"Yaşıl-ağ
dünyamız” biz səni sevirik!
Ölkənin cənubunda həmişə futbol olub desək heç də yanılmarıq. Bu
haqda uzun tarixi araşdırmalar, monoqrafiyalar, ayrı-ayrı canlı şahidlər və nəhayət
bu baxımdan böyük tarixi əhəmiyyəti olan H.Cəbrayıloğlunun və S. Məmmədzadənin
həmmüəllifləri olduğu "Cənub futbolunun inkişaf tarixi” adlı kitabda əlbəttə,
mümkün qədər araşdırmalar aparılmış və böyük faktlar aşkar edilmişdir. Bütün
bunlar və hələ çox-çox aşkar edə bilmədiyimiz tarixi məqamlar, həqiqətən də
bölgəmizdə uzun zamandan bəri bu idman növünə maraq, bu marağın nəticəsi olaraq
futbolun Lənkəranda inkişafı və əhali arasında özünə rəğbət qazanması, artıq əhalinin
futbolu sevərək, "azarkeş”ə çevrilməsi prosesində böyük rol oynamış, hətta
dünyanın bir çox ölkələri ilə bu baxımdan rəqabət apara biləcəyi bir fakt kimi
qəbul olunmalıdır.
Bu tarixi məqamlarla, göstərdiyimiz və digər mənbələrdə tanış
olmaq mümkündür. Ona görə də biz son dövrlərin futbol həyatımıza bildiyimiz qədər
toxunmaq istərdik. Sovet dönəmində SSRİ 2-ci liqasında yarışan Lənkəranın "Xəzər”
komandası, o vaxtlar da iddialı komandalardan biri idi. Lənkəran şəhərinin Sütəmurdov
yaşayış ərazisində təxminən 15-minlik azarkeş tutumuna malik stadionu olan bu
futbol komandası həmişə öz iddialı çıxışı ilə seçilən bir Azərbaycan komandası
idi. O vaxtın məşhur futbol isimləri komandaya məşqçilik etmiş, Lənkəran futbol
məktəbinin nümayəndələri və SSRİ-nin müxtəlif yerlərindən bacarıqlı futbolçular
( İndiki halda legionerlər adlanır), hətta Sovet futbolunun ulduzları belə
komandamızda çıxış etmişdilər.
Bütün bunlar Lənkəran futbolunun tarixinin cüzi bir hissəsi
olmaqla yadda qalsa da, onun azarkeşlərinin və azarkeş mədəniyyətinin
formalaşmasında mühüm bir dövrü əhatə edib. Sonradan Sovet birliyinin siyasi
süqutu, bir müddət onun futbol həyatında da özünü göstərdi. 1-ölkə
çempionatında yarışan 15-ölkənin komandaları, yenidən hər bir ölkə özünün
çempionatlarını təşkil etməyə başladı. O, cümlədən bu proses Azərbaycanda da məcburi
reallığa çevrildi. Az sayda komandaların təşkil etdiyi çempionat gah keçirilir,
gah da fasilə yaranırdı. AFFA-nın təşkil olunması, onun isə bütün
strukturlarının fəaliyyətə başlaması uzun və çətin keçən bir proses olmuşdu ki,
bu ayrı bır yazının mövzusudur. Həm də bununla paralel ölkə çempionatının və
kubok yarışlarının və s. futbol turnirlərinin keçirilməsi də çox böyük çətinliklər
bahasına reallaşırdı.
Əslində
bu yazını yazmaqda əsasən bir məqsədim var idi ki, yazımın bu yerinə çatdıqda məqsədimin
demək olar həyata keçdiyi haqda xəbərlər yayıldı.
