 Əvvəlcədən
xəbər verdiyimiz kimi "Xəzər Lənkəran” yaranmış fasilədən istifadə edərək
Antalyaya toplanışa yollanıb. Komandamız özü ilə bərabər "Futbol+” qəzetinin
bölgə müxbiri Hüseyn Cəbrayıloğlunu da Antalyaya, bu səfəri daha yaxından
işıqlandırmaq üçün apardığını da deyək. İndi gəlin, Antalyadan Hüseyn Cəbrayıloğlunun
"Futbol+” qəzeti üçün hazırladığı materialla tanış olaq.
Antalya
toplanışının üçüncü günündə komandasının günortadan sonra matça çıxacağını nəzərə
alan Mirça Rednik səhər məşqində yüngül təmrinlərlə kifayətlənərək,
futbolçuları elə də çox yükləmədi. Yüngül təmrinlərdən sonra cənublular demək
olar ki, yalnız standart vəziyyətlər üzərində çalışırdı. Məşq bitəndən sonra
inzibati heyət üzvləri də kiçik meydanda futbol oynadı və bütün heyət günorta
yeməyini yeyib istirahətə çəkildi. Türkiyə vaxtı ilə saat 16:00-da "Xəzər Lənkəran”
qaldığımız oteldən təxminən 5
km uzaqda yerləşən və "Kremlin Palace” kimi tanınan məşhur
otelin arxa meydançasında planlaşdırılan ilk yoxlama matçına çıxdı. Əvvəl xəbər
verdiyimiz kimi, təşkilatçılar rəqib qismində qrdaş ölkənin həvəskar
komandalarından "Muradpaşa Bələdiyyəsi”ni seçmişdi. Rednik start heyətində bu
futbolçulara güvəndi: Denis Romanovs, Adrian İordaşe, Radomir Todorov, Alim
Qurbanov (K), Xaqani Məmmədov, Stelian Stanku, Kristian Kabral, Allan Lalin,
Konstantin Arbanas və baxışda olan iki portuqaliyalı futbolçu. Artıq 1-ci dəqiqədə
rəqibin uzaqlaşdırmaq istədiyi topu ələ keçirən, dayaq yarımmüdafiəçisi
mövqeyində sınanan Simone təxminən 35-metrdən uzaq "doqquzluğ”a göndərdi. İlk
yarının sonuna qədər Lalin iki, Kabral və Xaqani Məmmədov isə hərəyə bir dəfə fərqlənməklə
hesabı 5:0-a çatdırdı. Fasilədən sonra heyəti demək olar ki, tam dəyişən Rednik
yalnız baxışda olan iki futbolçunu saxlamaq şərti ilə Ruslan Poladov, Ramazan
Abbasov, Dieqo Ruis, Asif Məmmədov, Katalin Doman, Emeka Opara və əvəzedici heyətdən
cəlb olunan sadıq Ramazanov, Emin Əliyev və Ruslan Həsənovu da meydana buraxdı.
Matçın bu bölümündə Opara və Doman dubl etməklə darmadağına səbəbkar oldu-8:0.
Oyunu burda ayrıca oteldə qalan Stanku, Arbanas və Romanovsun ailələri də kənardan
bəzi turistlərlə birgə izləyirdi.
Baxışda
olan legionerlərə gəlincə, hər iki futbolçu təcrübəli olduqlarını məşqlərdən
sonra meydanda da sübut etməyi bacardılar. Xüsusən mərkəz müdafiəçisi mövqeyində
oynadılan qaradərili futbolçunu oyun üslubuna görə eynən Elnur Allahverdiyevə bənzətmək
olar. Elə qol vurmağı bacaran Simone də meydanı görmək, sakit oyun tərzi və
uzaq, amma dəqiq ötürmələri ilə yəqin ki, rumın çalışdırıcının etimadını qazana
biləcək.
Bu
gün səhər bərpa məşqindən sonra komandaya istirahət verilməsi planlaşdırılır. Srağagün
isə "Xəzər Lənkəran”ın qaldığı otelə Rumıniyanın "Kluj” yox, "Paduri” klubu təşrif
buyurdusa, dünən də "Şaxtyor” gəldi. Güman olunur ki, cənublular Donetsk klubu
ilə də oynayacaq. Sonda bir məqamı da vurğulayım ki, "bələdiyyəçilər”lə oyunu
yerli hakimlər briqadası idarə edirdi.
Hüseyn Cəbrayıloğlu, Antalya.
|