdülər üstünə
ki, o daha "Beşiktaş”a fikir vermir, vaxtını ancaq İspan gözəlçəyə sərf edir.
Belə-belə onun torbasını türkcə tikdilər. Bizə nə gəlib, torba tikməkdə onlar
məgər bizə çata bilərlər? Elə Rednikə tikilən torbanın ilmələrindən biri də
belə deyildi? "Doman məsələsi”
-Əşşi Rednik cavan idi. Özün deyirsən
ki, Toşak qoca kişidir.
-Belədə də deyərəm ki, "şir nə qədər qocalsa da elə
şirdir”.
-Onsuz da, özün də bilirsən ki,
bizimki ancaq araqarışdırmaqdır. Yuxarılardan nə dedilər birtəhər aranı
qarışdırıb beş-on manatımızı almaqdır. Çörək qazanmaq ayıbdır bəyəm? Toşak
yağlı fətir yeyəcək, biz bu bayramın vaxtında, qoğal, şəkərbura, paxlava lazım
olan vaxtı, bir tikə yavan çörək də yeməməliyik?
-Döyüşmək lazımdır. Düzdür biz
heç vaxt Spartak kimi döyüşə bilmərik. Axı biz yazarıq. Ona görə də biz Spartak
ola bilmərik. Olsa-olsa özümüzə təsəlli üçün Yazpartak deyə bilərik. Bir də ki,
Spartak və tərəfdarlarının silahı var idi. Silahla döyüşdüklərindən onlara
Qladiatorlar deyirdilər. Bizimsə, silahımız qələmdir. Daha doğrusu əsl qələm,
şər-böhtan yaza bilmədiyindən, bizim əlimizdəkinə qələmcik deyirlər. Bu üzdən
də biz silahlı qladiator yox, qələmcikkatorlu Yazpartak ola bilərik. Sən də
bilirsən ki, Qladiatorlar döyüşə gedəndə öz qəhrəman marşlarını oxuyurdular.
Mən isə özümüz üçün bu marşı yazmışam. Gəl birlikdə oxuyaq və "mübarizəyə
başlayaq.”
Məqsədimiz bilinmir, biz hər şeyə qarşıyıq,
Döyüş silahımız var, işlətməkdə naşıyıq!
Ura! Ura! Qışqırın! çıxaq yenə döyüşə,
Ya, salarıq təşvişə, ya düşərik təşvişə.
Mirhafiz
Babayev
|