Yenə öz fikirlərimə davam edəcəyəm: - Nəhayət çətinliklə də olsa,
Azərbaycanda da futboldakı bu çətinliklər aradan qalxmağa başladı, futbol tədricən
lazım olan istiqaməti götürdü. Köhnədən olan komandalar və məcburi yaradılan gənc
komandalar çempionat keçirmə xətrinə də olsa qurulmağa başladı. Əvvəlki AFFA rəhbərliyi
bir çox əziyyətli dövr yaşamasına, çox çətinliklə Azərbaycan futbol bayrağının
Avropa futbol ölkələrinin bayraqları ilə bir cərgədə dalğalanmasına nail ola
bildi. Fuad Musayevin AFFA-ya rəhbərliyi altında, o çətin maliyyə dövründə çox
işlər görüldü, yeni əsaslarla "Şəfa” komandası və bir neçə gənc komanda
yaradıldı, "Şəfa” stadionu inşa edildi və bir çox köhnə stadionlar təmir işlərinə
başladı və s. Bu dövrdə futbolumuza vicdanla qulluq edən hər bir şəxsə, tarix
öz səhifələrində şərəfli sətirlər yazmışdır!
Azərbaycanda futbolun yeni erası isə 2004-cü ildən başladı desək
yanılmarıq. Bu ildən etibarən dövlət səviyyəsində futbola olan xüsusi münasibət
onun inkişafına təkan verdi. Ölkədə get-gedə stabilliyin oturuşması bu sahədə də
güclü inkişafı xarakterizə etməyə başladı. İmkanlı təşkilatlara, ayrı-ayrı iş
adamlarına xüsusi güzəştlərlə futbol klubları təsis etmək təklif olundu. Məhz
yeni klub anlayışı formalaşan bu dövrdə bir neçə "Xəzər Lənkəran”, "Karvan” və
s. kimi futbol klublarımız yarandı. Bununla da Azərbaycan futboluna yeni rəng,
yeni üsul-idarə, yeni rəqabət gəlmiş oldu.
Əvvəllər çempionatımızda hegemonluq edən bir-iki komanda artıq
bunun mümkün olmayacağını görüb, yenilərlə, yeni dövrlə ayaqlaşmağın vacib
olduğunu dərk etdilər.
Bəli, "Xəzər Lənkəran” belə bir dövrdə, mən deyərdim ki, Lənkəran
futbolunun əsasları üzərində bərpa olundu. Bunu bir yandan "Palmali” şirkətlər
qrupunun sahibi Mübariz Mənsimov öz şəxsi kapitalı və əlaqələri hesabına həyata
keçirməyə başladısa, digər tərəfdən
saysız hesabsız futbolla nəfəs alan insanlar-indiki "Xəzər Lənkəran” azarkeşləri
qollarını çırmayıb bu işdə ona hər cür kömək göstərməyə hazır olduqlarını sübut
etməyə başladılar. Bəli, "Xəzər Lənkəran” halal kapitalın və böyük sevginin
birliyi kimi bərpa olunmağa başladı. Dediyim fikirlər, "Xəzər Lənkəran”haqqında çəkilmiş qısametrajlı filmdə də öz əksini tapmışdır.
Bu filmdə Mübariz Mənsimovun bir
çox fikirləri "Xəzər Lənkəran”sevərlərə nə qədər xoşbəxt anlar yaşatmış, ümidlər
vəd etmişdi (bunun belə olduğuna artıq indi də demək olar heç kim şübhə etmir).
Onun səsləndirdiyi fikirlər belə idi: " Mən bir işə başlamaram, amma başlasam,
ondan istədiyimi qoparmayıca əl götürmərəm” və ya ""Xəzər Lənkəran” elə bir əsaslarla
qurulmuş bir klubdur ki, bütün klublar qapansa da "Xəzər Lənkəran” qapanmaz”. Bu sözlər, arada müəyyən fasilə yaşamış Lənkəran azarkeşinin
futbol yarasına bir məlhəm deyildimi? Deməli, bu sözlərdən çıxan nəticə kimi, Lənkəran
azarkeşinin, istəyinə və mənliyinə uyğun, rəqabətə davamlı, həmişəyaşar və
müasir dünya futboluna uyğun bir klubu olacaqdı. Onlar bu klubla fəxr edəcək,
onunla nəfəs alacaq vədaim onun yanında olacaqdılar. Bütün bunları fikirləşdikcə,
mənəviyyatın bəxş etdiyi sevinc göz yaşları yanaqdan süzüldükcə, bu yolda hər
cür əziyyət cəkməyə hazır olan bədənin tər damlalarına qarışaraq yarandı – "Xəzər
Lənkəran”!
Qollar çırmandı, ilk işinə böyük iddialarla başladı - "Xəzər Lənkəran”!
