
"Xəzər Lənkəran”
Futbol Klubunun veteranları və fan-klublarının ölkə ictimaiyyətinə Müraciəti.
Əziz həmvətənlər,
hörmətli futbol ictimaiyyəti! 28 May 2013-cü ildə Respublika stadionunda
Azərbaycan kubokunun finalında baş verənlərlə bağlı fikirlərimizi sizinlə
bölüşmək istərdik. Cari mövsümün ölkə kubokunun qalibinin müəyyən olunması üçün
keçirilən oyunda həm fan-klublarımız həm də biz veteranlar iştirak etdik.
"Xəzər Lənkəran”ı təmsil edən azarkeşlər stadionda mütləq əksəriyyəti təşkil
edirdi və biz oyun boyu yalnız komandamıza azarkeşlik edib arenada hər hansı
xoşagəlməz hadisənin yaşanmaması üçün əlimizdən gələni etdik. Təsadüfi deyil
ki, azarkeşlərimizin tribunalarda açdığı banner və səsləndirdiyi fikirlərdə
təhqir adına heç bir ifadə yox idi. Yalnız qarşı tərəfin ilk dəqiqələrdən
ünvanımıza səsləndirdiyi müəyyən atmacalara azarkeşlərimiz cavab vermək
məcburiyyətində qaldı. Bununla belə təəssüflər olsun ki, matç sonrası hamımızın
gözü qabağında azarkeşlik etdiyimiz klubun futbolçuları "Neftçi” klubunun
rəsmiləri və futbolçuları tərəfindən amansızlıqla döyüldü. Biz belə bir
mənzərinin yaşanmasından hədsiz dərəcədə məyusuq və hiddətlənmişik. Amma ümid
edirik ki, hüquq mühafizə orqanları günahkarlara lazım olan layiqli cəzanı
verəcəklər. Lakin oyunun təşkilatçısı kimi PFL-in yarıtmaz işi də göz
qabağındadır. Bu qədər mühafizəçinin meydanda sərbəst dolaşmasına təşkilatçı
qurum niyə imkan yaratmışdı və buna qədər digər oyunlarda da belə hallara göz yummuşdu?
Biz futbolda şiddətin, dava-dalaşın bütünlüklə əleyhinəyik. Belə hallar
Azərbaycan futbolunun adına xoş heç nə gətirmir. Yaxşı olardı ki, nəinki
Lənkəranda, Zaqatalada, Qəbələdə və elə paytaxtın özündə bəzi klublarla
oyunlarda "Neftçi”nin yerli komandaların azarkeşləri tərəfindən hiddətlə
qarşılanması "Neftçi” rəhbərliyini yaxşıca düşündürsün. Bunun səbəbləri
araşdırılsın. Bütün ictimaiyyət gözəl bilir ki, bunun səbəbi harada gizlənir.
Bu mənada bazar ertəsi "Xəzər” TV kanalının efirində PFL prezidenti Ramin
Musayevin dilindən biz daha fərqli şeylər eşitmək istərdik. Təəssüf ki, Musayev
yenə günahı başqa yerdə axtardı. Söz yox ki, biz də son insidentin daha geniş
müzakirələrə yol açmamasının, sakitliyin bərpa olunmasının tərəfdarıyıq. Amma
bunun üçün mütləq günahkarlar ciddi cəzalanmalıdır. Amansızlıq edən
mühafizəçilərə və operatora oyun cəzası vermək hansı məntiqə sığır Ramin bəy?
Siz hər dəfə hansı isə futbolçu döyülən zaman efirə çıxıb "bu məsələni unudaq”
deyirsiniz. Eyni çıxışı eyni kanalın efirində Elvin Əliyev, İbrahim Karqbo
döyüləndə də deyirdiniz.
Amma özünüz də
görürsünüz ki, unutdurmağa çalışdığınız, ört-basdır etdiyiniz insidentlər daha
böyük müstəviyə çıxır. Çünki, ortada layiqli cəza yoxdur. Bu dəfə ən azı
həmişə etdiyiniz hərəkətinizdən qaçın. Daha böyük insidentlərin qarşısını almaq
naminə mütləq lazımi cəzalar verilməli, günahı birinci rəhbərlik etdiyiniz
qurumda görüb kənarda səhv axtarmamalısınız. Ümid edirik ki, ən azı bu
biabırçılıq sizə dərs olacaq!
Bir daha bütün
"Xəzər Lənkəran” azarkeşlərinə olay zamanı göstərdiyi soyuqqanlılıq və mədəni
davranışlarına görə minnətdarlıq edir, ölkəmizin futbol ictimaiyyətini isə ölkə
futbolunda quldurluq və qoçuluq hallarının növbəti dəfə yaşanmaması üçün lazımi
addımlar atmağa səsləyirik.
"Xəzər Lənkəran”
klubunun veteranları adından: Məcid Şirinov
"Xəzər Lənkəran” rəsmi
fan klubunun rəhbəri: Samir Qasımov
"Bosman” fan-klubunun rəhbəri: Mirhafiz Babayev
"12-ci oyunçu” Azarkeş Qrupunun rəhbəri: İslam Cabbarlı
"Сaspian Ultras” fan
klubunun rəhbəri: Ramal Novruzov
|