09
mart 2013 cü il Con Benjamin Toşakın "Xəzər Lənkəran”a gətirilməsi ilə əlaqədar
Sportal.az saytı fanklub rəhbərləri və bir sıra azarkeşlərlə müsahibə təşkil
edərək bu məsələyə onların münasibətini öyrənməyə çalışıb.
Sportal.az ""Xəzər Lənkəran" azarkeşləri Toşakın
gəlişi haqqında nə dedi? " başlığı altında təqdim
olunan fanklub rəhbərləri və azarkeşlər arasında mənim də adımdan münasibət
dərc olunub. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, mənim adımdan bu
saytda təqdim olunmuş münasibətin mənimlə qətiyyən əlaqəsi yoxdur və mən belə bir
müsahibə verməmişəm. Adıçəkilən saytla əlaqə saxlayıb bunun düzəldilməsini
xahiş etmişəm. Həmçinin "Bosman” fanklubunun rəsmi saytından və oxucu kütləsi
geniş olan "12cioyuncu.info” saytından xahiş edirəm ki, bu məsələyə aydınlıq
gəlməsi üçün mənim müraciətimi dərc etsinlər. Aşağıda mənim adımdan Sportal.az
saytında gedən həmin yanlış açıqlamanı isə ictimaiyyətin diqqətinə çatdırıram.
Mirhafiz
Babayev "Bosman” fanklubunun rəhbəri 09.03.2013
Con Toşakın "Xəzər Lənkəran"a baş məşqçi
təyin edilməsi hamı üçün sürpriz oldu. Lənkəranlı azarkeşlər də bu təyinatdan
razı qalıblar. Sportal.az olaraq azarkeşlər arasında sorğu keçirdik
və münasibətlərini öyrəndik.
Mirhafiz Babayev ("Bosman”
fan-klubu): "Çox yaxşı qarşladım. Toşakın gəlişi
bizi sevindirir. O uğur qazana bilər. Amma komandada bir sıra islahatlar getməlidir. Əslində
komandamız uçurumda deyil. Sadəcə futbolçular psixoloji cəhətdən problem
yaşayırlar. Bakes də pis məşqçi deyildi. Amma onlara şərait yaradılmadı işləmək
üçün. "Xəzər Lənkəran”da oynayan futbolçular kifayət qədər səviyyəli
futbolçulardır. Bu həmin futbolçulardır ki, "Neftçi”ni, "Qarabağ”ı məğlub etmişdilər.
Komandada sağlam psixoloji mühit yoxdur. Mən inanıram ki, biz gələn il "qızıl
dubl” edəcəyik. Buna hamı çalışsa, alınacaq. Sadəcə komandanın ikinci
"altılığ”a düşməsi azarkeşləri komandadan küsdürüb. Komanda bu uğursuzluğu
unutdurmaq üçün əlindən gələni edəcək ki, kuboku alsın. Toşaka inanırıq, o
kifayət qədər güclü məşqçidir.