Avropa standartlarına uyğun olan işlər görüldü. Böyük və müasir stadion, baza,
uşaq futboluna aid yenidənqurma işləri, tibbi-sağlamlıq reabilitasiya mərkəzi,
müasir beynəlxalq hava limanı və s. müasir futbola minimum nə lazımsa
hamısı Lənkəran şəhərində tikildi, təşkil olundu "Xəzər Lənkəran” üçün, onu
canı qədər sevən azarkeşləri üçün.
Bu günə qədər ölkəmizdə gümüş medal qazandıq, çempion olduq, iki
dəfə ölkə kubokunu qazandıq, biri "qızıl dubl” olmaqla, "Birlik Kuboku”nu
qazandıq, həyəcanlı anlar yaşadıq, sevincdən gözlərimiz doldu, daha nələr. Kədərli
günlərimiz də oldu, hər bir klubda olduğu kimi. Amma həmişə doğma klubumuzun
yanında olduq, onu sevdik, problemlərin aradan qaldırılmasına biz də çalışdıq,
necə əsl bir dost kimi. "Xəzər Lənkəran” və azarkeşləri neçə dəfə əsl dostluğun
nümunəsini göstərdi zaman-zaman.
2009/2010 mövsümünün həm çempionluq və həm də kubokunun son anda əldən
verilməsi, eyni zamanda Avropa liqasının uğursuzluğu, çox söz söhbətlərə yol
açdı. Ətraf ünsürlər klubumuza uyğun olmayan söhbətlərə rəvac verdi. "Xəzər Lənkəran”
böhran keçirir və s. kimi fikirlər ortaya atdı. "Xəzər Lənkəran” azarkeşini
ruhdan salmaq istədi. Çempionatdakı rəqiblərimizin əvvəlki dövrlərdən fərqli
olaraq, xeyli gücləndiyi bir vaxtda isə "Xəzər Lənkəran” zəifləyir, "Xəzər Lənkəran”
maliyyə böhranı keçirir və ş. kimi fikirlər onsuz da qəlbən bağlı olduğu
azarkeşini heç zaman klubundan soyuda bilməz! Baş məşqçi istefası, yerinə təyinatın
yubanması belə fikirlərə rəvac verdi.
Bu yazını yazmaqda məqsədim klub rəhbərliyinə bir müraciətin
forması idi. Ətraf gücləndiyi vaxt, əgər imkan var isə biz niyə güclənməyək?
Yox əgər imkan yox isə, biz "Xəzər Lənkəran”ın bu heyətlə də var olmasını,
yaşamasını istərdik. Təki, "Xəzər Lənkəran” yaşasın, təki bizim qururumuz
yaşasın!
Mənim bu müraciətim yazılıb qurtarmamış, bayaq dediyim kimi artıq
klub rəhbərliyi lazımi məşqçi seçimini edərək, "Xəzər Lənkəran”ın sükanını
taleyin ixtiyarına butaxmaq fikrində olmadığını sübut etdi. Burada, çox əvvəllər
deyilmiş və bayaq xatırlatdığım cənab fəxri prezidentin dediyi sözlərinin
üstündə durduğu bir daha sübuta yetdi.
Bəli istedadlı, həm futbolçu kimi və həm də məşqçi kimi Avropada
uğurları olan Mircea Rednic (Mirça Rednik) kimi bir məşqçinin "Xəzər Lənkəran”a
gəlməsi əlbəttə bizi sevindirir. Onun özünün bələd olduğu futbolçuları
komandamıza cəlb etməklə daha güclü bir "Xəzər Lənkəran” quracağı və biz
azarkeşləri sevindirəcəyini, növbəti mövsümdə heç kimdən geri qalmamaqla
meydanları birlikdə bayrama çevirəcəyimiz günləri səbirsizliklə gözləyirik!
Uğurlar sənə -"Xəzər Lənkəran”!,
Uğurlar sənə - Mircea Rednic!, Uğurlar sənə - "Xəzər Lənkəran”
azarkeşi!
Çünki, "Yaşıl-ağ dünyamız” biz səni sevirik!
Müəllif: Mirhafiz M. Babayev
15-16 iyul 2010.
|